“Fransa Prezidenti Emmanuel Makronun 24 apreli qondarma “erməni soyqırımı qurbanları”nın xatirə günü elan etməsi lazımsız, mənasız və yersiz bir qərardır”.

Bunu “Report”un Fransa bürosuna açıqlamasında Türkiyənin Fransadakı səfiri İsmayıl Haqqı Musa bildirib.

Onun sözlərinə görə, Fransa Prezidentinin bu qərarı selektiv xarakter daşıyır. “Birinci Dünya müharibəsi zamanı bir çox hadisələr, xüsuslə xalqlar arasında çoxsaylı münaqişələr baş verib. Təbii ki, xeyli sayda insan bundan əziyyət çəkiblər. Bu qərar digər xalqların yaşadıqları iztirabların unudularaq yalnız ermənilərin əzab çəkdiklərini iddia etmək və bununla da diqqəti yalnız onlara yönəltməkdir. Əlbəttə, bu da məsələyə selektiv yanaşmaq deməkdir”.

Türkiyəli diplomat bu qərarın qanunazidd olduğunu deyib: “Bu məsələ ilə bağlı Fransa Konstitusiya Məhkəməsi və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2012 və 2017-ci illərdə qərarları olub. Bu qərarlarda məsələnin açıq-aşkar mübahisəli oldğu bildirilir. Çunki tarixçilər arasında bu məsələdə fikir ayrılıqları mövcuddur. Beləliklə, Fransa Prezidentinin bu addımı məhkəmə qərarları ilə fərqli xarakter daşıyır və qanuna tamamilə ziddir”.

İsmayıl Haqqı Musa Fransa Prezidentinin qərarının diskriminasiya xarakterli olduğuna da diqqət çəkib: “Bu qərar selektiv xarakter daşımaqla, qanunazidd olmaqla yanaşı, eyni zamanda ayrı-seçkiliyə də xidmət edir. Belə ki, Fransada 700 mindən artıq türk yaşayır. Onlardan da 350-400 mini Fransa vətəndaşıdır. Bu türklərin əksəriyyəti Fransa cəmiyyətinə inteqrasiya olublar. Ona görə də ermənilərin istəyini nəzərə almaqla, belə bir qərar qəbul etməklə Fransa höküməti bu ölkədə yaşayan türklərin mənliyinə toxunur, onları incidir”.

Səfir bütün bunlara baxmayaraq, qərarın Türkiyə-Fransa münasibətlərinə mənfi təsir göstərəcəyini vurğulayıb: “Belə bir ciddi qərar Türkiyə-Fransa münasibətlərinə təsirsiz qala bilməz. Türkiyə hökuməti bununla bağlı öz qərarını verəcək. Aprelin 11-də Türkiyə Xarici İşlər Nazirliyinin bu qərarı pisləyən bəyanatı olub. Fransada yaşayan türk icması da məsələyə sərt formada reaksiya verib. Fransa Prezidentinin qərarı iki ölkə arasında əlaqələrə mənfi təsir göstərəcək”.