Pandemiya səbəbindən 2020-ci ilin əvvəlindən dünya bazarlarında neftin qiymətində azalma müşahidə olunsa da, ilin sonuna yaxın əksər ölkələrdə məhdudiyyətlərin nisbətən yumşaldılması enerji qiymətlərində artıma gətirib çıxardı. Bu isə öz növbəsində benzinin, dizel yanacağının və digər neft məhsullarının qiymətlərinə də təsir etdi.

Beynəlxalq Enerji Agentliyinin məlumatına nəzər salsaq görərik ki, 2019-cu ildə dünyada benzinin orta qiyməti bir litrə görə 0,91 dollar olduğu halda, 2020-ci il dekabrın sonunda artıq 1,04 dollar, yəni 1,77 manat təşkil edib.

Qardaş Türkiyə dövlətində benzinin qiyməti 2020-ci ilin mart ayında bir litrə görə 5,5 lirəyə düşdüyü halda,indi 7,2 lirə,yəni 1,66 manat civarındadır. Bu isə 32% artım deməkdir.
Ukraynada ötən ilin noyabr-dekabr aylarında yanacağın qiyməti 4% bahalaşıb.

Rusiyada isə yeni il qabağı Aİ-95 markalı benzinin qiyməti 7% artıb.
Ötən ilin sonlarından etibarən bu tendensiya artıq Avropada da özünü göstərməyə başladı. Belə ki, noyabr-dekabr aylarında Avropada dizel yanacağının qiymətində 29% artım qeydə alınıb.

İndi isə gəlin ölkəmizə nəzər salaq. Hamıya məlumdur ki, 2021-ci il yanvarın 4-də Tarif (qiymət) Şurasının növbəti iclası keçirildi.İclasda aidiyyəti qurumların müraciətlərinə baxılaraq müvafiq qərarlar qəbul edildi.

Belə ki, Dövlət Neft Şirkəti (SOCAR) Şuraya müraciət edərək ölkədə təbii qazın, Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılmasını təklif edib.

Təbii qazın qiymət artımı təklifinin iqtisadi cəhətdən əsaslandırılmasına baxmayaraq, aparılan sosial islahatlar fonunda Tarif (qiymət) Şurası təbii qazın tariflərinin artırılmasını məqsədəmüvafiq hesab etməyib.

Benzinin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılması həmin məhsulların keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması, neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin davam etdirilməsi ilə əsaslandırılıb.

Qeyd etmək yerinə düşərdi ki, 2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92 markalı avtomobil benzinin AVRO-5 standartlarına tam uyğunlaşması nəzərdə tutulub.
Yuxarıda verdiyim müqayisəli təhlilə gəldikdə isə tarif dəyişikliyindən sonra əksər MDB ölkələri və dünya ölkələri sırasında yanacağın pərakəndə satış qiyməti Azərbaycanda ən aşağı səviyyədədir.

Avtomobil idxalına nəzər salsaq görərik ki, son illərdə Azərbaycana avtomobil idxalı əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2018-ci ildə 28.876,2019-cu ildə 47.710, 2020-ci ilin 11 ayında isə 47.841 avtomobil idxal edilib. Bu isə benzinə və dizelə tələbatın yüksəlməsi deməkdir.

Qiymət tənzimlənməsi dövlət büdcəsinə əlavə daxilolmalar proqnozlaşdırır ki, yaranan əlavə vəsait ölkə daxilində davamlı şəkildə həyata keçirilən, sistemli xarakter daşıyan sosial siyasətə uyğun olaraq əhalinin rifahının daha da yaxşılaşdırılmasına yönələcək.

Həmçinin tarif dəyişikliyi nəticəsində yaranan əlavə vəsaitin büdcədən maliyyələşən sahələrin xərclərinin balanslaşdırılmasına yönəldilməsi də nəzərdə tutulub.

Alternativ yanacaqdan istifadənin genişləndirilməsi üçün də dövlət-özəl tərəfdaşlığı müstəvisində əlavə imkanlar yaradılması gözlənilir.

Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVİD-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülməklə, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət həyata keçirilməkdədir.

Bu siyasətin əyani sübutudur ki, 2020-ci ilin dekabrında təsdiq olunmuş yeni sosial dəstək paketinə əsasən şəhid ailələrinə və 20 Yanvar şəhidlərinin ailələrinə aylıq müavinətlər 300 manatdan 500 manatadək artırılıb ki, bu da 66,7% artım deməkdir.

Həmçinin qeyd etmək yerinə düşərdi ki, Azərbaycan Respublikasının Milli Qəhrəmanı üçün aylıq Prezident təqaüdü 1500 manatdan 1800 manata qaldırılıb. Vətən Müharibəsi Qəhrəmanı adı verilmiş şəxslərə aylıq 2000 manat veriləcək. Əlillk dərəcəsinə görə verilən müavinətlər isə 40% artırılıb.

Bu istiqamətdə dövlətimizin yürütdüyü siyasət uğurla davam etməkdədir.

Çingiz Dadaşov

Nəsimi rayon sakini,
ehtiyatda olan zabit,
Demokratik İnkişafın Təşviqi İB-nin sədri

Cebhe.info

Oxunma sayı: 991

Bizim Telegram səhifəmizi izləyin