Qazaxıstan kinematoqrafçılarının “Tomiris” adlı blokbasteri kino dövriyyəsinə çıxdı. Tarixçilərin ehtimalına görə, e.ə. 570-520-ci illərdə yaşamış, qədim massaget tayfasının Ana xaqanı olmuş, Əhəməni imperatoru Kirin başını kəsərək “Qan istəyirdin. İndi doyunca iç!” deyərək qanla dolu kisəyə atmış bu əfsanəvi qadın haqqında film artıq oktyabrın əvvəllərindən Qazaxıstan kinoteatrlarında böyük anşlaqla qarşılandı.

Film müasir kino standartlarına uyğun, xüsusi kompüter effektləri, kütləvi döyüş səhnələri ilə bol bədii əsərdir. Əbəs yerə deyil ki, yüksək büdcəyə malik və geniş tamaşaçı kütləsi tərəfdən maraqla izlənilən filmlər sırasından olaraq onu “blokbaster” (ingiliscə, blockbuster) adlandırırlar.

Amma filmdən narazı qalanlar da vardır. Narazılığın müxtəlif səbəbləri var. Türk respublikalarından narazı qalanlar əsasən bu fikirdədirlər ki, “qazaxlar onları önlədi!”. Belə ki, türkmənlər, özbəklər, qırğızlar Tomirisi öz tarixi qəhrəmanı hesab edirlər. Feysbuk sosial şəbəkəsində Azərbaycandan olan bəzi istifadəçilər də bildirirlər ki, “qazax kino ustaları Tomirisi Azərbaycan tarixindən qaçırdılar”.

Belə ki, Herodota görə, Tomirisin üzərinə gedən Əhəməni imperatoru Kirin qoşunu Araz çayını keçmişdir. Massagetləri Orta Asiyada görən alimlər indiki İran-Türkmənistan sərhədində yerləşən Uzboy çayının guya qədimdə  “Araz” adı ilə tanındığını bildirirlər. Amma rus tarixçisi İqor Pyankov və fransız Delanoz massagetlərin Dərbənddən cənuba doğru Xəzər dənizinin qərb sahilində yerləşdiyini göstərirlər və Herodotun “Araz çayını” müasir Azərbaycan-İran sərhədinin keçdiyi Araz çayı ilə eyniləşdirirlər. İndiyədək massagetlərin müasir cənub-qərbi Orta Asiyada və ya Azərbaycan ərazisində yerləşməsi tarixçilər arasında mübahisə mövzusudur.

Ümumiyyətlə, “Tomiris” filmi ətrafında qızışan mübahisələri öz kökünə görə 3 yerə bölmək olar: 1-cisi, siyasi-ideoloji sifariş məsələsi, 2-cisi, kinodakı rejissor fantaziyası və nəhayət, 3-cüsü, anti-türk mövqedən filmə hücumlar.

Siyasi –ideoloji sifariş məsələsi

Filmin baxışından sonra Qazaxıstanın özündə və ondan kənar belə bir fikir yayılmağa başladı ki, filmdə qadın liderin xalqı toparlaması və ardınca aparması  ideyası arxasında birinci prezident Nursultan Nazarbayevin qızları Dariqanın, Dinaranın və əsasən də Aliyənin surətləri sezilir. Belə ki, filmin maliyyələşdirilməsinin, yüksək səviyyəli kinotexnoloji təminatının filmin birbaşa prodüseri və senaristi Aliyə Nazarbayevanın  tərəfindən gerçəkləşməsi əvvəlcədən bəlli idi. Qazaxıstanda Nazarbayevə müxalif qüvvələr filmin məhz siyasi sifariş əsasında istehsal edildiyini iddia edirlər.

Filmi “aşırı feminizmdə” ittiham edənlər də tapılır. Həmçinin, qeyd olunur ki, film ideoloji yük daşıyaraq qazaxların milli ideologiyasının formalaşmasına, arxetip qəhrəmanlar timsalında milli özünüdərkin artırılmasına xidmət edir.

Kinodakı rejissor fantaziyası

Sözsüz ki, hər bir bədii filmdə olduğu kimi Tomiris filmində də rejissor təxəyyülü öz əksini tapmışdır. Tarixçilər və o cümlədən, filmi müəyyən səbəblər üzündən gözdən salmağa çalışan xarici qüvvələr rejissor təxəyyülünü tənqid hədəfinə çeviriblər. Məsələn, onlar göstərirlər ki, filmdə göstərilənin əksi olaraq, tarixi mənbələrdə Tomirisin ata və anasının adı məlum deyil. Daha sonra Herodot və Strabonun salnamələrində Tomirisin massaget zadəganları nəslindən olması göstərilmir. Filmdəki “akibat” tayfası, Tomirisin əri “Arqun xaqan”, onun Babilistanda oğlu ilə birgə öldürülməsi epizodu tarixi mənbələrdəki məlumatlardan  uzaq rejissor fantaziyasıdır. Tomirisin ya massagetlərin, ya sakların və ya iskitlərin başçısı olması tarix elmində mübahisə obyekti olaraq qalır. Amma filmdə o, həm massagetlərin, həm də sakların Ana Xaqanı kimi göstərilib.

Qazaxıstanın tanınmış zərgəri, tarixi sənət sahələri, dəmirçilik və geyim üzrə mütəxəssis sayıılan Zərgər İlyas (İlyas Suleymenov) da filmin dizaynerlərini tənqid etmişdir. O bildirib ki, filmdə massagetlərin və ya sakların zərgər məmulatları, geyimləri, bəzəkləri, silahları tarixi baxımdan gerçək deyil. O, filmdəki sakların kasıb geyimlərini, “boz rəngli” həyat tərzini də tənqid atəşinə tutub, filmin məsləhətçilərini səriştəsizlikdə ittiham edir.

Həmçinin, Zərgər İlyas mediaya müsahibəsində bildirib ki, saklar monqoloid irqinə mənsub deyildilər. Saklarda/massagetlərdə müasir qazaxlarda oldugu kimi monqoloid cizgiləri ya yox idi, ya da olduqca az sezilirdi. Amma filmdə saklar/massagetlər müasir qazax və qırğızlardakı kimi monqoloid cizgilərinə xas əhali kimi göstərilir. Bir neçə filmin məsləhətçisi olmuş Zərgər İlyas bildirib ki, sakların və massagetlərin türkdilli olmasına şübhə etmir. Amma o dövrdə sak və massaget türkləri fiziki antropoloji cəhətdən monqoloid olmayıblar. Müasir qazaxlar yalnız Çingiz Xan dövründən etibarən əcdadlarının çinli və mancur qadınları ilə nikahlarından irəli gələrək avropeoid cizgilərini itiriblər.

Qeyd edək ki, qazax oxucuları bu yerdə Zərgər İlyasa belə bir sual ünvanlayırdılar ki, əgər ilkin türklər monqoloid olmayıblarsa, onda elə alınır ki, Altay dagları türklərin vətəni olmayıb?..

Filmdə tənqid olunan rejissor təxəyyülünün daha bir elementi də vardır. Film yaradıcıları qazax dilçilərinə və xüsusən, türkoloqlarına müraciət edərək qədim bir türk dilini yaratmağı sifariş etmişdilər. Nəticədə, filmdə bir-biri ilə “qədim türk dilində” danışan “sakların dili” hal-hazırda güclü tənqid obyektinə çevrilib. Hətta, filmin rejissoru Akan Satayevdən ciddi və ya məzəli, atmacalı şəkildə indiyədək soruşurlar ki, Atan mirzə, filmdəki “mana-sana” nə deməkdir?

Anti-türk mövqedən filmə hücumlar

Çox maraqlıdır ki, filmin geniş kinoekranlara çıxması ərəfəsində yayılmış blokbasterin treylerləri sosial şəbəkələrdə anti-türk qüvvələrin fəallaşmasına səbəb oldu. Əsasən, qeyri-türk millətlərinə mənsub bəzi sosial şəbəkə istifadəçiləri belə bir sual ilə çıxış edirdilər: hansı əsasla qazax kinematoqrafçıları massagetləri və sakları türk dilində danışdırıblar?

Oktyabrın əvvəlində film geniş ekranlara çıxdıqdan sonra artıq hansısa bir FB  istifadəçiləri deyil, Rusiya, Tacikistan, Rusiyanın forpostu olan “ermənistan” və hətta bir neçə avropalı tarixçilər bu məsələdə öz etirazlarını açıqlamağa başlayıblar. Mövcud tendensiya artan xətt üzrə getməkdədir.

Hətta, Moskva Dövlət Universitetinin İnformasiya-Analitik Mərkəzinin ekspertləri adından böyük bir məqalə rusdilli məkanda yayılmışdır. Rusiyalı ekspertlər açıq-aydın bildirirlər ki, dünya elmi tunc dövründən ilk dəmir dövrünədək və o cümlədən, iskit, massaget və sakların da daxil oldugu dövrlərdə Şimali Qara Dənizdən Altaya kimi olan ərazidə türk dillərinin mövcudluğunu qəbul etmir. Onlar bildirirlər ki, qədim tarix və türkologiya elminə görə, iskitlər, saklar və massagetlər dövründə belə, erkən türk dili və ya onun ləhcələri yalnız Altay dağlarında və onun yaxın ətrafında mövcud ola bilərdi. Bu ekspertlər hətta XX əsr və müasir dövr Türkiyə, türkmən, qazax, tatar, saxa, başqırd və digər türk mənşəli türkoloqların (məsələn, Tenişev, Kiyekbayev və d.) əsərlərini misal gətirib onlara istinad edirlər. Açıq bildirilir ki, irandilli xalqlarının iskit və sak tarixi müasir dövrdə türk respublikalarının bəzi alimləri tərəfindən guya “oğurlanmaqdadır”. “Tomiris” filmi də guya “bu oğurluğun” əyani sübutudur. Hətta onlar qazaxlara tövsiyə edirlər ki, islam dövrü tarixlərilə bağlı filmlər çəksinlər, iskit və sakların türk xalqlarına və o cümlədən, qazaxların tarixinə heç bir aidiyyatı yoxdur.

Yeri gəlmişkən qeyd etməliyik ki, həqiqətən də, dünya akademik türkologiya elmi türk dillərinin cavan olduğunu və Altay ərazisində formalaşdığını iddia edir. Rus türkologiyası türk dillərinin yalnız e.ə. 2-ci əsrdə hunların axınları ilə Altaydan qərbə doğru yayılmasını israrla vurğulayır. Məsələn, son dəfə bu mövzu üzrə Rusiya Elmlər Akademiyasının müxbir üzvü, türkoloq Anna Dıbonun “Prototürklər: ilkin türklərin erkən linqvistik kontaktları” əsəri dərc edilib. Qərb türkologiyası ilə müqayisədə hələ Rusiya türkologiyası “toya getməlidir”. Belə ki, anqlo-sakson ölkələrinin, alman, fransız türkologiyasına, dilçiliyinə görə, hunlar heç də türkdilli olmayıblar. Türk dilləri isə, eramızın vur-tut 5-ci əsrində, yəni, 1-ci Göktürk xaqanlığı dövründə Altaydan qərbə doğru yayılıb.

Akademik dilçilik və türkologiyada oturuşmuş bu fikirlərə qarşı təkzib vermək üçün türk dövlətlərində dərin dilçi və türkoloji araşdırmalar aparılmalıdır. Amma türk respublikalarında dilçilik və xüsusən də türkologiya elmi daha çox ədəbiyyatşünaslıq istiqamətindədir, digər dillərlə komparativist müqayisələr aparmaq üçün müxtəlif dil ailələri (Hind-Avropa, Çin, Ural, Dravid, Qafqaz və s.) üzrə mütəxəssilər yoxdur. Ona görə də, nəinki Tunc dövrünün hansısa arxeoloji mədəniyyət daşıyıcılarının, nəinki iskitlərin, sakların, massagetlərin, sabirlərin və s. tarixi xalqların, hətta hunların, eftalitlərin (arsaqların) türk dilli olması məsələsində elm meydanı erməni və ermənipərəst alimlərin əlindədir…

Bundan başqa, həmin o rusiyalı ekspertlər filmin müəyyən məqamlarını lağa da qoyurlar. Onlar deyirlər ki, filmin süjet xətti “çeynənmiş sxem üzrə gedir: valideyn himayəsindən məhrum olmuş zadəgan xanım yeni liderə çevrilənədək əzablı yollar keçir, sonra isə valideynlərinin və tayfasının qisasını alır”. Filmi alçaltmaq məqsədilə onun süjet xəttini “Kral Şir” uşaqlar üçün cizgi filminin süjet xəttindən götürüldüyünü bildirirlər. Amma digəl ki, rusiyalı ekspertlər oxşar süjet xəttli Hollivudun məşhur “Ben Hur”, “Çingiz xan” və d. filmlərini göstərmirlər. Onların əsas məqsədi “Tomiris” filmini gözdən salmaqdır, buna görə müqayisəni Hollivudun məşhur “Ben Hur”, “Çingiz xan” və d. filmləri ilə deyil, uşaqlar üçün  cizgi filmi ilə aparırlar.

 Nəticə

Blokbasterdə müəyyən tarixi mənbələrdəki faktlara zidd süjet xətti rejissorun fantaziyası, təxəyyül məhsulu ola bilər. Bu, bütün tarixi və qəhrəmanlıq filmlərində var. Rus analitiklərinin lağa qoymaq istədiyi məqam isə, bir çox tarixi və qəhrəmanlıq filmlərində oxşar süjet xətti kimi təkrar olunur. Bütün bunların hamısı normal haldır. Anlaşılan da budur ki, filmi məsxərəyə qoymaqla onu gözdən salmağa çalışırlar. Çünki, sak və massagetlərin, o cümlədən iskitlərin hamısının və ya bir hissəsinin hər hansı bir qədim türk dilində danışması barədə istər elmi məqalə, istərsə də bədii film bu dünyada çoxlarının əsəblərini gərginləşdirir.

Bütün bu tənqidlərə rəğmən biz qazax kinematoqrafçılarını təbrik edirik! Onlar qazax xalqının və ümumiyyətlə türk xalqlarının özünüdərkində əcnəbi qüvvələr tərəfdən yaradılmış “özünü dəyərsizləşdirmək kompleksi” buxovlarının dağıdılmasında böyük bir ilkə imza atmışlar.

Sevda Elay (Əskərova), Pərviz Elay