Bakıxəbər.az-ın məlumatına görə, Bakı-Böyükkəsik dəmir yolundan ayrılaraq Qəbələ istiqamətinə çəkilən yeni dəmir yolunda işlər qış ayında da dayandırılmayacaq.

Yolun Ləki stansiyasından dönməklə çəkilən hissəsində artıq 4 km. dəmir yolu xətti qoyulub. Dəmir yolu əvvəlcə Bakıdan Ləki stansiyasınadək, sonra Ləkidən Ağdaş ərazisindən keçməklə Qəbələnin hava limanına qədər 43 km. təşkil edəcək.

Dəmir yol xəttinin 20 km-lik məsafəsi Qəbələ rayonunda daglıq əraziyə düşür. Sözügedən ərazidə işlərin aparılması üçün layihə hazırlanıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib ki, yolun yerli sakinlərə məxsus pay torpaqlarından keçən hissəsi Dövlət Əmlak Komitəsi tərəfindən qiymətləndirilərək torpaq sahiblərinə müvafiq vəsaitin ödənilməsi üçün lazımi sənədlər artıq toplanıb. Yaxın vaxtlarda həmin vəsait hər bir şəxsin bank hesabına köçürüləcək.