Xəbər verildiyi kimi işğal altında olan Qərbi Azərbaycandakı keçmiş amerikalı səfir Riçard Mills bu yaxında bildirib ki, “işğal edilmiş ərazilərin konkret hissələri Azərbaycana qaytarılmadan Qarabağ münaqişəsi həll oluna bilməz. Məni təəccübləndirən odur ki, rastlaşdığım ermənilərin əksəriyyəti danışıqların predmeti kimi işğal olunmuş torpaqların geri qaytarılmasına qarşı çıxırlar. Ermənistanda münaqişənin nizamlanmasına aparacaq mümkün güzəştlər barədə ümumiyyətlə heç bir müzakirə getmir. ABŞ hökuməti artıq uzun illərdir əmindir ki, həmin ərazilər gələcəkdə “sülh əvəzinə ərazilər” formulunun istifadəsi üçün işğal olunub”.

DIĞACIĞIN FİKİRLƏRİ

Rusiyanın “ermənistan” adlı hərbi bazasının xidməti personalının ikinci başçısı Koçaryanın fikrincə, ABŞ səfirinin bu bəyanatı onun şəxsi fikri və mövqeyi deyil. Onun sözlərinə görə, ABŞ-ın Ermənistandakı növbəti səfiri də belə bəyanat verəcək.

“Bu həm də ABŞ Dövlət Departamentinin mövqeyidir. Və daha dəqiq desək, Minsk qrupunun bütün həmsədrlərinin mövqeyi belədir ki, konkret ərazilər danışıqların predmetidir və qaytarılmalıdır. Bu, reallıqdır. Ən azından, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin ərazilərlə bağlı fikri həmişə bu kontekstdə olub. Ümumi danışıqlar prosesinin məntiqi də bununla bağlıdır. Və hesab edirəm ki, bu cür yanaşma Ermənistan hakimiyyətinə bir çağırışdır. Yerevan öz mövqeyini dəqiqləşdirməlidir.”- Köçəryan erməni KİV-lərinə açıqlamasında deyib.

Köçaryana görə, erməni yığnağında həqiqətən belə bir fikir formalaşıb ki, hansısa ərazini güzəştə getmək olmaz. “Bu o deməkdir ki, ermənistan hakimiyyəti ya danışıqlar prosesinə tamamilə yenidən baxmalı, ya da elə bir həll formulu tapmalıdır ki, cəmiyyət tərəfindən də qəbuledici olsun. Lakin istənilən halda, şübhəsiz ki, nəticələrə görə Ermənistan hakimiyyəti məsuliyyət daşıyacaq.”

Dığacıq vurğulayıb ki, hakimiyyətin “Qarabağın razılaşdığı istənilən həll variantına hazırıq” tezisinə qayıtması olduqca təhlükəlidir. Çünki bu cür yanaşma ATƏT-in 1996-cı il Lissabon sammitinin qətnaməsi ilə nəticələndi ki, bu da “ermənistan” üçün son dərəcə əlverişsiz oldu.

ERMƏNİLƏRƏ SƏRF EDƏN “SÜLH”

Əvvəla, Köçəryan hərbi canidir və Azərbaycanın ərazi bütövlüyünə qarşı terrorçuluğun başında duranlardan biridir. Nəyə görə onun indiyədək İnterpol vasitəsilə Azərbaycan tərəfindən axtarışa dayanmadan verilmə prosesi davam etmir — böyük bir sualdır. O cümlədən də bu fikir digər cinayətkar  Sərgisyana da aiddir. Mövzuya qayıdaq.

Deməli, ermənilərin işğal etdiyi Qərbi Azərbaycan ərazisindəki amerikalı keçmiş səfir də bildirir ki, amerikalılar da Azərbaycana bir neçə torpaq qaytarmaqla “sülh”ün bərqərar olması fikrinin tərəfdarıdırlar. Amma qondarma “ermənistandakı” amerikalı səfirin fikirlərində “sülh” ifadəsi nə anlamı kəsb edir? Kimə sərf edən “sülh”dür? Bizə sərf edən “sülh”dür, yoxsa ermənilərə? Amerikalı səfirin işlətdiyi Azərbaycana qaytarılması nəzərdə tutulan “işğal edilmiş ərazilərin konkret hissələri” ifadəsi nə məna kəsb edir? İşğal edilmiş ərazilərin “konkret olmayan hissələri” anlamına hansı ərazilər daxildi?

Əvvəla, 90-cı illərdə torpaqlarımızı işğal etmək, xalqımıza qarşı soyqırım siyasəti yeritmək üçün ermənilərin maliyyə və hərbi gücü çatırdısa da, amma istər o zaman, istərsə də indi mövqeləri əldə saxlamaq üçün ermənilərin insan potensalı yox idi və indi də yoxdur. İşğalı həyata keçirmək üçün ermənilərin önündə Rusiya imperiyasının qoşunları gedirdi. Yəni, bu işğalları Rusiya gerçəkləşdirib. Baxmayaraq ki, Türkiyə ilə qondarma “ermənistan” arasında rus qoşunları dayanıb ki, ermənilər işğal edilmiş torpaqlarımızda hərbi xidmət keçsinlər, amma daşnaklar üçün işğalçı erməni dəstələrinin komplektləşdirilməsi problem olaraq qalır. Ona görə də indinin özündə Qarabağda məhdud  sayda rus hərbi hissələrinin, rus hərbi kəşfiyyatının və təxribat qruplarının olması barədə məlumatlar heç də həqiqətdən uzaq deyil.

ABŞ və qabaqcıl xristian dövlətlərinin Rusiya ilə müxtəlif geosiyasi məsələrdə mənafe və strateji fikir ayrılığı olsa da, işğal edilmiş torpaqlarımız məsələsində ümumi strateji fikir birliyi var. Rusiya da, ABŞ da, qabaqcıl xristian dövlətləri də ermənilərin XIX əsrdə yerləşdiyi Qərbi Azərbaycanı və Qarabağı, yəni qondarma “ermənistanı” və “arsaxı” xristian forpostu kimi nəzərdən keçirirlər. Əgər bu süni qurumları bu gün Rusiya hərbi qüvvəsi himayə edirsə, sabah Rusiya bölgədən geri çəkilsə, “ermənistan” və “arsaxı” ABŞ başda olmaqla xristian dünyasının hərbi qüvvələri himayə edəcək.

Hələki ermənilər Rusiyanın hərbi himayəsindədirlər və Moskva Cənubi Qafqazı nəzarət altında saxlamaq üçün problemi həll edilməmiş səviyyədə də saxlayır. Yəni, ermənilərin işğallarına hüquqi don geyindirilmir, “arsax” dünya siyasi sisteminin subyekti statusunu almır, de-yure tanınmır. Həmçinin, Azərbaycana da torpaqlarını geri qaytarmaq imkanı verilmir. Amma günü sabah Rusiya tam güclənsə, Moskva zorla olsa belə, istər “ermənistanı”, istərsə də Azərbaycanı “sülh” sazişini imzalamağa məcbur edəcək. Eynilə də günü sabah Rusiya tam zəifləyib Cənubi Qafqazı tərk etsə, burada nəzarəti ələ keçirən ABŞ hər iki tərəfi zorla olsa belə, həmin o “sülh” sazişini imzalatdırmağa çalışacaq.

Bəs, həmin o masa üzərində olan “sülh” sazişi nəyi ehtiva edir? Elə əvvəlcədən deyək ki, masa üzərində olan “sülh” sazişi Azərbaycanın siyasi təslimi deməkdir. İstər Madrid, istər Kazan prinsipləri olsun, bu sənədlərin əsas məqsədi bəzi ərazilərin müəyyən şərtlərlə Bakının nəzarətinə qaytarmaqla Qarabağın dağlıq hissəsində yaşayan erməni kolonistlərinə konfederativ respublika statusunun verilməsidir. Azərbaycan xalqına və dövlətinə qarşı cinayətlər törətmiş erməni terrorçularının məsuliyyətə cəlb edilməsi barədə bir kəlmə də sənədlərdə öz əksini tapmayıb. Bu sənədlərə görə, Azərbaycan Respublikası Ana yasasında dəyişikliyin edilməsi, dövlətimizin konfederativ birliyə çevrilməsi ideyası qırmızı xətlə keçir. Amma “ermənistan” ərazisində XX əsrin 80-ci illərinə kimi azərbaycanlıların yaşaması, daha sonra onlara qarşı soyqırım və onların qovulması, “ədalətli sülhün” bərpası müqabilində “ermənistan” ərazisinə azərbaycanlıların qayıdışı, onların yaşamı və muxtar hüquqlara sahib olması, yəni, “ermənistan”ın da konfederativ dövlətə çevrilməsi barədə bir kəlmə belə yoxdur.

Tutaq ki, Azərbaycan bu “sülh” sazişini, ya bölgədə güclənmiş Moskvanın, ya da Vaşinqtonun təzyiqi ilə imzaladı. 2-3 torpaqlarımız geri veriləcək. Amma şərtlərlə: məsələn, hücum üçün yararlı hərbi texnika və canlı qüvvələrdən ibarət hərbi hissələr olmasın və s. Dağlıq Qarabağ ərazisinə azərbaycanlılar məhdud sayda qaytarılacaq, çünki ermənilərin etnik çoxluğu daim təmin olunmalıdır. Bakı ilə bərabər konfederativ razılaşma imzalayacaq “arsax”ın öz polisi, hərbi birlikləri, öz vergi-maliyyə, xarici işlər və d. nazirlikləri olacaq. Ermənilərin toxunulmazlığını da ya rus, ya da beynəlxalq (BMT)  hərbi “sülhməramlı” qüvvələri təmin edəcək. Bu cür modeldə olan, yəni “arsaxlaşmış” Qarabağa Bakıdan kim Şuşanı, Xanıkəndini heç olmazsa görməyə gedər? Hətta məhdud sayda Qarabağa qaytarılmış azərbaycanlılar orada çox qala bilməyəcəklər. Arxalarında rus və ya BMT “sülhməramlı” hərbçiləri durmuş dığalar doğma ocaqlarına qayıtmış azərbaycanlıların gününü göy əskiyə bükəcəklər: daim sıxışdırma, təhqir, alçaltma və s.

Torpaqlar əvəzində bu cür “sülh” modelinin əyani nümunəsi var: Kosovo. Kosovoda serblər yalnız öz məhlələrində gəzişə bilirlər. Albanlar bölgədəki BMT “sülhməramlılarının” himayəsinə güvənib küçədə gördükləri serbə daim söz atır, onu aşağılayır, təhqir edir, zorakılığa təhrik edirlər. Əsəbləri dözməyib yumruqlaşmağa başlayan serbi alban polisi həbs edir və onun üçün ikinci cəhənnəm albanlardan ibarət Kosovo polis məntəqəsində başlayır. Orta məktəbi Kosovo serb məktəbində bitirmiş, Belqradda ali təhsil alıb Kosovoya qayıdan serblərə iş tapılmır, çünki Kosovoda iş və dolanıqşıq yalnız albanlar üçündür. Ona görə də son 15 il ərzində Kosovoda serblərin sayı sürətlə azalır. Serblər yalnız serb xristian kilsəsinin hər ay verdiyi cüzi məbləğdə yardımın hesabına başlarını girləyirlər. Əlbəttə, deyə bilərik ki, serblər 80-90-cı illərdə müsəlmanlara, yəni bosniyalılara və albanlara qarşı törətdikləri vəhşi soyqırımın bədəlini çəkirlər. Amma serblər üçün Kosovoda gerçəkləşmiş cəhənnəm “sülhü” bizim üçün hazırlanır! Serblərdən fərqli bizə qarşı soyqırım siyasti yeridilib, biz kimə nə etmişik ki, bizə qarşı bu cür “sülh” cəhənnəmi hazırlanır?

Bəs Azərbaycan bu “sülh” sazişindən nə qazanacaq? Əvvəla, Azərbaycanın nüfuzu bir qədər də aşağı düşəcək. Dünyanın hər bir ölkəsində bizi daim alçaldırlar ki, ermənilər torpaqlarınızı işğal edib, qız-gəlinlərinizin namusunu tapdalayıb, amma siz qisas ala bilmirsiniz. Əgər 2-3 torpaq əvəzində bu cür “sülhə” imza atsaq, onda sübut edəcəyik ki, təslim olmuşuq və ermənilərin işğallarını hüquqi möhkəmlədən sazişi imzaladıq. Yəni, zəif millətik və zəif dövlətçiliyə sahibik. İkincisi, Azərbaycanda işğalçı, terrorçu qüvvə olan ermənilərə konfederativ hüquq verilsə, etnik separatçılıq zəncirvari reaksiya ilə partlayacaq. Yerindən duran etnik separatçı “ermənilərə törətdikləri cinayət müqabilində konfederativ hədiyyə verirsiniz, bəs bizə niyə bu hüququ vermirsiniz?” deyə qaraqışqırığa başlayacaq. Bizə bu cür “sülh” lazımdırmı?

Xeyr, bizə bu cür təslimçi, biabırçı “sülh” lazım deyil. Bizə işğal altında torpaqlarımız və yağı düşməndən qisas almaq lazımdır!

Qarxunlu

 “Millətçilik” qəzeti