Belarusda son 3 gündə baş verən etiraz aksiyalarında jurnalistlərə qarşı 50-dən çox hücum qeydə alınıb.

“Report” BBC-yə istinadən xəbər verir ki, bu barədə məlumatı Belarus Jurnalistlər Assosiasiyası açıqlayıb.

Qeyd olunub ki, mətbuatın bir çox nümayəndəsi müəmmalı şəkildə yoxa çıxır, digərlərinin kamerasını qırır, fləşkartını əlindən alırlar.

Bildirilib ki, avqustun 11-də Belarusun paytaxtı Minskdə BBC-nin əməkdaşlarına hücum baş verib. Belə ki, fərqləndirmə nişanı olmayan bir qrup qara uniformalılar jurnalistlərə yaxınlaşaraq onlardan akkreditasiya sənədini tələb edib.

Qeyd olunub ki, onlar daha sonra müxbirin kartını boynundan qoparıb, kameranı əlindən alıb, onu qırmağa çalışıblar. Akkreditasiya kartını geri tələb edən BBC-nin iki jurnalistinə cavab olaraq güc strukturlarının nümayəndələri operatoru vurub, kameraya isə zərbə endirməyə başlayıblar. Bununla belə, jurnalistlər saxlanılmayıb.

Maraqlıdır ki, avqustun 12-də Belarusun daxili işlər naziri Yuri Karayev jurnalistlərə qarşı aqressiya ilə bağlı KİV-ə birmənalı olmayan açıqlama verib: “Cinayətkarlar və asayiş orqanları arasına girmədikləri halda mənim prinsipial mövqeyim jurnalistlərə toxunmamaqdır”.