Oxucuların diqqətinə çatdıraq ki, Sumqayıt şəhər 9 saylı tam orta məktəbin direktor əvəzi Həqiqət Abdullayeva ilə onun müavini Təranə Nəsirova, müəllimələr Yeganə Hüseynova və Aytəkin Paşayeva arasında baş vermiş qarşıdurma həftələrdir ki, səngimək bilmir. Mətbuatın dərc etdiyi məlumatlara istinad etsək görərik ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən ciddi-cəhdlə müdafiə edilən direktor əvəzi hələ rəsmi təyinat almamış təhsil müəssisəsini qanunların tələbinə uyğun deyil, məhz hikkəsi ilə idarə etməkdə israrlıdır. Məsələnin ən qəribə tərəfi isə təhsil müəssisəsinin idarəçilik prinsipinə nəzarət etməli olan qurumların bu məsələyə “dur” demə iradələrinin olmamasıdır. Öncə başlıqldakı üçbucağın tərəflərinə ayrı-ayrılıqda nəzər salaq.
Zakir Fərəcov. Bu şəxsin Sumqayıt şəhər İcra Hakimiyyətinə başçı təyinatının elə ilk aylarındaca yerlərdən etiraz səsləri gəlməyə başladı. Zakir Fərəcovla bağlı siyasi hakimiyyətin ali iradəsnin – cənab Prezidentin bilməli olduğu ən son hadisə isə onun öz yaxın qohumları vasitəsilə sağlamlığını Qarabağ uğrunda döyüşlərdə fəda etmiş bir qrup əlilə qarşı tutduğu mövqeyidir. Belə ki, Rizvan və Vasif adlı Qarabağ müharibəsi əlillərinə məxsus avtobus xətləri artıq üçüncü dəfədir ki, onların əllərindən alnır. Mənbənin Conflict.az-a verdiyi məlumatda bildirilir ki, əvvəlcə 2 nömrəli avtobusların marşrut xətti əlillərə məxsus olsa da, sonradan həmin xətt onlardan geri alınmışdı. Qarabağ müharibəsi əlillərinin etirazlarından sonra 12 nömrəli marşrut xətti onlara verilmişdi. Onu da qeyd edək ki, mənbənin iddiasına görə müharibə əlilləri onlara məxsus xəttləri işlək vəziyyətə gətirəndən sonra şəhər rəhbərliyi həmin xətləri onlardan alır. Daha sonra 33 nömrəli marşrut xəttini müharibə iştirakçılarına verən rəhbərlik bu günlərdə həmin xətti də onlara çox görüb. Oxucuların diqqətinə çatdıraq ki, həmin xətt üzrə işləyən marşrutlardan 20 əlil ailəsinin gündəlik dolanışıqları çıxırdı. Əgər ölkə Prezidenti bu statusda olan şəxslərin rifah halının yaxşılaşdırılmasına çalışırsa, görəsən cənab Fərəcov nədən bu addımı atır? Yoxsa..? Məlumatı verən mənbə əlavə olaraq bildirdi ki, şəhər nəqliyyatına ümumi rəhbərliyi Xanı edir. Onu da xatırladaq ki, Xanı balıq deyil, Zakir Fərəcovun qaynıdır. Mənbə onu da qeyd etdi ki, Xanı Rüstəmovdan icazəsiz kimsə bu məsələdə hər hansı addımı ata bilməz. Dəfələrlə Zakir Fərəcova görüş üçün müraciət edən əlilləri İHB qəbul etməyib. Çarəsizlikdən PA-ya müraciət edilib. Mənbənin verdiyi məlumata görə yalnız PA-nın müdaxiləsindən sonra Zakir Fərəcov canlarını belə vətənə fəda edən əlilləri qəbul etməyə razılıq verib. Görəsən torpaq, vətən fədailərini qəbul etmək istəməyən, lakin xidməti otağında qəbul etdiyi başqa birisinə lirik notlu şer söyləməyə hörmətli cənabı hansı istək vadar edib?
Bu gün Sumqayıt şəhərində fəaliyyət göstərən 54 orta məktəbdən 30-a yaxınında direktor yoxdur. Şəhər Təhsil şöbəsinin xüsusi əmri ilə həmin təhsil müəsisələrində direktorları əvəz edən şəxslər təyin olunub. Görəsən ölkənin üçüncü şəhərinin təhsil müəssisələrinin 50%-dən çoxunda nədən direktorlar yoxdur? Lütfən bunu Təhsil nazirlyinin təşkil etdiyi direktorların qəbulu müsabiqəsi ilə əlaqələndirməyin. Bu yoxluğun tarixinə nəzər yetirmək daha məqsədəuyğundur. Bundan başqa deyilənə görə direktorları olmayan məktəblərə Sumqayıt şəhər İHB-nin I müavini Teymur Səmədov nəzarət edir. Və o da qeyd edilir ki, cənab Səmədovun “xeyir-duasını” almayan bir kimsə, kimi isə əvəz edə bilməz. Bəs elə isə… Bəli elə isə yadımıza “Böyük Dayaq” filimindəki bir sujet düşdü. Kolxoz sədrinin başına əlindəki ağacı çırpan ferma müdirinə, baş mühasibin verdiyi sualı xatırladıq: Sən neylədin ay lal Hüseyn? Bəli hörmətli Zakir Fərəcov və Teymur Səmədov: Siz nə edirsiniz, hara baxırsınız? Axı həftələrdir ki, 9 saylı məktəbdə kollektivdaxili qarşıdurma var. Nədən müdaxilə etmirsiniz? Nə üçün haqsız tərəfə dur demirsiniz? Əksinə haqsız təklif və tələblərə qarşı duran tərəflərə təzyiq mexanizmi işə salınır. Əgər belə olmasa idi hər 3 müəllimənin şikayətləri prokurorluqdan min bir bəhanə ilə nə üçün geri götüzdürülürdü?
Mənbənin verdyi məlumata görə Sumqayıt şəhər 9 saylı məktəbin direktor əvəzi Həqiqət Abdullayeva ona havadarlıq edən şəxslərin vasitəsilə müavini Təranə Nəsirovanı illərdir ki, çalışdığı məktəbdən kənarlaşdırmağı planlayır. Məlumatda o da bildirilir ki, bu işdə ona Təhsil şöbəsinin müdir əvəzi Ramin müəllimdə yardım edir. Hətta o da iddia edilir ki, Həqiqət Abdullayeva ilə bağlı müvafiq qərar qəbul etməmək üçün Sumqayıt ŞİH vasitəsilə Təhsil nazirliyinə təzyiq də olunur. Və bu məqamda insan İbrahim Tatlısəs kimi: Allah, Allah bu nasıl… – demək istəyir.
Ötən həftə sonu direktorların müsabiqəsinə qatılan xanım Abdullayevanın müsabiqədəki sorğu-sualının da maraqlı faktlarla zəngin olduğunu deyən mənbə, əlavə olaraq qeyd etdi ki, iştirakçılara Təhsil haqqında Azərbaycan Respublikası qanunundan suallar verildiyi halda, Həqiqət Abdullayevaya onun haqqında KİV-də dərc edilən məlumatlarla bağlı suallar verilib. Maraqlıdır, görəsən xanım Abdullayevaya sual verənlərin əlləri isinib və ya titrəməyib ki? Axı bizdə olan məlumata görə direktor əvəzi ilə söhbət o qədər də asan olmur. Həmsöhbət o anda qeyri-ixtiyari şer deyir, əlləri əsir və s.
Əslində 9 saylı məktəbdə baş verənlərdən sorumlu yalnız Sumqayıt şəhər rəhbərliyi deyil, o cümlədən də Azərbaycan Respublikasının Təhsil naziri cənab Ceyhun Bayramovdur. Görəsən cənab Bayramova məktəbin 33 nəfər şagirdinin davamlı olaraq dərsə gəlməməsi ilə bağlı məlumat veriblərmi? Və ya sinif jurnalında öz əksini tapmış qayıblar hansı formada “düzəlir”? Axı həmin jurnallar məhz aktlaşdırılaraq təhsil müəssisələrinə verilir. Həmin sənədləri cırmaq, dəyişdirmək də məhz aktla olmalıdır. Və ya nazirlik Kənan Quliyevin fəaliyyəti ilə bağlı hər hansı araşdırma aparıbmı? Nədən 9 saylı Sumqayıt şəhər tam orta məktəbi “Kaspi” Təhsil Mərkəzində hazırlıq keçən “ölü canların dəfn olunduğu məkan” funksiyasını həyata keçirməlidir? Nə üçün 1 saylı Maliyyə Hesablama Mərkəzinin apardığı yoxlamanın nəticələri mətbuata açıqlanmır?
Bəs Sumqayıt şəhər hüquq-mühafizə orqanları hara baxır? Bəyəm mətbuatın yazdığı onlar üçün keçərli deyilmi? Görəsən ötən həftə iki baş redaktorun Həqiqət Abdullayevanın “media təmsilçisi” tərəfindən hədələndiyi faktını oxumadılarmı? Bir daha xatırladaq. Həqiqət Abdullayevanın tapşırıqlarını icra edən şəxs ölkənin iki media qurumunun baş redaktorunu apardıqları araşdırmanı dayandırmayacaqları təqdirdə hədələyib. Bu fakt bəs etmirmi hörmətli Sumqayıt şəhər prokuroru? Ölkə Prezidenti cənab İlham Əliyevin: jurnalistlər mənim köməkçilərimdir, mən onlardan da məlumat alıram və dərhal baş vermiş neqativ halların aradan qaldırılması üçün tapşırıq verirəm.” – sözlərini eşitməmisinizmi?

Mövzuya qayıdacağıq.
Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.

Conflict.az