Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Tural Tarverdiyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Bakıxəbər.az-ın xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, T.Tarverdiyevin əməli Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsindən 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib. Bu maddə ilə ona 3 il azadlıqdan məhrum etmə cəzası təyin olunub.

Xatırladaq ki, dövlət ittihamçısı T.Tarverdiyevin 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttiham aktına əsasən, hadisə ötən ilin dekabr ayında Suraxanı rayonu, Bülbülə qəsəbəsində baş verib. Qəsəbə sakini Tural Tufan oğlu Tarverdiyev Sabunçu rayonu, Ramana qəsəbəsində bacısının həyat yoldaşının yaşadığı evə gəlib. O, həmin evdə yeznəsi Anar Vaqif oğlu Rəsulova və onun atası Vaqif Rəsulova ov tüfəngi ilə atəş açaraq onları öldürməyə cəhd edib.