Azərbaycanın Qarabağ ərazisində aparılan kompleks arxeoloji tədqiqatlar nəticəsində uzaq keçmişimizə aid zəngin maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. Araşdırmalar göstərir ki, qədim insanlar paleolit dövründə əsasən Azərbaycanın dağlıq ərazisində mövcud olan təbii karst düşərgələrində, çay kənarlarında, qaya sığınacaqlarında və yaşamaq üçün əlverişli təbii coğrafi şəraiti olan yerlərdə məskunlaşmağa başlamışlar.

    Azərbaycanın ən qədim tarixini, mədəniyyətini, arxeologiyasını və etnoqrafiyasını öyrənmək üçün bəşəri əhəmiyyətə malik abidələr Qarabağın Quruçay və Köndələnçay vadilərində aşkar olunmuşdur. Xüsusi ilə Azıx və Tağlar qədim insan düşərgələrində aparılan elmi tədqiqatlar zamanı Azərbaycan ərazisində ən qədim ibtidai insanların uzun müddət məskən salıb, bu ərazidə formalaşması elmi əsaslarla sübuta yetirilmişdir.

    Hələ 2,5 milyon il bundan əvvəl Qarabağ silsiləsinin cənub-şərq ətəklərində yerləşən Quruçay və Köndələnçay vadiləri və xüsusilə də Tuğ çökəkliyi ibtidai insanların məskunlaşması üçün əlverişli təbii şəraitə malik idi. Eyni zamanda bu ərazilər ibtidai insanların yaşaması üçün zəruri maddi nemətlərlə zəngin olmuşdur. İbtidai insanlar Quruçay və Köndələnçay vadilərində mövcud olan təbii karst düşərgələrində həmin vaxtdan etibarən məskunlaşmağa başlamış və müəyyən müddət keçdikdən sonra onlar çay daşlarından hazırladıqları əmək alətləri ilə birlikdə Azıx və Tağlar mağaralarında yaşamağa başlamışlar.

    Bu baxımdan Qarabağın ən gözəl guşələrindən biri olan Şuşada aparılmış elmi tədqiqat işlərinin mühüm elmi əhəmiyyəti vardır. 1971-1973, 1975-ci illərdə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun Mil-Qarabağ arxeoloji ekspedisiyası Məmmədəli Hüseynovun rəhbərliyi altında Qarabağın ən qədim ərazilərindən biri olan Şuşada elmi tədqiqat işləri aparmışdır. Bu sətirlərin müəllifi də həmin ekspedisiyanın iştirakçısı olmuşdur. Aparılan arxeoloji qazıntılar nəticəsində Şuşa şəhəri yaxınlığında, Cıdır düzünün aşağı hissəsində paleolit mədəniyyətinə aid qədim insan düşərgəsi aşkar olunmuşdur.

    Düşərgə Şuşa şəhərinin ərazisində olduğu üçün ona Şuşa mağarası adı verilmişdir. Mağara Daşaltı çayının sol sahilində, dəniz səviyyəsindən 1500 metr yüksəklikdə, çayın müasir yatağından isə 80 metr hündürlükdə yerləşir. Karst mənşəli mağara təbii surətdə milyon il bundan əvvəl formalaşmışdır. Düşərgənin eni 20, uzunluğu 100, hündürlüyü isə 7 metrə bərabərdir.

    Şuşa mağarasında aparılan tədqiqatlar zamanı çöküntülərdə 5 təbəqə müəyyən olunmuşdur. Birinci və ikinci təbəqələrdə aparılan arxeoloji qazıntılar zamanı eneolit, tunc, antik və orta əsrlərə aid metal və gil qab qırıqları tapılmışdır. Düşərgənin üçüncü təbəqəsində heç bir maddi mədəniyyət nümunəsi qeydə alınmamışdır. Dördüncü və beşinci təbəqələrdə paleolit dövrünə aid maddi mədəniyyət nümunələri aşkar olunmuşdur.

    Paleolit mədəniyyətinə aid daş məmulatı içərisində 4 ədəd kobud çapma aləti, 5 ədəd qaşov tipli alət, 2 ədəd mustye və levallua itiucluları və 6 ədəd qəlpə tapılmışdır. Düşərgənin daş məmulatı içərisində 7 ədəd istehsal tullantısı da qeydə alınmışdır. Bu isə düşərgənin qədim sakinlərinin əmək alətlərini mağarada hazırladıqlarını göstərir. Şuşa mağara düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı aşkar olunmuş daş məmulatının texniki və tipoloji xüsusiyyətlərinə əsasən onların orta aşel və mustye mədəniyyətləri zamanı hazırlandıqlarını söyləmək olur. Deməli, qədim Şuşa ərazisində olan mağara düşərgəsində ibtidai insanlar 200-250 min il bundan əvvəl məskunlaşmağa başlamışlar.

    Düşərgədə aparılan arxeoloji qazıntılar zamanı daş məmulatı ilə yanaşı, ovlanmış heyvan sümükləri də tapılmışdır. Bu da düşərgədə yaşayan qədim insanların ovçuluqla məşğul olmalarını göstərir.

    Maraqlıdır ki, Şuşa mağarasının qabağında və ətraf ərazilərdə antik dövrə aid qala divarlarının qalıqları aşkar olunmuşdur. Bəzi yazılı tarixi mənbələrdə də Şuşa şəhəri ərazisində qədim insanların yaşamasına dair məlumatlar vardır.

    Şuşa şəhərinin salınma tarixi barədə tarix elmində müxtəlif mülahizələr mövcuddur. Elmi ədəbiyyatın çoxunda Şuşa şəhərinin əsasının 1750-ci ilin əvvəllərində Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulması qeyd olunur. Lakin son 50 il ərzində Azərbaycan alimlərinin apardıqları kompleks elmi tədqiqat işləri nəticəsində Şuşanın ölkəmizin ən qədim şəhərlərindən biri olması elmi əsaslarla sübuta yetirilmişdir.

    Məlum olmuşdur ki, XVIII əsrdən hələ çox əvvəllər də Şuşa şəhərinin ətrafında müdafiə qalaları və istehkamları mövcud olmuşdur. Pənahəli xan isə ona qədər Şuşa ətrafında mövcud olan bəzi müdafiə qalalarını bərpa etdirmişdir. Qarabağ xanlığı təşkil olunduqdan sonra Pənahəli xan Bayat, Şahbulaq və Pənahabad qalalarını 1748-1757-ci illərdə tikdirib başa çatdırmışdır. Pənahəli xan çox mühüm hərbi strateji əhəmiyyətə malik olan yaşayış məntəqələrinin ətrafına müdafiə divarları çəkdirmiş və həmin yerləri abadlaşdırmışdır.

    Bu dövrdən etibarən yeni tarixi başlayan və Qarabağ xanlığının mərkəzinə çevrilən Şuşa bir müddət Pənahəli xanın adı ilə Pənahabad adlanmışdır. Lakin 1971-1973 və 1975-ci illərdə aparılan arxeoloji tədqiqatlar zamanı Şuşa ərazisində paleolit dövrünə aid qədim insan düşərgəsinin aşkar olunması, həmin düşərgədə və onun yaxınlığında antik dövrə aid qala divarlarının qeydə alınması, aşkar olunmuş maddi mədəniyyət qalıqları əsasında Şuşada qədim insanların orta aşel mədəniyyəti dövründən məskunlaşmağa başlaması, qala divarlarının isə antik dövrdən tikilməsi müəyyən edilmişdir. Aşkar edilmiş maddi mədəniyyət nümunələri əsasında Şuşa ərazisində qədim insanların 200-250 min il bundan əvvəl yaşamağa başlamaları və bu diyarın qədim sivilizasiya mərkəzlərindən biri olması elmi əsaslarla sübuta yetirilmişdir.

    Son 50 ildə Azərbaycan alimlərinin Qarabağ, o cümlədən Şuşa ərazisində apardıqları arxeoloji, etnoqrafik, epiqrafik, paleocoğrafi və antropoloji elmi tədqiqatlar ən qədim zamanlardan-yəni Quruçay mədəniyyətindən başlamış Azərbaycan xalqının ulu əcdadlarının bu torpaqlarda yaşadığını, zəngin maddi və mənəvi mədəniyyət yaratdığını sübut edir və tarixi saxtalaşdırmağa cəhd edən ermənilərin iddialarının elmi cəhətdən tamamilə əsassız olduğunu göstərir.

   Mən 1969-1988-ci illərin yay mövsümlərində Qarabağı qarış-qarış gəzmiş və elmi tədqiqat işləri aparmışam. Qarabağın istər dağlıq, istərsə də aran ərazilərində zəngin arxeoloji, memarlıq tarixi və dini abidələr mövcuddur. Ümumiyyətlə, Qarabağ bəşəriyyətin ayrı-ayrı inkişaf mərhələlərini öyrənmək üçün zəngin maddi mədəniyyət nümunələrinə malik olan ulu vətənimizdir.

   Lakin, 1988-ci ilin fevralından başlayaraq erməni mafiyasına xidmət edən qüvvələr Qarabağı və onun ətraf ərazisində olan yeddi rayonu işğal etmişlər. Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevin apardığı səmərəli və uzaqgörən siyasət nəticəsində 27 sentyabr 2020-ci ildə başlanmış Qarabağı azad etmək üçün vətən müharibəsi nəticəsində artıq Füzuli, Cəbrayıl, Zəngilan, Hadrut əraziləri erməni terrorçularından azad olunmuş və Azərbaycan bayrağı həmin ərazilərdə dalğalanır. Prezidentimizin apardığı qətiyyətli siyasət, ordu quruculuğunda əldə etdiyi nailiyyətlər nəticəsində, dövlətimizin və xalqımızın möhkəm birliyi sayəsində yaxın günlərdə Qarabağın digər əraziləri, o cümlədən Şuşa, Xankəndi azad olunacaq. Azərbaycan bayraqları həmin ərazilərdə dalğalanacaqdır. Beynəlxalq təşkilatların 30 il ərzində əldə etmədiyi nailiyyətləri Azərbaycan ordusu əldə etməyə başlamışdır. İnanıram ki, yaxın günlərdə bütün Qarabağ ərazisi və işğal olunmuş ətraf rayonlar terrorçulardan azad olunacaqdır. Qarabağ torpağı azad nəfəs alacaqdır. Qarabağ uğrunda həlak olmuş şəhidlərimizin ruhu şad olacaq. Qələbədən sonra Azərbaycan xalqı kimi biz alimlər də Qarabağ ərazisində elmi tədqiqat işlərini davam etdirəcəyik. Müqəddəs Qarabağ torpaqlarının azad olunması bütün tərəqqipərvər bəşəriyyətə töhfə olacaqdır.

   Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan ordusu! Qarabağ Azərbaycandır!

Əsədulla Cəfərov

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri,

tarix elmləri doktoru, professor