Rusiya Müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin Ermənistana gəlib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. Fomin İrəvanda Ermənistan Müdafiə naziri David Tonoyanla görüşüb. Tərəflər arasında əsas müzakirə mövzusu hərbi-siyasi əməkdaşlıq və prioritet proqramlar olub. Fominlə Tonoyan həmçinin Gümrü bazasının fəaliyyət məsələlərinə də toxunublar.

Fomin İrəvanda Ermənistan Xarici İşlər naziri Zoqrab Mnatsakanyanla da görüşüb.

Qeyd edək ki, Fomin Rusiya Müdafiə Nazirliyində hərbi diplomatiya sahəsini kurasiya edir. Bununla bərabər hərbi-texniki əməkdaşlıq məsələləri də onun öhdəliyindədir.

Bundan öncə Rusiya mətbuatı KTMT baş katibi Yuri Xaçaturovun həbsi məsələsinin Moskvanı qəzəbləndirdiyi haqqında məlumat yayıb. Mətbuat Rusiyanın məhz buna görə, Ermənistana 100 milyon dollarlıq silah tədarükünü təxirə salmaq istədiyini bildirib.