Hər bir kəs ilk növbədə öz xalqı, vətəni ilə tanınır. Elə nadir insanlar da var ki, onlar mənsub olduğu xalqı, vətəni tanıdır, şöhrətləndirirlər. Belə insanlar seçilmiş şəxsiyyətlərdir və xüsusi missiyası olan liderlərdir. ümummilli liderimiz Heydər Əliyev məhz belə şəxsiyyətlərdəndir.

Görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan Milli dövlətçiliyini bütün təhlükələrdən xilas edib qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət kimi Heydər Əliyevin həyat və fəaliyyəti müasir tariximizin ən mühüm və şərəfli mərhələsini təşkil edir. Təsadüfi deyildir ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizin qızıl dövrü kimi

yaddaşlara həkk olunmuşdur.

Heydər Əliyev gənc yaşlarından vətəninə, xalqına xidmət etməyi öz həyatının əsas amalı seçmişdi, həm də fövqəladə təşkilatçılıq və idarəçilik qabiliyyətinə, böyük xarizmaya, sarsılmaz milli ruha və yenilməz iradəyə malik idi. Təsadüfi deyildi ki, o, Azərbaycan Xalq Daxili İşlər Komissarlığında sıravi əməkdaşdan Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinədək yüksəlmiş və xüsusi xidmət orqanlarında ilk azərbaycanlı general olmuşdur. 46 yaşında Azərbaycana rəhbər seçilməsi Heydər Əliyevin məhz liderlik xüsusiyyətinin, dövlətçilik təcrübəsinin və təşkilatçılıq məharətinin növbəti etirafı və təsdiqi idi. Həmin dövrdə bu böyük siyasət dahisi özünü Azərbaycanın yüksəlişinə həsr edərək iqtisadiyyatın tərəqqisi, mədəniyyətin inkişafı, dövlət idarəetmə mexanizminin və metodlarının təkmilləşdirilməsi, xalqın tarixi yaddaşının yenilənməsi üçün böyük əhəmiyyətli işlər görmüşdür.

Ulu öndər Heydər Əliyev min illərlə tarixi olan müdrik Azərbaycan xalqına məxsus duha idi. Bu dahi şəxsiyyət sovet rejiminin onun millətini necə sıxdığını, inkişafına hər vasitə ilə mane olduğunu açıq-aydın görürdü. Amma ümummilli liderimizin sonralar dediyi kimi bu rejimə açıq-aşkar qarşı çıxmaqla həmin dövrdə heç nəyə nail olmaq mümkün deyildi. Ən düzgün yol bu siyasətdə öz xalqına, vətəninə bacardığın qədər çox xidmət göstərmək idi. Bu dahi şəxsiyyət mübarizələrlə dolu həyatı ilə sübut etdi ki, həmin dövrün bütün çətinliklərinə baxmayaraq vətən üçün, xalq üçün çox böyük işlər görmək mümkündür.

Ulu öndər Heydər Əliyev haqqında adi söz demək mümkün deyil. Onun barəsində səmimi ifadə edilən hər bir fikirdə bir ucalıq, yüksək məna çaları var. Dünyanın müxtəlif ölkələrinin siyasi liderlərinin Ümummilli liderlə bağlı söylədiklərini bir yerə cəmləşdirsək, dünyanın ən dahi siyasi liderlərindən birinin “siyasi portreti” alınar.

Və hər kəs də onu dərhal tanıyar: “Bu, Heydər Əlirza oğlu Əliyevdir. Türk və müsəlman dünyasının fəxri, Azərbaycan xalqının qüdrətli oğlu! Dünya siyasətinin nəhəngi və hətta rəqibləri tərəfindən yüksək qiymətləndirilən nadir bir şəxsiyyət”!

  Böyük Britaniyanın keçmiş baş naziri Toni Bler Ulu Öndər haqqında bunu demişdir: Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər. 

Tarixin axarını dəyişən ideya və prinsiplərin daşıyıcısı olan Heydər Əliyev milli mənafelərin təmininə hesablanmış məqsədyönlü siyasəti coğrafi ölçüləri baxımından kiçik Azərbaycanın dünyanın siyasi xəritəsində ən güclü dövrlətlərlə müqayisəsinə şərait yaratdı.

Azərbaycanın bugünkü dövlət müstəqilliyinin təməl prinsiplərinin işlənib hazırlanması 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi ilə başlanan şərəfli missiyasının əsas qayəsi idi. Məhz həmin dövrdən etibarən Azərbaycanın iqtisadi inkişafının əsaslarının yaradılması, zəngin iqtisadi potensialının respublikanın gələcək inkişafına, xalqın rifahının yüksəlməsinə yönəldilməsi prosesinə start verildi. Azərbaycanın Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevrilməsi üçün bütün sahələrdə geniş islahatlar aparan Heydər Əliyev zəngin idarəçilik təcrübəsi sayəsində respublikamızın  tarixində böyük dönüş yaratmışdır.

Heydər Əliyev Azərbaycana qayıdanda ölkə çox ağır bir durumda idi. Sonralar o günləri Ulu Öndər belə xatırlayırdı: “Eşidəndə ki, mənim doğma vətənim, mənim doğma torpağım dağılır, uzun müddət bu vətənin, ölkənin inkişafına xidmət etmiş bir insan kimi mən bilirəm ki, biz burada nələr etmişik və bu, dağılır, şübhəsiz ki, özümü qurban verməli oldum və gəldim, məsuliyyəti öz üzərimə götürdüm.

Heydər Əliyev bütün varlığı ilə sevdiyi Azrbaycanın müstəqilliyini möhkəmləndirmək, inkişaf etmiş, sivil dünya dövlətləri cərgəsinə çıxarmaq, arzusunda olduğu yeni Azərbaycanın reallaşması naminə var gücü ilə çalışırdı. Yorulmadan dünyanın böyük dövlətlərinin başçıları ilə saysız-hesabsız görüşlər keçirir, Azərbaycan həqiqətlərini dünyaya çatdırırdı. Bu səfərlər zamanı dünyanın ayrı-ayrı ölkələrində yaşayan soydaşlarımızın vəziyyəti ilə maraqlanır, onların azərbaycançılıq ideyası ətrafında birləşməsi üçün böyük səy göstərir, bütün ölkələrdə soydaşlarımızın mənəvi və mədəni həmrəyliyinin yaradılmasına, Azərbaycan diasporunun formalaşmasına böyük önəm verirdi.

Dövlət müstəqilliyimiz bərpa edildikdən sonra ümummilli liderimiz Heydər Əliyev tərəfindən cəmiyyət və dövlət həyatının bütün sahələrində köklü islahatlar aparılmağa başlandı. 1994-cü ildə Heydər Əliyevin neft strategiyasının reallaşdırılmasını təmin edən “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycan xalqının öz maddi sərvətlərinin, o cümlədən neftinin həqiqi sahibi kimi çıxış etməsinin təntənəsinə çevrilmişdir. Bu müqavilə ölkəmizin tarixində yeni dövr açmış, dinamik inkişafın təməlini təşkil edərək müstəqilliyimizin iqtisadi bünövrəsinin möhkəmlənməsi və Azərbaycanın bu gün dünyada analoqu olmayan templə davamlı inkişafı üçün zəmin yaratdı. Heydər Əliyev bu dövrdəki fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr olmuşdur.

Məşhur qırğız yazıçısı Çingiz Aytmatovun ulu öndər haqqında dedikləri də diqqəti çəkir: “Heydər Əliyev həqiqətən də tarixi, hətta əfsanəvi bir şəxsiyyətdir. Heydər Əliyev onun yaşıdlarının və hətta ondan cavan olan bir çox siyasi xadimin bacarmadığı xüsusiyyəti – müasir dövrün ən aktual çağırışlarına hazır olmağı nümayiş etdirə bilmişdir. Məhz Heydər Əliyevin zəngin siyasi təcrübəsinin və humanitar dünyagörüşünün genişliyi nəticəsində indi Azərbaycanda sabitlik, tolerantlıq, mədəniyyət, maarifçilik hökm sürməkdədir. Bütün bunlar isə Azərbaycan dövlətinin müasir inkişafını və tərəqqisini təmin edəcək əsas amillərdir. Heydər Əlirza oğlu XX əsrin ən böyük liderlərindədir. O, müasir demokratik Avrasiyanın yeni tarixinin bugünkü qurucularından biridir”.

Bu fikirlərdə aydın şəkildə göstərilib ki, Heydər Əliyev tarixi və əfsanəvi bir şəxsiyyət kimi müasir dövrün ən aktual çağırışlarına hazır olub. O cümlədən cəmiyyətin ideoloji cəhətdən hazırlanmasını təşkil edə bilib. Nəticədə, Azərbaycanda başqa yeniliklərlə yanaşı, mədəniyyət və maarifçilik də tərəqqi edib. Daha geniş miqyasda isə Heydər Əliyev demokratik Avrasiyanın yeni tarixinin qurucularından biridir.

Ulu Öndərin xatirəsi Vətənini sevən, damarından azərbaycanlı qanı axan hər kəs üçün əziz və müqəddəsdir. Çünki Azərbaycanın müasir tarixi, milli dövlətçiliyimiz bu dahi şəxsiyyətin adı ilə bağlıdır. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövr minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsidir. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş dövrü kimi  müasir tariximizə əbədi həkk olunmuşdur. Bu gün Azərbaycanın sosial-iqtisadi, ictimai-mədəni həyatının elə bir sahəsi yoxdur ki, orada ulu öndərin şərəfli ömrünün bir zərrəsi hiss olunmasın.

Heydər Əliyev duhasını, onun xalqımız qarşısında xidmətlərini sonadək öyrənmək tədqiq etmək mümkün deyildir. Bu şəxsiyyətin böyüklüyünü, onun xalqımızın firavanlığı naminə həyata keçirdiyi mühüm tədbirlərin mahiyyətini tam dərk etmək üçün zaman tələb olunur.

Bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Əsrlər boyu yaşayacaq möhtəşəm abidədir. Şübhə yoxdur ki, xalqımız bu abidəni yaradanı özünün tarixində və qəlbində əbədi yaşadacaqdır.

Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün sahələrdə ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirir, ölkəmiz yeni-yeni nailiyyətlərə imza atır. Bü Heydər Əliyevin ideyalarının real bəhrəsi, onların geçəkləşməsidir.

Bizim isə ən böyük vəzifəmiz Heydər Əliyevin ideyalarının inkişafı və Azərbaycan tarixinin yeni şanlı səhifələrinin yazılması naminə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək, ona layiqli yardımçı olmaqdır.

Ümummilli liderin müəyyənləşdirdiyi inkişaf kursu bu gün onun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Siyasi və makroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin fəal iştirakçısı, beynəlxalq tədbirlər məkanı kimi tanınan Azərbaycanın bugünkü uğurları məhz Heydər Əliyev siyasətinin layiqincə davam etdirilməsinin məntiqi nəticəsidir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır”.

Bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün hədəflərin gerçəkləşməsinə, müstəqil Azərbaycanın gələcək tərəqqisinə, daha qüdrətli dövlətə çevrilməsinə, xalqımızın daha firavan həyatına qovuşmasına mütləq əminlik yaradır.

Rövşən Məmmədov

Azərbaycan Respublikası Nazirlər Kabineti

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Əməkdaşı