Bakıda 8 yaşlı uşaq burun-boğaz əməliyyatından sonra ölüb. Hadisənin “Xətai” Estetik Klinikasında baş verdiyi bildirilir.

Olke.az-ın mlumatına görə,Bu barədə uşağın yaxınları mediaya məlumat verib. Adının açıqlanmasını istəməyən qohum bildirib ki, həkimlər səhvən 8 yaşlı Tunar İsayevin şah damarını kəsiblər. Uşaq bu səbəbdən həyatını itirib:

“Onu bir neçə gün öncə “Xətai” Estetik Klinikasında boğaz-burundakı əti kəsmək üçün əməliyyat ediblər. Amma artıq ət əvəzinə arterial damarını kəsiblər. Damarı yandırıb yapışdırıblar. Dünən öskürəndə damar açılıb və uşaq qanaxmadan qısa vaxtda vəfat edib”.

Qohumunun sözlərinə görə, 8 yaşlı Tunar Rafiq oğlu İsayev bu gün dəfn olunub:

“Tunar İsayevin ailəsi klinikanın yanındakı binada yaşayır. Yas mərasimi də elə burada keçirilir.

Bununla bağlı cinayət işi açılıb, istintaq gedir. Uşaq 18 ildən sonra dünyaya gəlmişdi. Ailənin uzun müddət idi uşağı olmurdu”.

Əməliyyatın otorinolarinqoloq cərrahı Natavan Yaqubova tərəfindən aparıldığı bildirilir.

Yerli mediadan“Xətai” Estetik Klinikası ilə əlaqə saxlanılıb. Klinikadan məlumatın yanlış olduğunu, elə bir əməliyyat keçirilmədiyini söyləyiblər:

“Əminsiz həmin hadisə bizim klinikada olub? Bizdə belə adda kimsə əməliyyat edilməyib və belə bir hadisə baş verməyib”.

Uşağın atası Rafiq İsayevlə əlaqə saxlamaq mümkün olmayıb. Qohumu “o, indi danışacaq halda deyil” – deyə bildirib.