Bu yaxınlarda keçmiş “sosialist düşərgəsi”, indiki MDB ərazisində, yəni, metropoliyası Rusiya Federasiyası olan məkandakı  rusdilli KİV-lərdə, həmçinin, sosial şəbəkələrdə Azərbaycana qarşı etnoseparatçı hücumlar aktivləşdi.

İş o yerə çatıb ki, Azərbaycanda etnik toplumların guya sıxışdırılması barədə əsassız ittihamlardan cana gələn Azərbaycan vətənpərvərləri mövzunu milli dilli sosial şəbəkəyə çıxarmağa məcbur oldular. Əsas istək heç də etnoseparatçıların iftiralarına cavab vermək deyil. Əsas iki məsələ masa üzərindədir: 1) Nəyə görə, etnoseparatçı ideoloji hücumlar indi aktivləşir?; 2) Bunun qarşısını almaq necə mümkündür?

TƏXRİBATLARIN ARXASINDA DURAN QÜVVƏ

Hər hansı anti-Azərbaycan düşməni istənilən xarici ölkədə ağılına gələn hər bir sərsəmliyi KİV-lərdə və ya sosial şəbəkələrdə yazmaqda azaddır. Buna heç əhəmiyyət də vermək lazım deyil. Amma nə üçün indi?

Məsələnin kökünü qlobal düzəndə axtarmaq lazımdır. Əvvəla, ABŞ-ın Bakıdakı keçmiş səfiri Metyü Brayza demişkən, TAP/TANAP layihəsinin reallaşması ilk növbədə Rusiyanın mənafelərinə ciddi zərbədir. Rusiya hər cür vasitəyə əl atacaq ki, bu layihənin gerçəkləşməsinin qarşısını alsın. Buna görə, rus kəşfiyyatının təsiri olduğu Avropa ölkələrində “ekoloji təhlükəsizlik” adı altında bu layihəyə qarşı aksiyalar təşkil olunur, Bakının planlaşdırdığı qaz boru kəmərinin səmərəsiz olacağı barədə Qərb mətbuatında yazılar dərc edilməkdədir.

Həmçinin, Rusiya, müdafiə etdiyi Əsəd rejiminin duruş gətirdiyini dünyaya göstərmək üçün bu rejimin idarəsi altında olan ərazilərdə sürətlə bərpa işlərini aparmağa çalışır. Bunun üçünsə böyük pullar tələb edilir. Heç gizli deyil ki, MDB ölkələrinin müdafiə nazirlərinin bu günlərdə baş tutmuş toplantısında Rusiya müdafiə naziri MDB ölkələrindən Suriyaya maliyyə yatırımlarını, bərpa işində iştirak etməyi tələb etdi.

Daim erməniləri dəstəkləyən və qarşılıqlı olaraq ermənilərin dəstəklədiyi Bəşər Əsəd rejiminə Azərbaycan tərəfindən yardım edilməsi — siyasi ağılsızlığın zirvəsi olardı. Lakin ermənipərəst, anti-Azərbaycan, anti-Türk mövqeli Əsəd rejiminə dəstək verməyə Azərbaycanı məcbur etmək yolunda Kremlin əlində bir sıra kartlar var və bu kartlardan biri etnoseparatçı təşviqatdır.

Ümumi gəldiyimiz nəticə budur ki, indiki zamanda post-kolonial ölkələri əhatə edən rusdilli KİV-lərdə Azərbaycan əleyhinə iftiraları yağdırmağa başlamış etnoseparatçı qüvvələrin arxasında Kreml gümbəzləri görünür.

Elə isə, qoy rus başbilənləri də bunu da bilsinlər ki, odla oynayırlar. Biz Rusiyanın içində artan silsilə ilə yüksələn milli qarşıdurmanı da heç zaman nəzərdən qaçırmırıq.

RUSİYADA QEYRİ-RUS XALQLARA QARŞI DİSKRİMİNASİYA    

Rusiyada dil üzrə münaqişə yenidən alışmaqdadır. 2017-ci ilin yayında Rusiya prezidenti Vladimir Putin bəyan etdi ki, şagirdləriana dili olmayan dillərin öyrədilməsinə məcbur etmək qəbuledilməzdir.

Məsələnin mahiyyəti bundan ibarətdir ki, SSRİ dağıldığı zaman Yeltsin Rusiyası muxtar vilayətlərdə və muxtar respublikalarda məktəblərdə rus dili ilə yanaşı yerli dillərin öyrədilməsinin də icbari olması barədə müddəanı qanunvericilikdə əks edilməsinə razılıq verdi. Nəticədə, milli muxtariyyətlərdə milli dillər inkişaf etməyə başladı. Bu cür durumdan ruslar narazı idilər. Belə ki, muxtar qurumlarda yaşayan rus valideynlər etiraz edirdilər ki, onların övladları dövlət dili olan rus, beynəlxalq dillər olan ingilis, fransız, alman və d. dillərlə yanaşı, nəyə görə “heç bir prespektivi olmayan” yerli dilləri (tatar, başqırd, saxa-yakut, inquş və d.) dilləri öyrənməlidirlər. Digər tərəfdən, rus siyasətçiləri də bildirirdilər ki, yerli milli dillərin inkişafı Rusiyada rusların nəzarət edə bilməyəcəyi mühiti formalaşdırmaqdadır və bu cür durum ruslaşdırmanın qarşısını alır. Ona  görə də, yerli dillərin inkişafının qarşısını almaq üçün yalnız rus dilinin – dövlət dilinin Rusiya ərazisində məcburi olmasını təmin etmək istiqamətində addımlar atılmağa başlanıldı. Bunun üçün belə bəhanə gətirildi ki, dövlət dilindən başqa qalan dillərin, yəni ruslara ana dili olmayan dillərin  məcburi öyrədilməsi “zorakılıq kimi qiymətləndirilməlidir” və “qəbuledilməzdir”, “dövlət dili və ana dili olmayan dillər yalnız dərnək formatında öyrədilə bilər”.

2018-ci ilin aprelində Rusiya Dövlət Dumasının bir sıra deputatları ana dillərin könüllü (dərnəklərdə) öyrədilməsini nəzərdə tutan qanunlayihəsini gündəmə çıxardılar. Milli dilləri yalnız könüllü əsasda öyrənilməsi barədə qanunlayihəsinə əvvəlcə Dövlət Dumasının payız sessiyasında baxılması nəzərdə tutulmuşdu. İyulun 6-dək Dumanın aşağı palatasının təhsil və elm komitəsi regionlardan münasibətləri öyrənəcəkdi.

Az-çox dərəcədə milli özünüdərki olan muxtar qurumlar çıxış yolu axtarmaqdadırlar. Məsələn, İnquşetiyanın başçısı Yunusbek Yevkurov bildirdi ki, İnquşetiya ərazisində qeyri-inquşlar üçün inquş dilinin öyrənilməsi könüllü, inquşlar üçünsə inquş dilinin öyrənilməsi icbari olacaq.

Qeyd edək ki, bu ilin aprelində Tatarıstan Dövlət Şurasının deputatları bu qanunlayihəsini ciddi tənqid etdilər, onu “xolokost”, “Stalin dövrü repressiyaları” ilə eyniləşdirdilər və onu yerli dillər üçün “ölüm hökmü” adlandırdılar. Tatarıstan deputatları şikayət və etirazla dolu bəyanatla Dövlət Duması spikeri Vyaçeslav Volodinə müraciət etdilər.

May ayının sonunda Moskvada Tatarıstan, Başqırdıstan, Çuvaşiya, Yakutiya və d. muxtariyyətlərin ictimai xadimlərinin dəyirmi masası keçirildi. Müzakirədən sonra qəbul edilmiş müraciətdə göstərilirdi ki, bu qanunlayihəsi milli münasibətləri kəskinləşdirəcək, xalqların öz dillərinə olan hüquqları tapdanacaqdır. Qərara alındı ki, “Rusiya Federasiyası xalqlarının demokratik konqresi yaradılsın”.

Amma bu günlərdə məlum oldu ki, göstərilən qanunlayihəsi payızda deyil, Dövlət Dumasının son sessiyasında, iyunun 19-da təcili olaraq müzakirəyə çıxarılacaqdır!!! Sözün qısası, Kreml bu qanunlayihəsinin qəbulunu tezləşdirmək niyyətindədir.

Tatar milli hərəkatının tanınmış simalarından biri, dəfələrlə təqib və həbslərə məruz qalmış Feyziyyə xanım Bayramovanın yazdığına görə Rusiyada xalqların öz dilləri uğrunda mübarizəsi gündən günə kəskinləşir. Əvvəlcə Moskva qeyri-rus ana dillərin yalnız könüllü öyrənilməsi barədə qanunun  səssizcə qəbuluna cəhd etdi. Lakin bu alınmadı. Belə olduqda federal hökumət dolayı yollar axtarmağa başladı. Bu yaxınlarda milli özünüdərki aşağı olan respublikalardan Dağıstan və Mari El həmin müddəanı özündə əks etdirən qanunlayihələrini qəbul etdilər.

“Göründüyü kimi Moskva qeyri-rus dillərinin məhv edilməsi istəyində israrlıdır. Qanunu bu ilin payızına kimi qəbul etmək istəyirlər ki, yeni tədris ilində artıq muxtar vilayət və respublikalarda ruslaşmanın qarşısında duran yeganə maneəni aradan qaldırsınlar.  Heç kimə gələcəkdə lazım olmayan dili nəinki Rusiyanın muxtar respublikalarında yaşayan ruslar və rusdilli əhali, həmçinin, hətta bu dillərin ana dili hesab edilən yerli xalqların əksər nümayəndələri öyrənmək istəməyəcək” – deyə F.Bayramova bildirir.

Feyziyyə Bayramova yazır ki, bizim uşaqları Moskvanın “qara boşluğu” sovuracaq, onlar kökü olmayan, öz dilini və dinini bilməyən ivanlar kimi böyüyəcəklər. “Tatar xalqı gələcəkdə milli ədəbiyyatsız, milli mədəniyyətsiz, milli mətbuatsız qalacaq. Heç bir ailə bu cür fundamental bilikləri verə bilməz! Danışmağı bacarmaq o demək deyil ki, bu dildə fikirləşməyi, oxumağı, yazmağı və əsərlər yaratamağı bacarmaq olar. İnsan təhsil aldığı dildə fikirləşir, oxuyur, yazır və yaradır – bu aksiomdur!”.

“Moskvanın Rusiya Federasiyası xalqlarının ana dillərinə bu yeni hücumu — artıq yüz illər boyu davam edən aqressiv siyasətinin davamıdır. Rusiyada demoqrafik durum olduqca pisdir, hər il az qala əhali bir milyon nəfərə kimi azalır, azalan əhalinin çoxu da ruslardır. Bu “qara boşluğu” doldurmaq üçün digər xalqlar lazımdır, lakin onlar bu boşluğa rusdilli kimi daxil olmalıdırlar, yəni, onlar ruslara çevrilməlidirlər. Rusiyanın bütün xalqları, o cümlədən, tatarlar ruslar üçün uşaq doğmalıdırlar, yalnız rusca tərbiyə və təhsil verməlidirlər, rus imperiyası uğrunda ölməyə hazır “top əti” yetişdirməlidirlər. Bu barədə açıq danışılmır, amma proseslər buna doğru gedir” – deyə F.Bayramova bildirir.

2012-ci il dekabrın 19-da Rusiya prezidenti V.Putin “Rusiyanın dövlət milli siyasət strategiyası”na imza atır. Artıq bu sənəddə Rusiyada yalnız bir millətin – “rusiyalıların” (rossiyane) yaradılması məqsədini güddüyü bildirilirdi. “Rusiyalı milləti”ni isə, əsasən rus xalqının, onun mənəvi kodu əsasında yaradılması nəzərdə tutulurdu.

Feyziyyə Bayramovaya görə, bu layihədə nə tatarlara, nə də digər millətlərə yer yoxdur. “Rus “qara boşluğu” hamını udacaq. Bu planın həyata keçirilməsi üçün Moskva bir milyard rubl ayırdı. Moskva institutları işə başladılar, qanunlar yazıldı. Bu qanunlar milli dillərin və qeyri-rus xalqların məhv edilməsinə istiqamətli idi. Bu strategiyada milli respublikalara da yer yoxdur, onlar sənaye mərkəzlərinə çevrilməlidirlər. Strategiya 2025-ci ilədək, yəni, Putin prezident kürsüsündə oturduğu müddətə hesablanıb”.

“Görəndə ki, müxətlif xalqların nümayəndələri fəallaşmağa başlayıb, Moskva hücuma keçdi. KİV-də milli fəallara qarşı kampaniyalar başlandı. … Ana dilinin yalnız könüllü öyrənməyin tərəfdarı olan Albir Krqanov kimi “cib müftiləri” ortaya çıxdı.”-deyə F.Bayramova bildirir.

Tatar fəalı F.Bayramova yazır ki, Rusiyanın milli strategiya üzrə Şurasının həmsədri İosif Diksinə görə, uşaqlara hansısa dili məcburi öyrətmək qəbuledilməzdir. “Deməli, tatar uşaqlarını rus dilini öyrənməyə məcbur etmək olar, amma rus uşaqlarını Tatarıstanda tatar dilini öyrətmək cinayətdir. Qoy ruslar öz uşaqlarını istədikləri hər nəyə öyrətsinlər, lakin onlar biz tatarlara qarşı da istədiklərini edirlər — onlar bizim uşaqları tatar məktəblərindən məhrum edirlər. İosif Diksin hesab edir ki, bu düzgündür və dərnəklərdə alman dilini öyrənən etnik almanları misal kimi göstərir. Lakin rusiyalı almanların Almaniyası var, həmin ölkədə alman dili inkişaf edir, almanca kitablar nəşr edilir, tarix yazılır. Tatarlar isə, Tatarıstandan başqa hər hansı bir yerdə öz dillərini qoruyub saxlaya bilmirlər. Bu, sonun başlanğıcıdır”.

BİZ NƏ EDƏ BİLƏRİK?

İndi isə, mövzunun ikinci məsələsinə, “Azərbaycana qarşı təxribatların durdurulması və ya adekvat cavablara” keçək. Sözsüz, balaca Azərbaycan arxasında Kremlin durduğu etnoseparatçı tulaların hürüşlərinin qarşısını ala bilməyəcək. Amma biz Kremli öz tulalarının ipini yığmağı məcbur etmək üçün samballı oyun kartları əldə edə bilərik.

Rusiyada tatar, başqırd və digər qeyri-rus xalqların diskriminasiyasına qarşı Bakıda ictimai və siyasi təşkilatlar dəyirmi masalar və d. müəyyən tədbirlər keçirə bilərlər. İctimai və siyasi təşkilatlar türk ölkələrinin, Qərb ölkələrinin parlamentlərinə müraciətlər qəbul edə bilərlər. Rusiyada qeyri-rus xalqlarının zorakı assimiləsi barədə məlumatları elə həmin xalqların dillərində yayımlayan radio, internet TV-lər isə, xüsusi bir mövzudur.

Etnoseparatçı təxribatçıların arxasında duran Kremlə biz göstərməliyik ki, Azərbaycanda qarışıqlıq salmaq, vətəndaş qarşıdurması üçün ideoloji zəhər toxumları səpmək, Azərbaycanı parçalamaq Kremlə çox da asan başa gəlməyəcək. Bakıda hansısa ixtiyar sahibi Moskvadakı obyektinə, qohum-əqrəbasına, öz rusbaşlığına görə Azərbaycanın qalan hissəsini qurban verməyə hazır olsa da, Azərbaycanın hələ də müqavimət göstərə bilən milli qeyrətli və namuslu övladları da var!

Qarxunlu

“Millətçilik” qəzeti