????????????????????????????????????

29 yanvar 2020-ci il tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda Saloniki şəhərində (Yunanıstan) yerləşən Aristotel Universitetinin Fəlsəfə fakültəsinin Tarix və Arxeologiya kafedrasının müasir və ən yeni tarix üzrə professoru, doktor Yakovos Mixailidisin iştirakı ilə Yunanıstanda nəşr edilmiş “Təsisatların yaranması və xarici təsir altında tədqiqatlar (Avropa və Qara dəniz regionu XIX əsrin əvvəli – XX əsrin əvvəli)” adlı məqalə toplusunun təqdimatı keçirilmişdir.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərviz Qasımovun saytımıza verdiyi xəbərə görə, giriş sözü ilə çıxış edən t.ü.f.d. Zaur Həsənov tədbir iştirakçılarına yunanıstanlı alim barəsində məlumat verdi. O, xatırlatdı ki, 2018-ci il aprel ayının 21-də Beynəlxalq Ellin Universitetində keçirilmiş Avropa Komissiyasının Horizon 2020 Maria Skladovska Küri Proqramı tərəfindən maliyyələşdirilən “Biliyin mübadiləsi və akademik mədəniyyətlər humanitar elmlərdə, Avropa və Qara dəniz bölgəsi” layihəsinin “Təsisatların yaranması və xarici təsir altında tədqiqatlar (Avropa və Qara dəniz regionu XIX əsrin əvvəli – XX əsrin əvvəli)” adlı 2-ci beynəxalq konfransının materialları bu topluda öz əksini tapmışdır.

Qeyd edək ki, həmin konfransda adı çəkilən Horizon 2020 layihəsinin Azərbaycan üzrə Milli Koordinatoru, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, t.ü.f.d. Zaur Həsənovun moderatorluğu ilə Azərbaycana həsr olunmuş “Azərbaycan və Qərbi Avropa arasında maarifləndirmə fikirlərinin mübadiləsi” mövzusunda xüsusi panel təşkil olunmuşdu və paneldə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu əməkdaşları — tarix üzrə elmlər doktoru İradə Bağırova, t.ü.f.d. Nərgiz Faiq qızı Axundova və t.ü.f.d. Şamil Rəhmanzadə elmi məruzələrlə çıxış etmişlər.

Zaur Həsənov bildirdi ki, qeyd edilmiş konfransda azərbaycanlı alimlərin ingilis dilində məqalələri təqdimatı keçirilən elmi materialların toplusunda öz əksini tapmışdır. Həmçinin, o, qeyd etdi ki, Yunanıstanın və ümumilikdə Avropa Birliyinin mötəbər elm ocağlarından biri olan Beynəlxalq Ellin Universiteti və AMEA arasında son dövrlərdə humanitar və ictimai elmlər üzrə elmi əməkdaşlıq inkişaf etməkdədir. Z.Həsənov həmçinin, konfrans materiallarının redaktə və nəşri işində doktor Y.Mixailidisin əməyini qeyd etdi və məqalə toplusunun ərsəyə gətirdiyi üçün yunanıstanlı alimi təbrik etdi.

Doktor Y.Mixailidis çıxışında təqdimatda iştirak etmiş AMEA əməkdaşlarına öz təşəkkürünü bildirdi. Daha sonra yunanıstanlı alim qeyd etdi ki, 2018-ci ildə Beynəlxalq Ellin Universitetində keçirilmiş 2-ci beynəlxalq konfransda iştirak etmiş azərbaycanlı alimlərin elmi məruzələri böyük marağa səbəb olmaqla yanaşı, Avropa Birliyini təmsil edən digər konfrans iştirakçılarında Azərbaycanda humanitar və ictimai elmlərin yüksək səviyyəsi barədə təəssürat yaratdı. Doktor Y.Mixailidis, həmçinin, məqalə toplusunun ərsəyə gəlməsində Beynəlxalq Ellin Universitetindəki həmkarı, PhD Giorqos Antoniunun əməyini qeyd etdi. Yunanıstanlı alim, xüsusi olaraq vurğuladı ki, konfrans materiallarının nəşri prosesində azərbaycanlı alimlərin məruzələrini əks etdirən elmi məqalələr rəyçilər tərəfindən yüksək qiymətləndirilmişdir. Yunanıstanlı alim Avropa Komissiyasının Horizon 2020 Maria Skladovska Küri Proqramı çərçivəsində gerçəkləşdirilən layihələrin Azərbaycan və Avropa Birliyi ölkələri arasında elmi mübadilə və qarşılıqlı əməkdaşlıq üçün böyük zəmin yaratdığını bildirdi.

Təqdimatı keçirilən topluda məqalələri dərc edilmiş azərbaycanlı alimlərdən  t.ü.f.d. Şamil Rəhmanzadə çıxışında 2018-ci ildə Beynəlxalq Ellin Universitetində keçirilmiş 2-ci beynəlxalq konfransdakı elmi məruzəsi barədə qısa məlumat verdi. Ş.Rəhmanzadə bildirdi ki, XIX əsrin əvvəllərindən etibarən Şimali Azərbaycanda ictimai şüurun transformasiyası başlayırdı, ənənəvi düşüncə tərzindən Avropa təhsil sisteminin təsiri altında yeni ictimai düşüncə sisteminə keçid formalaşırdı və həmin proseslər barədə müasir dövrdə ən yeni tarixlə məşğul olan Avropa tarixçiləri çox səthi məlumatlıdırlar. Məqalə toplusunda öz əksini tapmış azərbaycanlı alimlərin əsərləri XIX əsrin əvvəllərindən etibarən Şimali Azərbaycanda gedən ictimai şüurun transformasiyası ilə bağlı proseslər, Qara dəniz hövzəsi, Balkan ölkələrindəki proseslərlə oxşar və fərqli cəhətləri barədə ilk dəfə Qərb elmi dairələrində geniş təsəvvür yaratmağa əsas olmuşdur.

Daha sonra doktor Y.Mixailidis tədbir iştirakçılarının suallarını cavablandırdı.

????????????????????????????????????