Noyabrın 2-də Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə Quba rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb.

Bakıxəbər.az xəbər verir ki, ağacəkmə aksiyası zamanı 2 hektar ərazidə min ədəd alma tingi əkilib. Salınan meyvə bağları Quba rayonunda yaşayan üç aztəminatlı ailə arasında bölünərək, onların təmənnasız istifadəsinə verilib. Həmin ailələr meyvə bağlarına qulluq göstərməklə, becərilən məhsuldan gəlir əldə etmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanacaqlar.

Meyvə ağaclarının əkilməsi üzrə pilot layihəyə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprel ayında başlanılıb. Layihə çərçivəsində ilk meyvə bağı İsmayıllı, daha sonra Şəmkir, Ağstafa, Tovuz, Ağdaş, Qax, Lənkəran, Beyləqan, Sabirabad, Ağcabədi, Bərdə və Lerik rayonlarında salınaraq aztəminatlı ailələr, o cümlədən Qarabağ müharibəsi veteranı və şəhid ailələrinin istifadəsinə verilib.

Layihənin sosial-iqtisadi əhəmiyyəti ondan ibarətdir ki, bu cür bağların salınması əhalinin rifahının yaxşılaşdırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı mallarının idxalından asılılığının azaldılmasına da töhfə verəcək.

Layihə çərçivəsində fındıq, nar, ərik, feyxoa, xurma, qoz, alma növlərindən olmaqla, ümumilikdə, 15 minə yaxın meyvə ağacları əkilib və 44 aztəminatlı ailə meyvə bağları ilə təmin edilib.

Aztəminatlı ailələr üçün meyvə bağlarının salınması layihəsi çərçivəsində ağacəkmə aksiyaları noyabr ayı ərzində İmişli, Qazax, Qəbələ və Göygöl rayonlarında da təşkil olunacaq.

Quba rayonunda meyvə bağlarının salınması üzrə təşkil edilən aksiyalara, ümumilikdə, 200 nəfərdən çox yerli gənc könüllü olaraq qoşulub.