Suriya ətrafındakı hadisələr, Rusiya-İran münasibətlərinin güclənməsi və nəhayət, bu ilin aprelin 30-da İsrailin baş naziri Benyamin Netanyahunun İranın gizli olaraq nüvə silahının yaradılması üzərində çalışması barədə məşhur açıqlaması Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) adlandırılan (ingiliscə, Joint Comprehensive Plan of Action, qısa JCPOA) sazişdən çıxdığını elan etməyə ABŞ üçün bəhanə oldu.

ABŞ, 15 iyul 2015-ci ildə İran və “altılıq” ölkələrinin (ABŞ,Fransa,İngiltərə, Almaniya, Çin və Rusiya) təsdiqlədiyi  BHFP-dən çıxmaqla kifayətlənmədi. Bu il may ayından etibarən avqust ayının 7-dək İrana qarşı iqtisadi sanksiyaların ilkin mərhələsi, avqustun 7-dən noyabrın 4-dək ikinci mərhələsi tətbiq edildi. Bu sanksiyaların acı nəticəsi özünü gözlətmədi. İran rialının sürətlə dəyərdən düşməsi, iri Avropa şirkətlərinin İranı tərk etməsi və nəhayət, İranın neft ixracatına ciddi maneələrin törədilməsini nəzərdə tutan yasaqlar bu ölkədə iqtisadi şəraiti ağırlaşdırdı. Bu iqtisadi problemlər də dərinləşdikcə ölkədə sosial etirazların artmasına rəvac verdi.

SANKSİYALARIN ÜÇÜNCÜ MƏRHƏLƏSİ

Bir  aydan sonra, yəni, noyabrın 4-də İrana qarşı ABŞ-ın tətbiq etdiyi sanksiyaların üçüncü mərhələsi və ya ayrı sözlə desək, üçüncü paketi tətbiq olunacaq. Nəzərdə tutulmuş sanksiyalar ilk iki mərhələdəkilərlə müqayisədə daha kəskin olacaq.

Elə bu yaxınlarda ABŞ maliyyə nazirinin yardımçısı Marşal Billinqsli mətbuata açıqlamasında bildirdi ki, 4 noyabrdan başlayaraq energetik sektora və yük daşımalarına, habelə İranın mərkəzi və digər banklarına, həmçinin bu banklarla əməkdaşlıq edən istənilən xarici ölkə maliyyə qurumlarına qarşı geniş sanksiyalar tətbiq  ediləcək.

Sadə dil ilə desək, İranın neft və neft məhsullarının dünya bazarına çıxarılmasına yasaq qoyulur. İran neftini digər ölkələrə aparan istənilən çeşidli nəqliyyat şirkətlərinə (dəmir yol, əsasən də iri tutumlu tankerləri olan şirkətlərə) ciddi iqtisadi təhdidlər ediləcək. Beynəlxalq ticarət və ölkələrarası pul dövriyyəsini və köçürmələri (tranzaksiyaları) gerçəkləşdirən hər bir bank (istər İranın olsun, istər İran üçün tranzaksiyalar edən digər ölkələrin bankları olsun)  faktiki ciddi risk edir. Çünki İrana yönəli tranzaksiyalara görə, bankı ilk əvvəl beynəlxalq elektron pulköçürmə sistem olan SWIFT-dən ayırırlar, sanksiya altındakı bankla əməkdaşlıq edən digər banklara da sanksiya tətbiq edilir.

İndi təsəvvür edək ki, hər hansı ölkənin xaricə satış üçün yollarını bağlasınlar, üstəlik də, xarici ticarət üçün əsas şərt olan pul dövriyyəsi yollarını kəsirlər; bu ölkənin iqtisadiyyatı nə vəziyyətə düşər? SSRİ kimi nəhəng imperiyanı bundan da zəif sanksiyalar çökdürdü…

Sözsüz ki, İran da bu cür təhlükədən yayınmaq üçün tədbirlər görür. Dünya KİV-lərində getmiş məlumata görə, bir sıra Avropa ölkələrində iranlı diplomatlar ABŞ həmkarları ilə əlaqələr axtarır və hətta gizli danışıqların baş tutmasına cəhdlər də olub.

Amma görünür bu cəhdlər nəticəsiz qalıb, ona görə də İran rəsmiləri hətta ABŞ-a qarşı BMT məhkəməsində iddia qaldırdılar.

Belə ki, BMT-nin Beynəlxalq məhkəməsinin bu iddia ilə bağlı qərarı oktyabrın 3-də məhkəmənin sədri Abdulkavi Əhməd Yusif tərəfindən elan edilib. Onun sözlərinə görə, ABŞ mayın 8-də tətbiq etdiyi sanksiyaların İranın humanitar sahəsinə və mülki aviasiyasına zərər vurmamasını təmin etməlidir. Bundan başqa, məhkəmə hər iki tərəfi fikir ayrılığının dərinləşməsinə səbəb olacaq fəaliyyətlərdən çəkinməyə çağırıb.

Abdulkavi Əhməd Yusif, həmçinin xatırladıb ki, BMT-nin Beynəlxalq məhkəməsinin müvəqqəti tədbirlərə dair qərarı məcburi xarakter daşıyır və tərəflər üçün beynəlxalq-hüquqi öhdəlikdir.

İranın Xarici İşlər Nazirliyi ABŞ-ın Tehrana qarşı bir sıra sanksiyalarının tətbiqinin dayandırılması barədə məhkəmə qərarını razılıqla qarşılayıb. Nazirliyin rəsmi mövqeyini Tasnim agentliyi dərc edib.

İranın ABŞ-a qarşı iddiası 1955-ci il müqaviləsinin müvafiq bəndlərinin pozulmasını ehtiva edirdi. ABŞ-ın İranın bu cür iddiasına və BMT Beyənlxalq məhkəməsinin qərarına cavabı özünü gecikdirmədi. Belə ki,  ABŞ-ın dövlət katibi Mayk Pompeo elə iki gün öncə bəyan etdi ki, ABŞ İranla dostluq haqqında 1955-ci il müqaviləsini də ləğv edir.

Bu qərar BMT Beynəlxalq Məhkəməsinin İranın ABŞ-a qarşı iddiasını qismən təmin etməsindən sonra qəbul olunub. Məhkəmə qərarında qeyd olunur ki, Vaşinqton 1955-ci ildə İranla imzalanan dostluq müqaviləsinin müddəalarını pozur.

İRANA QARŞI SANKSİYALAR VƏ AZƏRBAYCAN

Forbes jurnalının iqtisadi analitiki Mixail Şöybenin proqnozlarına görə, bu ilin noyabr-dekabr aylarında sanksiyaların ucbatından İranda neft çıxarma göstəricisi avqustdakı 1 sutkada 1,5 milyon barreldən 1 milyon barrelə enəcək.  Enmə sonrakı aylarda artan xətlə getsə, dünya bazarında neftə olan tələb təklifi üstələyəcək. Bu isə, dünya bazarında neftin qiymətinin artmasına rəvac verəcək. Amma beynəlxalq bank əməliyyatları sahəsində İrana qarşı sanksiyalar hətta bu səviyyədə çıxarılan İran neftinin satışına ciddi əngəl olacaq. Sadə dil ilə desək, çıxardığı nefti sata bilməyən İran sadəcə neftçıxarmanı azaltmaq məcburiyyətində qalacaq, çünki neft rezervuarlarında artıq yer olmayacaq.

Sözsüz ki, İranın dünya neft bazarında payının azalması, neft qıtlığına, bu isə, neftin qiymətinin qalxmasına səbəb olacaq. İqtisadiyyatı neft gəlirlərindən asılı olan Azərbaycan üçün bu cür durum sərfəlidir. Amma iqtisadi xeyirin digər təhlükəli tərəfi var. Bu da siyasi risklərdir.

Yeni dövr tarixindən bəllidir ki, iqtisadi durumu ağır olan ölkələrin üç alternativi var: 1) Ölkədə hakimiyyətə dünya güclərinin tələblərinə tabe olan “təslimçi iqtidar” gələ bilər (SSRİ, kommunist Bolqarıstan misalı); 2) Ölkədə hakimiyyətə aqressiv və militarist qüvvələr gəlir ki, bu da tezliklə qonşu dövlətlərlə müharibə senarisini gerçəkləşdirir (Hitler Almaniyası misalı); 3) Ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsi ilə üzləşir (Rus imperiyasının dağılması və vətəndaş müharibəsi misalı).

İranda proqnozlaşdırılan hər üç senari Azərbaycan üçün indiki zamanda təhlükəlidir. Birinci senari üzrə əgər İranda hakimiyyətə qərbyönlü dini, ya avtoritar (hərbi xunta, diktator, şahçı və s.) və ya demokratik qüvvələr gəlsə,ən azından Azərbaycanın bölgədə strateji əhəmiyyəti zəifləyər. Çünki ABŞ-da, Avropada və İsraildə Azərbaycanı potensial müttəfiq kimi dəyərləndirən siyasi dairələr üçün artıq Qərbyönlü İran daha maraqlı olacaq.

İkinci senari üzrə, İranda hakimiyyətə aqressiv militarist qüvvələr gəlsə, birbaşa Azərbaycan Respublikasının ərazi bütövlüyü və hətta mövcudluğu üçün ciddi təhlükə yarana bilər. Azərbaycan faktiki XX əsrin 30-cu illərində Hitler Almaniyası ilə qonşu olmuş Çexoslovakiya və ya Polşanın faciəli aqibətini təkrarlamaq təhlükəsi ilə üzləşər.

Üçüncü senari üzrə hadisələrin gedişini isə, proqnozlaşdırmaq ümumiyyətlə çətindir. Nə Rusiya, nə Qərb imkan verməzlər ki, xaos girdabına düşmüş İran parçalansın, hələ üstəlik də Türkiyə və Azərbaycan Respublikası arasında 30 milyonluq bir Güney Azərbaycan dövləti yaransın. Ona görə, də onlar İranın parçalanmasına, xüsusilə də, Güney Azərbaycanın müstəqil bir dövlətə çevrilməsinə yol verməyəcəklər. Ən maksimal olaraq, dünya güclərini İranın bir-birilə dayanmadan müharibə edən regionlara parçalanması senarisinə yaşıl işıq yandırarlar. Çünki bu halda İran ərazisi böyük bir müharibə meydanına çevriləcək və bu qan çanağı genişlənərək Azərbaycanı, İraqı, Türkiyəni belə, öz içinə ala bilər: qaçqın axını, təriqət, etnik və s. əsaslı toqquşmaların qanlı fəsadları ilə…

Bizə hələki İranda İsrailə, sünni ərəb dünyasına və Qərbə meydan oxuyan rejimin qalması sərf edir. Çünki bu cür durumda Azərbaycan Respublikasının strateji əhəmiyyəti və çəkisi güclənir.

Həmçinin, etiraf etməiyik ki, yuxarıda göstərilən mümkün təhlükənin hər üç senarisinə hazır da deyilik.

Allah Azərbaycanı qorusun!

Qarxunlu

“Millətçilik” qəzeti