Erməni və ermənipərəst politoloqların rus S-400 ZRK-larının Türkiyəyə satışı problemi fonunda Ankara və Moskvanın strateji yaxınlaşması ilə bağlı fikirləri ilə tanış olaraq bir maraqlı məqamı qeyd etmək lazımdır.

Bəri başdan deyək ki, bizim bəzi politoloqlarımız belə bir nağıla inanırlar ki, guya Moskva ilə Ankaranın yaxınlaşması işğal edilmiş Azərbaycan torpaqları məsələsində Millətimizin xeyirinə nəisə müsbət dəyişiklik edə bilər. Əslində bu nağılın heç bir əsası yoxdur. Ankara ilə Moskvanın yaxınlaşması həmişə Azərbaycanın əleyhinə olub. Çünki Moskva-Ankara bazarlaşmasını aparan tərəflər Bakının mənafeyini nəzərə almaq fikrində olmayıblar. Əksinə, Azərbaycan tərəfinə “sən yerində sakit dur!” prinsipi ilə münasibət bəsləyirlər.

Beləliklə, ermənilər üçün Moskva ilə Ankaranın yaxınlaşması təhlükəli deyil. Erməniləri təlaşlandıran hadisələrin digər mümkün gedişatıdır.

Ermənilər çəkinirlər ki, Ankaranı itirməkdən ehtiyatlanan Moskva işğal edilmiş Azərbaycan torpaqlarının hamısını və ya bir neçəsini Bakının suveren hüququ çərçivəsinə qaytara bilər. Bu isə, Bakı tərəfindən işğal edilmiş torpaqlarının azad edilməsi üçün hərbi əməliyyatlara başladığı məqamda olacaq!

VƏTƏN MÜHARİBƏSİNƏ BAŞLAMALIYIQ!

İndiki beynəlxalq durumda, xüsusilə Moskvanın Ankaraya ümidli gözlərinin dikildiyi bir zamanda Azərbaycan tərəfi hər hansı bəhanədən istifadə edib “Aprel-2016”nı geniş miqyasda təkrar etsə, Kreml hansı duruma düşə bilər?

Kreml anlayacaq ki, Azərbaycana qarşı təcavüzü və ermənilərin tərəfində döyüşməsi Moskva-Ankara münasibətlərinə ciddi zərbə vura bilər. Eyni qənaətə Ankara da gələcək. Çünki Ərdoğanın müxalifəti “Niyə Azərbaycana kömək etmirsən? Niyə ermənipərəst Moskvanın Azərbaycana hücumuna cavab vermirsən?” tələbini ortaya çıxaracaq. Sözün qısası, Azərbaycanın öz torpaqlarının azadlığı uğrunda döyüşə başlaması Moskva-Ankara strateji ittifaqını iflasa uğrada bilər, ABŞ və NATO-nun mənafeyinin xeyirinə işləyə bilər. Bundan təlaşa düşən Rusiya və Türkiyənin başçıları intensiv danışıqlara başlayıb, özünü “hərbi şıltaqlığa” qoymuş Azərbaycanı dilə tutmağa, rəsmi Bakının tələblərini gerçəkləşdirməyə məcbur olacaqlar.

İndiyədək məsum bir tərəf kimi daima Ankara-Moskva yaxınlaşmasına dinməzcə ümid bəsləyən sadəlöhv imicini bir tərəfə atıb, rəsmi Bakı “mənim şıltaqlığıma indi siz dözün!” prinsipi ilə hərəkət etməlidir. Ən azından, Azərbaycan daha bir neçə strateji yüksəkliyini geri qaytara bilər.

Bu cür siyasi və hərbi plan əsasən iki şərt altında baş tuta bilər:

1) Azərbaycan diplomatik sahədə ciddi hazrılıqlar görməlidir (xüsusilə, Türkiyə, Rusiya və ABŞ-la danışıqlar)

2) Mümkün hərbi əməliyyatlar ərəfəsində ordu sistemində xarici kəşfiyyatın təxribatlarından sığortalanmalıdır.

Beləliklə, Kremlə mesaj verilməlidir ki, Türkiyə ilə Moskvanın strateji əməkdaşlığı Azərbaycanın torpaqlarının azad edilməsindən asılıdır. Məhz, bizim döyüş əməliyyatlarımız Moskvanı və Ankaranı məcbur etməlidir ki, torpaqlarımızın azad olunmasını təmin etsinlər. İndiyədək ermənilər özlərini dəliliyə vurub, ağıllıların başını ağrıtmaq siyasətini güdürdülərsə, indi bu oyunu biz başlatmalıyıq.

Bizim bu strategiyamızı “şantaj”, “siyasi-hərbi təxribat”, “Ankara-Moskva tandeminə təhlükə” və s. kimi qiymətləndirsinlər. Artıq bu, bizim heç vecimizə də olmamalıdır. Onsuz da 30 ilə yaxındır ki, işğal altındayıq. Geopolitik şahmat taxtasında bizim bu cür siyasi-hərbi gedişimiz Moskvanı da, Vaşinqtonu da, öz milli mənafelərindən çıxış edən Ankaranı da seyt-not durumunda qoyacaq. Qoy, indi onların başı ağrasın!

Qarxunlu

 “Millətçilik” qəzeti