????????????????????????????????????

Fevralın 26-da AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirildi. İclasda İnstitutun əməkdaşları iştirak etmişlər.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova tədbiri açaraq Xocalı faciəsi ilə bağlı çıxış etdi. Professor M.Rəhimova bildirdi ki, Xocalı faciəsi XX əsrdə bəşəriyyətə qarşı törədilmiş cinayətlər içində milli mənsubiyyətinə görə dinc mülki vətəndaşlara qarşı öz amansızlığı və qəddarlığı ilə xüsusi seçilir. Erməni işğalçılarının törətdiyi vəhşilik nəticəsində 613 nəfər xüsusi amansızlıqla qətlə yetirilib, 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb; onlardan 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilmiş, Milli Məclisin qərarı ilə fevralın 26-sı ümummilli matəm günü elan edilmişdi. Xocalı qətliamının dünya miqyasında tanınması istiqamətində sistemli iş aparılması üçün 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq kampaniyası başlandı. Bu görülən təqdirəlayiq işlər, həmçinin, diasporlarımızın və diplomatlarımızın da fəaliyyəti nəticəsində 20 ölkənin dövlət və yerli parlamentləri tərəfindən Xocalı soyqırımı tanındı və bəşəriyyətə qarşı cinayət kimi dəyərləndirildi. Bir neçə gün əvvəl isə, “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Almaniyada Xocalı soyqırımı ilə bağlı möhtəşəm yürüş keçirilmişdir.

Professor M.Rəhimova çıxışının sonunda Xocalı soyqırımı zamanı erməni işğalçıları tərəfindən öldürülmüş dinc vətəndaşlarımızın, şəhərin müdafiəsi zamanı şəhid  olmuş hərbçilərimizin xatirəsini bir dəqiqəlik sükütla anılmasını təklif etdi. Tədbirə qatılmış İnstitutun əməkdaşları bir dəqiqəlik sükutla Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsini andılar.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərviz Qasımovun saytımıza verdiyi məlumatda deyilir ki, daha sonra İnstitutun şöbə müdiri, t.e.d., professor Hidayət Cəfərov çıxış etdi. Professor H.Cəfərov erməni işğalçıları tərəfindən Xocalı şəhərinin hədəf seçilməsinin səbəblərindən danışdı. H.Cəfərov bildirdi ki, 1981-ci ildə üç ay müddətində Xocalı və ətrafında yerləşmiş abidələrin tədqiqində iştirak edərək ərazidəki azərbaycanlı yaşayış məskənlərinin iqtisadi durumunun şahidi olmuşdur. Belə ki, elə həmin dövrlərdə ermənilər Xocalının əhalisini təşkil edən azərbaycanlıların üç yaşayış məntəqəsindən (köhnə Xocalı, XX əsrin əvvəllərində Laçından olan qaçqınların məskunlaşdığı Qaladibi, Zəngəzurdan olan qaçqınların yerləşdiyi “qaçqınlar Xocalısı”) sıxışdırılmasına çalışırdılar. Bu isə, şəhərin strateji bir ərazidə lokallaşmasından irəli gəlirdi. Xüsusilə, orada aeroport inşa edildikdən sonra Xocalının strateji əhəmiyyəti dəfələrlə gücləndi. H.Cəfərov Xocalı soyqırımı barədə faktların ilk növbədə Azərbaycan gəncləri arasında dayanmadan təbliğ olunmasına böyük ehtiyacın olduğunu vurğuladı.

Ağdam sakini kimi Xocalı soyqırımı qurbanlarının dəhşətlərinin şəxsən şahidi olmuş  İnstitutun əməkdaşı arxeoloq Fəqan Yaqubov bildirdi ki, bu bəşəri cinayət barədə həqiqətlər daim beynəlxalq meydanda təbliğ edilməlidir. “Yalnız bununla biz düşmənlərimizin kimliyini, bizə qarşı törətdiyi vəhşi cinayətləri dərk edəcəyik və gələcəkdə xalqımıza qarşı planlaşdırılan soyqırımları önləyə biləcəyik.” – deyə F.Yaqubov vurğuladı.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d., etnoqraf Pirağa İsmayılzadə çıxışında Xocalı faciəsinin dünya miqyasında tanıdılmasına qarşı məkrli düşmənlərimizin törətdiyi maneələr, dünya siyasi güclərinin Azərbaycan həqiqətlərinə görməzlikdən yanaşması barədə söz açdı. Eyni zamanda P.İsmayılzadə qeyd etdi ki, ölkə rəhbərliyinin apardığı prinsipial təbliğat siyasəti nəticəsində xalqımıza qarşı informasiya blokadası və saxtakarlıq şəbəkəsi dağıdılmaqdadır.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d., etnoqraf Tahir Şahbazov çıxışında bildirdi ki, Xocalı qətliamı ermənilərin xislətini bütünlüklə açıb göstərmişdir. “Türklərə və müsəlmanlara qarşı nifrətdən köklənən ideologiyaya uyğun dinc əhaliyə qarşı bu səviyyədə qəddarlıq yalnız ermənilərə xas bir xüsusiyyətdir. Xocalı qətliamının tanıdılması istiqamətində aparılan siyasət isə, bütün dünyaya ermənilərin iç üzünü açıb göstərməkdədir.”- deyə T.Şahbazov bildirdi.