AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru Tufan Axundovun “Tabağtəpə (Son Tunc dövrü yaşayış yeri. İlkin məlumat)”, Bakı, 2020, “AFpoliqrAF”, 48 s.) adlı monoqrafiyası nəşr edilib.

2006-cı ildə Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyasının Kürün orta axarı hövzəsində apardığı tədqiqatlar zamanı əvvəllər bəlli olan və həmçinin, ekspedisiya tərəfindən yeni aşkar edilmiş 25 müxtəlif abidə nəzərdən keçirilmişdir. Kəşfiyyat xarakterli arxeoloji araşdırmalar zamanı abidələrdən bəziləri stratiqrafik şurflarla tədqiq edilmiş, bütün abidələrdən yerüstü material toplanmış, obyektlərin bir qisminin topoqrafik planları tərtib edilmişdir.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərviz Qasımovun saytımıza verdiyi məlumata görə, ekspedisiyanın aşkar etdiyi maraqlı abidələrdən biri Tabağtəpə yaşayış yeri olmuşdur. Qədim yaşayış məskəni Ağstafa rayonu ərazisindəki Zəlimxan kəndindən şimal – şimal-şərqə doğru 2,6 km məsafədə yerləşir. Təpənin yamaclarından, xüsusilə, yaxın zamanların antropogen dağıntıları olan yerlərindən və onu əhatələyən şumlanmış ərazidən maraqlı tapıntılar kolleksiyası toplanmışdır. Toplanmış tapıntılar arasında böyük miqdarda müxtəlif saxsı fraqmentləri, məişətdə işlədilmiş müxtəlif daş alətlərinin qırıqları, dəvəgözü və çaxmaqdaşından olan alətlərin qəlpələri aşkar edilmişdir.

Əsərində abidənin və ətraf ərazilərin yer üzərindən toplanan materialların təsnifatını verərək t.e.d. T.Axundov belə bir nəticəyə gəlmişdir ki, Tabağtəpə e.ə. II minilliyin sonunda Xocalı-Gədəbəy ənənəsinə mənsub tayfaların möhkəmləndirilmiş yaşayış məskəni olub.

Zəngin saxsı materialları və daş əmək alətləri, burada vaxtı ilə intensiv həyatın cərəyan etdiyini göstərir. Saxsıdan körük müştüyünün tapılması, yaşayış yerində digər təsərrüfat və sənətkarlıq sahələrinin mövcudluğu ilə yanaşı, metallurgiyanın da yer almasını sübut edir. Dövrün xüsusiyyətlərindən biri olan hərb sənəti də nəzərə alınaraq, Tabağtəpənin  Kiçik Qafqazın dağ və dağ ətəyi ərazilərindəki həmdövr qalaçalar ilə müqayisədə onların aran forması kimi qəbul edilə bilər.

Qeyd edək ki, abidə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun tədqiqat planlarında yer almışdır. Həmçinin, abidəyə Avropa İttifaqının elmi mərkəzləri də maraq göstərmişlər. Lakin COVİD-19 pandemiyası ilə əlaqədar olaraq abidənin beynəlxalq tərkibli arxeoloji ekspedisiya tərəfindən tədqiqi qeyri-müəyyən müddətə keçirilib.