Hər bir insan dünyaya missiya ilə gəlir. Xüsusi göndərilən insanların missiyaları fərqlidir. Onlar tək özləri üçün yaşamırlar. Seçilmişlərin mübarizəsi toplum üçün, cəmiyyət üçün olur. Nəticədə sevinənlərin sayı gün-gündən artır. Tanrı sevimlisi olmaq böyük xoşbəxtlikdir. Bunu daşımaq çətin olsa da, şərəflidir.

Həyatda elə insanlar olur ki, onlara “nə yaxşı ki, dünyaya gəldin” deyib, gəlişinə sevinirik. Dost kimi, sirdaş kimi.

Taleh Əliyev tanıyanlara sevinc bəxş edən, dostlarını gəlişinə sevindirən insanlardandır. Şənlik məclislərini şənləndirən, çətin günlər üçün simsar, arxa olaraq.

Uşaqlıqdan atasını itirən Talehin taleyinə ailənin yükünü çəkən anasına dayaq olmaq düşdü. Hər şeyin dalınca özü qaçmalı oldu. Evin böyük oğlu, böyük qardaş, nəslin məsləhət yeri, qohum kimi. O qədər tələsdi, qaçdı ki, yerişi də qaçaraq oldu. Təki çatdırsın…

1976-cı ilin 10 yanvarında Ağdam rayonunun Poladlı kəndində doğulan Taleh Məhəmməd oğlu Əliyev kəndləri işğal olunduğundan sonra, 1993-cü ildə orta məktəbi Ağdamın Quzanlı kəndində bitirməli oldu. Elə həmin il də Bakı Sosial İdarəetmə və Politologiya İnstitutununa daxil oldu.

Köçkün, didərgin ömrünün acısını yaşaya-yaşaya gənc yaşlarından ictimai-siyasi proseslərə qatıldı. Ali təhsilini politoloq kimi başa vuran Taleh həyatda da, siyasətdə də mövqe sahibi oldu.Dostların sevimlisinə çevrildi.

Zaman Talehi yaşından tez böyütdü. Ağrılar, çatışmazlıqlar dən olub saçına töküldü. Etdikləri yaxşılıqlar, verdiyi məsləhətlər, işlətdiyi kəlamlar onu yaşıdları, zabit dostları arasında ağsaqqal etdi.

Harada oldusa, sevildi, hörmət qazandı. Söz sahibi oldu. Özünə çatmayan əli, zamanı, başqasına yardıma çatdı.

Yaradanın xeyirxahlıq üçün yaratdığı insanlardandır Taleh Əliyev.

Budur onu hamı üçün doğma, əziz edən.

İlk övladı Məhəmməd universitetə qədəm qoyduğu günün sevincini cəbhədə, döyüşdə qarşıladı. Torpaqların alınmasına qatdı ata sevincini.

Çoxdankı arzusuna, Qarabağın işğaldan azad olunması qatqısını qatan zabitimizin Qələbə sevinci ona yaşamadığı illərin ağrısını unutdurdu. Sevincinə milyonları şərik etdi.

Mülki həyatda işlədiyi hər yerdə sevilən, seçilən Taleh bəy, hərbidə də ordu komandanlığı tərəfindən yüksək qiymətləndirildi.

Milli Ordumuzun baş leytenantı Taleh Əliyevi Qələbə təbrikindən sonra yaxın günlərdə yeni rütbə alması və “Vətən Müharibəsin iştirakçısı”na görə də təbrik edəcəyik.

Hər zaman yeniliklərə can atan, innovativ metodların ölkəmizdə tətbiqinə səy göstərən, istənilən mövzuda diskusiya aparmaq qabiliyyəti olan, ölkədə və dünyada baş verən ictimai-siyasi prosesləri təhlil edən politoloq, ictimai sektorun fəal üzvü, Ümid Partiyası İcra Aparatının rəhbəri Taleh Əliyevin növbəti parlament seçkilərində qələbə qazanacağına və böyük uğurlarına hələ çox sevinəcəyik.

Vətən sevdalım

Uğur udur bütün yarımçıqları,

Sevinc yox edir qaranlıqları.

Qələbənin ilk işartıları görünür,

Müjdənin ilk sədası eşidilir.

Yolun daim açıq olsun, vətən sevdalım!

Hamıdan çox sevdiyin vətən səni seçdi.

Seçilmiş oldun.

Bayrağı qaldıran qol,

Ruhu yaşadan qüvvət oldun.

Dağlar səsini eşidib sevinər,

Küsülü torpaq addımının istiliyinə barışar,

Çaylar sevinc göz yaşlarını yuyar.

Bu seçilmişlərinə Tanrı bəxşidi.

QƏLƏBƏnlə qaytar bu millətin

Solğun üzünə təbəssümü,

Unudulan sevincini,

İtirdiklərini,

VƏTƏN SEVDALIM!

27.09.2020

Rəfail Tağızadə

25.12.2020