Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatı Gənclər Birliyi 9 Noyabr Dövlət Bayraq Günü ilə bağlı ”Hərəyə bir bayraq” adlı yürüş təşkil edib.

Təşkilatdan “Report”a verilən məlumata görə, 100-dən artıq fəal gəncin iştirak etdiyi yürüş YAP Gəncə şəhər təşkilatı Qərargahının qarşısından start götürüb. Gənclər milli atributumuzun təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanması məqsədi ilə əllərində üçrəngli bayraqlar şəhərin mərkəzi küçəsi ilə Gəncə Dövlət Filarmoniyasına tərəf irəliləyiblər.

Cavad xan küçəsində yürüşə davam edən gənclər şəhər sakinlərinə yaxınlaşaraq bayraqlar verib, balacaların üzlərinə boyalarla Azərbaycan bayrağını və ay-ulduz şəkillərini çəkiblər. Yürüş boyu sayı artan gənclər böyük əhval-ruhiyyə ilə həmyaşıdlarını yürüşə qoşulmağa, həmrəy olmağa çağırıblar. Yürüş şəhərin Bayraq Meydanında başa çatıb.