Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Vətənimizin işğal edilmiş torpaqlarının azadlığı uğrunda aparılan uğurlu hərbi əməliyyatlar fonunda sıravi vətəndaşlarımızın müzəffər Milli Ordumuza yardımı — xalqımızın yüksək vətənpərvərlik ruhunu və qələbə əzmini nümayiş etdirməkdədir. Hər bir vətəndaşımızın arxa cəbhədə xalqımızın haqq işinə töhfəsi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında xalqımızın birliyinin, Ordumuza dəstəyin və qələbəyə inamın təkzibedilməz göstəricisidir.

Bu sıradan AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Ümumi işlər üzrə direktor müavini Malik Əli oğlu Əliyev 16.060 (on altı min altmış) Azərbaycan manatı məbləğində şəxsi vəsaiti hesabına müzəffər Ordumuza yardım etmişdir. Malik Əliyev Ordumuz üçün tibbi ləvazimat və preparatlar (10.605 manat həcmində), həmçinin, isti geyimlər (5.455 manat həcmində) tədarük edərək qəhrəman əsgərlərimizə ərməğan edib. Vətənpərvər ziyalımızın yardımı müvafiq qurumlar tərəfindən cəbhəyə, Ana Vətənimizi yağı düşməndən azad edən igid əsgərlərimizə çatdırılıb.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyi və kollektivi vətənpərvər töhfəsinə görə Malik Əliyevə öz dərin təşəkkürünü bildirmişdir. Məhz, vətənpərvərlərin Ordumuza təqdirəlayıq töhfələri Qələbə Gününü yaxınlaşdırmaqdadır.