əvvəli

Pavlutskinin öldürülməsi və çukçaların qələbəsi sərt iqlimli regiondakı rus hərbi məskənlərində mənəvi düşkünlük yaratdı. Digər tərəfdən, ruslar Çukotkaya müdaxilə edənədək burada yaşayan koryaklarla çukçalar arasında münasibətlər sakit idi. Koryakların Rusiyanın himayəsinə keçməsi və çukçalara qarşı rusların yürüşlərində iştirakı bu iki qonşu xalqı artıq qan düşməni etmişdi. Pavlutskinin öldürülməsindən sonra çukçaların ruslara tabe tayfalar, ilk növbədə koryaklar üzərinə qisas yürüşləri ara vermədi. 1751-ci ildə koryakların bir qismi çukçaların tərəfinə keçdi və ruslara qarşı üsyan qaldırdılar. Amma üsyanda çukçalar onları dəstəkləmədilər. Anadırskın yeni komendantı kapitan Şatilov koryakların üsyanını amansızlıqla yatırdı. Lakin çukçalara qarşı Anadır çayının aşağı axarında qısa müddətli hücumla kifayətləndi. Şatilov da çukçalardan ehtiyat edirdi və qaladan çox uzaqlaşmaq fikrində deyildi.

1753-1754-cü illərdə çukçalar rusların müttəfiqi olan yukagirlər üzərinə dəfələrlə güclü hücumlar təşkil etdilər. Nəticədə sağ qalmış yukagirlər Kolıma yarımadasına çəkilməyə məcbur oldular. Qeyd edək ki, rusların regiona gəlişinədək çukçalarla yukagirlərin münasibətləri sülhpərvər idi.
1755-ci ildə Anadırskın yeni komendantı sekund-mayor İ.S.Şmalyov Anadır, Çaunu və Xatırxe sərhəd çayları boyunca 6 qala tikməyə qərar verir. Amma qalaları tikmək ona müəssər olmur. İrkutskdakı general-qubernator Vulfdan alınmış təlimata görə, çukçalara güzəştlər edilməli idi. “Çukçaları yasaq ödəməyə güclə deyil, mülayim siyasətlə məcbur etmək lazımdır”.

Şmalyov çukçaların başçısı Hargitit ilə danışıqlara başladı. Əsirlərin dəyişilməsi baş verdi. Çukçalar bir şərtlə yasaq ödəməyə razılıq verdilər: qarşılıqlı girov götürülməyəcək, onların torpaqlarında rus hərbi qalaları tikilməyəcək. Amma sənədlərdən görünür ki, çukçalar yasaq ödəmirdilər. Görünür öz hesabatında Şmalyov çukçaların yasaq ödəyəcəklərinə razılıq vermələrini uydurmuşdu ki, danışıqların uğurlu keçdiyini göstərsin. Həm də danışıqlar rus məskənlərinə daha yaxın olan çukçalarla aparılırdı. Qalan çukçalar bu razılaşmadan xəbərsiz idi. Belə ki, çukçalar rus məskənlərinə daha nadir hallarda hücum edirdilər, amma koryaklara qarşı hücumları kəsilmirdi.

1760-cı ildə Anadırska təftişlə podpolkovnik F.K.Plenisner gəlir. Üç ildən sonra o, hesabatında qeyd edirdi ki, çukçalarla müharibədə yasaq və qənimətlə müqayisədə xərclər 50 dəfə artıb. “Çukçaların yaşadıqları yerlərin təbiətinin kasad olması, var-dövlət toplamaq anlayışlarının olmaması, bunun nəticəsində də hərbi yürüşlərdə onlardan tutarlı nəisə bir qənimətin ələ keçməyəcəyini nəzərə alaraq, onların ram edilməsinə heç bir ehtiyac olmayıb və indi də yoxdur”. Həmçinin, o, təklif etdi ki, Anadırsk qala-məskəni ləğv edilməlidir. Çünki koryaklar qaladan 10 günlük yol, çukçalar isə, iki aylıq yol məsafəsində yaşayırlar. Hərbi məskənin saxlanılmasının heç bir hərbi, siyasi və iqtisadi xeyiri yoxdur.

1764-cü ildə Plenisnerin hesabatını əsas götürərək Rusiya imperiyasının Senatı Anadırsk qalasının ləğvi və çukçalara qarşı hərbi əməliyyatların dayandırılması barədə qərar çıxarır. Məsafənin uzaq olması və bürokratik əngəllər ucbatından 1766-cı ildə imperatriça II Yekaterina Senatın qərarını imzalayır.

O dövrdə Rusiya imperiyasının paytaxtı Sankt-Peterburqdan Anadırska bir başa yol araba ilə iki il çəkirdi. Buna görə də, yalnız 1769-cu ildə Anadırsk qalası ləğv edildi. Ləğv barədə sənəddə deyilirdi: “Anadırsk qalasının hərbi qarnizonu və sakinləri — 1000 nəfərdən çox adam Nijnekolımsk və Gijiginsk qalalarına köçürüldü, qala yandırıldı, kilsə söküldü və 600 km qərbə — Nijnekolımska daşındı”.

Anadırsk qalası 122 mövcud oldu.  XVIII əsrə görə, qala əslində yetərincə böyük şəhər sayıla bilərdi. Belə ki, o zaman Krasnoyarskda elə 1000 nəfər adam yaşayırdı.

Beləliklə, XVIII əsrdə İsveç, Böyük Fridrixin Prusiyası, Osmanlı imperiyası üzərində qələbə çalmış və Polşa krallığına son qoymuş Rusiya imperiyası… neolit dövründə yaşayan çukçalara faktiki məğlub oldu.

Əlbəttə, rus-çukça müharibələrinin miqyası balaca görünə bilər. Amma rus əsgərlərinin kəmiyyəti ilə çukçaların nisbətinə (1: 20) diqqət yetirsək mənzərə tam fərqli olacaq. 1757-ci ildə Prusiyaya soxulmuş rus ordusunun bir əsgərinə yerli əhalinin 35 nəfəri tən gəlirdi. 1812-ci ildə Rusiyaya hücum etmiş Napoleonun 1 əsgərinə 60 rusiyalı, 1941-ci ildə SSRİ-yə hücum etmiş Hitlerin 1 əsgərinə sovetin 40 sakini tən gəlib. Digər tərəfdən, iqlimi və təbiəti sərt olan Kamçatkanı işğal edən Vladimir Atlasovun itaətində cəmi 60 kazak vardı. Kamçadallar və koryaklar elə ilk müqavimət döyüşlərində məğlub olduqdan sonra ram edildilər və yasaq ödəməyə başladılar.

Əlbəttə, rusların məğlubiyyətini iqlimlər, sərt şaxtalarla, yerli təbiətdə yalnız çukçaların yaşamağa qadir olması, rusların səhv taktikası və s. ilə izah etmək olar. Lakin 1731-ci ildə çukçalar böyük itkilərə məruz qaldılar, amma təslim olmadılar. Vitus Berinqin ikinci səyahətinin iştirakçısı, hadisələrin şahidi Stepan Kraşennikov da öz kitabında (“Çukotka torpağının təsviri”) yazırdı ki, çukçalar kimi cəsur və qorxmaz döyüşçülərlə indiyədək rastlaşmayıb; əlli koryak hətta iyirmi çükçanın öhdəsindən gələ bilməz.

Yalnız 1788-ci ildə Anyuy çayı sahilində ruslar ticarət üçün yarmarka açdılar. Çukçalardan yalnız satış üçün haqq götürülürdü, bunu sənədlərdə “yasaq” kimi qeyd edirdilər.

1779-cu il oktyabrın 14-də imperatriça II Yekaterinanın imzaladığı fərmana əsasən çukçalar Rusiya təəbəsi elan edilirdi, həmçinin, Berinq boğazında 30 dəmir herb sancılmalı idi ki, ərazinin Rusiya imperiyasına aid olduğu bildirilsin. Bu fərmanın verilməsinin səbəbi dərin idi. Ruslar həyəcan içində idilər. Çukotkaya ingilis Klarkın gəmilərinin heyəti çıxmışdı. 13 il sonra, 1791-ci ildə rusiyalı kapitan İosif Billinqsin ekspedisiyası Çukotkaya çatır. Ekspedisiyanın hesabatlarına görə, yerli çukça əhalisinin nə Rusiya imperiyası, nəbu ərazilərin Rusiyaya məxsus olması, nə də özlərinin Rusiya təəbəsi olması barədə heç anlayışları yox idi.

Billinqsin ekspedisiyası çukçalara hədiyyələr verməyə başladı — tütün, dəmir bıçaq və baltalar, şüşə muncuqla dolu kisələr. Əvəzində çukçalar ekspedisiyaya ərzaq, dartı maralları və bələdçilər verdilər. Hətta gənc çukçalar əvvəlki müharibələrə görə qisas almaq üçün rusları öldürməyi tələb edəndə, qocalar bildirdilər ki, müharibə ticarətə son verə bilər. Bu isə, sərfəli deyil.

Öz imicini qorumaq üçün Rusiya imperator sarayı dünyaya elan edirdi ki, Çukotkanın sahibi ruslardır. Xarici dövlətlər də guya buna inandıqlarını bildirirdilər. Amma Rusiya imperiyasının qanunlar külliyyatında bu maddələr var idi: “çukçalar tam ram edilməyiblər, öz ərazilərində öz qanunları ilə idarə olunur və öz məhkəmələri var” və “yasağı istədikləri zaman və istədikləri kəmiyyət və keyfiyyət qədərində ödəyirlər”.

Yalnız 1912-ci ildə Çukotkada Rusiya administrasiyası peyda olur. Cəmi yeddi nəfərdən ibarət. Çukçalar onları növbəti ticarət nümayəndəliyi kimi qəbul edirdilər.

Gerçəkdən Çukotka sovet dövründə 1920-ci ildə Rusiyanın tərkibinə daxil olur. Bu isə, tam ayrı mövzudur…

SON

Hazırladı: Pərviz Elay