Bakının Nərimanov rayonunda yerləşən qanunsuz tikilinin söküntüsünə başlanılıb.

“Report”un hadisə yerinə yollanan çəkiliş qrupunun xəbərinə görə, Murtuza Nağıyev küçəsi 4-6 ünvanındakı tikilinin söküntüsü ilə bağlı qərarı məhkəmə verib.

Müxtəlif obyekt və yaşayış evlərindən ibarət olan binanın içərisindəki bütün əşyalar çıxarılıb. Hazırda söküntü işləri davam etdirilir.

Qeyd edək ki, tikili hazırda Londonda yaşayan hüquqşünas Qurban Məmmədova məxsusdur.

Mətbuatda yer alan məlumatlara görə, sözügedən bina Q.Məmmədova Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və keçmiş şöbə müdiri Əli Həsənovun istəyi ilə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev tərəfindən verilib.