Professor Nəcəf Müseyibli: “Qarabağın və ətraf rayonların abidələrinin tədqiq edilməsi, qədim və Orta Əsrlər tarixinin öyrənilməsi, elmi araşdırmaların nəticələrinin beynəlxalq aləmdə yayılması qarşıdakı ən mühüm vəzifələrdir.”

 

Torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda Vətən müharibəsi müvəffəqiyyətlə davam edir. Hər gün cəbhədən ərazilərimizin hissə-hissə azad edilməsi, düşmənin hərbi potensialının məhv edilməsi ilə bağlı qələbə xəbərləri gəlir. Bu gün bütün Azərbaycan vətəndaşlarının cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi, onun müdrik diplomatiyası, şanlı ordumuzun yüksək döyüş ruhu bu qələbələrin əsas təminatıdır. Azərbaycan ordusu ona rəhbərlik edən Ali Baş Komandanın əmrlərini icra edərək torpaqlarımızı addım-addım işğaldan azad etməkdədir. Xalq-Prezident-Ordu birliyi indi ən yüksək səviyyədədir və bu birlik Azərbaycanı son qələbəyə daha sürətlə yaxınlaşdırır. Azərbaycan üçün mühüm mənəvi dəyəri olan Şuşa şəhərinin azad edilməsi misli görünməmiş bir tarixi hadisədir. Bu qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaqdır!

 Sonuncu erməninin işğal edilmiş ərazilərimizdə ya məhv edilməsi, ya da sərhədlərimizdən çıxarılması ilə əsaslı qələbəyə nail ola bilərik. Unutmaq lazım deyil ki, “dinc erməni” anlayışı ümumiyyətlə mövcud deyil. Bu anlayış normal, sivil xalqlara aiddir. Sadəcə əli silaha çatan və çatmayan erməni var. Tarixi təcrübə bunu dəfələrlə sübut etmişdir.

İşğaldan azad edilən və bundan sonra da azad ediləcək ərazilərdə həyatın bütün sahələri bərpa ediləcəkdir. Bununla əlaqədar cənab Prezident artıq sərəncamlar imzalamış, müvafiq göstərişlər vermişdir. Əlbəttə, bu bölgədə quruculuq işləri ilə yanaşı elmi tədqiqatların aparılması da ən aktual məsələlərdəndir. Torpaqlarımızla birgə abidələrimiz də azad edilir. Bu baxımdan respublikamızda əsas elmi mərkəz olan Azərbaycan Milli Elmlər Akademiyasının qarşısında böyük vəzifələr durur. Azad edilmiş ərazilərin flora və faunası, təbii ehtiyatları, landşaftı, iqlimi və s. sahələri geniş araşdırılmalı və bütün bunlar bölgənin iqtisadi inkişafına yönəldilməlidir.

Tədqiqatların aparılacağı əsas istiqamətlərdən biri bölgənin tarixi-arxeoloji abidələrinin araşdırılması olacaqdır. Bu baxımdan AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun yerinə yetirəcəyi işlər həddən artıq çoxdur. Qarabağın və ətraf rayonların abidələrinin tədqiq edilməsi, qədim və Orta Əsrlər tarixinin öyrənilməsi, elmi araşdırmaların nəticələrinin beynəlxalq aləmdə yayılması qarşıdakı ən mühüm vəzifələrdir. Çünki tarixi abidələr xalqın milli pasportudur. Tarixi-arxeoloji abidələrin araşdırılması bu bölgənin qədim zamanlardan Azərbaycan xalqının ulu əcdadlarının vətəni olduğunu sübut edir. Məhz ordumuzu da hər gün irəli aparan güclü inamın mənbəyində də bu amil dayanır.

  Qarabağ və ətraf rayonların abidələrini əhatə edəcək tədqiqatlar sistemli şəkildə bir neçə mərhələdə həyata keçirilməlidir:

1. Birinci mərhələdə məlum abidələrin hazırkı vəziyyəti, onlara vurulan ziyanlar müəyyənləşdirilməlidir.

Son 30 ilə yaxın müddətdə işğal altında qalan abidələrimizə erməni vandallarının vurduğu ziyanlar müxtəlif olmuşdur. Bu barədə hələ tam informasiyalara malik olmasaq da, qədim dövr arxeoloji abidələrdə ermənilərin qeyri-qanuni qazıntılar apardığı, bu işə bəzi Avropa alimlərini də cəlb etdikləri artıq heç kimə sirr deyil. Yeri gəlmişkən, sərhədlərimizi pozduqlarına və beynəlxalq qanunlara zidd olaraq işğal altındakı ərazilərdə arxeoloji qazıntılar apardıqlarına görə həmin erməni və Avropa “alimləri” barədə cinayət işlərinin açılmasına da ehtiyac var.

Dağıntılara və mənimsəmələrə məruz qalmış növbəti qrup abidələr Albaniya dövrü və sonrakı Orta Əsrlərə aid xristian dini təyinatlı arxeoloji-memarlıq kompleksləridir. Bu abidələrin bir çoxunun əvvəlki vəziyyəti dəyişdirilmiş, bərpa adı ilə erməniləşdirilməsi işləri aparılmışdır.

Ən çox dağıntılara, vandalizm əməllərinə məruz qalan abidələrimiz isə İslam mədəniyyəti abidələridir. Məhz bu abidələri ermənilər mənimsəyə bilmədikləri üçün kütləvi şəkildə dağıtmışdılar. Çünki həmin abidələr üzərində ərəb əlifbası ilə epiqrafik yazılar olmuşdur. Bunlar məscidlər, qəbirüstü məzar daşları, türbələr və s. abidələrdir. Ermənilər məscidlərdə özlərinin dördayaqlı soydaşlarını saxlamaqla bu müqəddəs məkanları murdarlamışdılar.

2. İkinci mərhələdə işğaldan azad edilmiş bütün ərazilərdə tarixi abidələrin aşkar edilməsi üçün arxeoloji axtarış işləri aparılmalıdır.

Arxeoloji və memarlıq abidələri aşkar edilməli, ünvanları müəyyənləşdirilməli, onların haqqında ilkin informasiya toplanmalıdır. Qarabağ və ona bitişik ərazilərdə hələ sovet dövründə nisbətən ətraflı arxeoloji tədqiqat işləri Tərtər, Ağdam və Füzuli rayonlarında aparılmışdır. Hadrut rayonunda Azıx və Tağlar mağara düşərgələrində uzun illər arxeoloji qazıntılar aparılsa da, rayonun digər abidələrində geniş tədqiqat işləri həyata keçirilməmişdir. Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl rayonlarında işğala qədərki dövrlərdə məhdud zaman çərçivələrində aparılmış tədqiqatlar nəticəsində azsaylı abidələr aşkar edilmişdir. Halbuki bu rayonlarda, Qarabağın dağlıq və aran ərazilərində daha çoxsaylı tarixi abidələrin olmasını ehtimal etmək üçün hərtərəfli əsaslar vardır. Hələ sovet dövründə keçmiş DQMV-nin erməni rəhbərliyi Azərbaycan alimlərinə Qarabağın dağlıq ərazilərində hər vasitə ilə tədqiqatlar aparmağa maneələr yaradırdı.

3. Həm əvvəllər məlum olan, həm də yeni aşkar edilmiş abidələrin pasportlaşdırılması işləri həyata keçirilməlidir.

Bu mərhələdə fəaliyyətin əsas hissəsi 2-ci mərhələ ilə paralel həyata keçirilə bilər. Pasportlaşdırma işlərində abidələrin tipi, dövrü, saxlanma dərəcəsi, sərhədləri qeyd edilməli, digər göstəriciləri səciyyələndirilməlidir.

4. Bütün bunlarla yanaşı olaraq elmi əhəmiyyəti, tariximizin ayrı-ayrı mərhələlərinin tədqiqi üçün aktuallığı müəyyən edilərək bir sıra abidələrdə uzun müddətli arxeoloji qazıntı işləri aparılmalıdır.

Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərdə geniş, kompleks arxeoloji tədqiqat işləri aparılması planları yaxın zamanın vəzifələridir. Qarabağın dağlıq və aran ərazilərinin abidələri tarixi mahiyyət etibarilə biri-birini tamamlayır. Buna görə də tədqiqat işləri bölgənin hər bir coğrafiyasını əhatə etməlidir.

 

Nəcəf Müseyibli,

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun

direktor müavini, tarix elmləri doktoru, professor