“Son günlərdə Azərbaycan xalqı tarixinin ən yadda qalan və şanlı dönəmlərindən birini yaşayır.

Beynəlxalq hüququn Azərbaycanın tərəfində olması, ordumuzun hərbi-texnoloji üstünlüyü, əsgərlərimizin qəhrəmanlığı, xalqımızın Ali Baş Komandana hədsiz sevgisi, böyük döyüş ruhu və s. faktorlar ölkəmizin ərazi bütövlüyünü tam təmin etməsini şərtləndirdi. Ali baş komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu vaxtilə nağıl kimi görünən həqiqətləri günbəgün bərqərar etdi, işğal olunmuş ərazilərdən didərgin düşmüş əhalinin uzun illərin həsrətinə son qoyuldu, Azərbaycanın siyasi qələbəsinin və Ermənistanın məğlubiyyətinin təsdiqi olan 10 noyabr üçtərəfli Bəyanatının imzalanması ilə tarixi torpaqlarımız öz gerçək sahiblərinə qaytarıldı.”

Bu fikirləri “Yeni Gündəm”ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

A.Məmmədov bildirib ki, indi əsas məsələ yenidən həmin torpaqlarda əvvəlki həyatı bərpa etməkdir: “Məlumdur ki, uzun müddət işğalda olan torpaqlarımızda bütün infrastruktur dağıdılıb, əksər kənd və şəhər tamamilə talan edilib. Lakin qısa bir zamanda tezliklə işğaldan azad edilən torpaqlarımızın zəngin resursları və iqtisadi potensialı Azərbaycanın iqtisadi gücünə güc qatacaq, ölkəmizin sosial-iqtisadi inkişafına mühüm töhfə verəcək. Çünki işğaldan azad olunan ərazilərin tarixi-mədəni dəyəri və zəngin iqtisadi potensialı ölkə iqtisadiyyatına inteqrasiyası ilə yaradılacaq yeni iqtisadi dəyərin Azərbaycan dövlətinin çəkdiyi və bundan sonra da tərəddüdsüz və xüsusi fiskal gərginlik yaşamadan çəkəcəyi bütün maliyyə xərclərini dəfələrlə üstələyəcəkdir. Bununla əlaqədar işğaldan azad olunan rayonlarımızın kənd təsərrüfatının inkişafı və bütövlükdə iqtisadiyyatının yenidən qurulması ilə bağlı ayrıca tədbirlər planı hazırlanacaq. Bütün infrastruktur yaradılacaq. Küçələr, parklar, xiyabanlar salınacaq. Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və həyat qayıdacaq. Xarici və yerli şəhərsalma mütəxxəsislərinin iştirakı ilə Qarabağda tamamilə modern bir şəhərsalma planı qurulacaq. Şəhər və kəndlərin infrastrukturu yeniləşəcək və ekoloji tarazlıq bərpa olunacaq. Bununla da yaşadığımız bölgəyə barışıq gətirən Azərbaycan dövləti regionun inkişafının təminatçısına çevriləcək.”

Deputat onu da qeyd edib ki, artıq işğaldan azad edilən ərazilərin ilkin qiymətləndirilməsi ilə bağlı Prezident İlham Əliyev müvafiq göstəriş verib: “Burada məqsəd ondan ibarətdir ki, həmin rayonlarda mövcud infrastruktur qiymətləndirilsin, işğal altında olduğu dövrdə dəyən zərər hesablansın və eyni zamanda, kənd təsərrüfatının inkişafı ilə bağlı istiqamətlər müəyyənləşdirilsin. Artıq müharibə arxada qaldı. Bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Əgər 1992-1993-cü illərdə xalqımız bütövlükdə “uduzmuş xalq” sindromunu yaşayırdısa, bu gün artıq xalqımız qalibdir və özünə, dövlətinə, ordusuna bütün varlığı ilə inanır. Qarabağa yenidən həyat qayıdır. Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq.”