İyulun 29-da Qobustanda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılışı olub.

Bakıxəbər.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlət başçısına modul tipli xəstəxanada yaradılan şərait barədə məlumat verildi.

Bildirilib ki, üç korpusdan ibarət, 100 palatası və 200 çarpayı yeri olan bu xəstəxana kompleksi mərkəzləşdirilmiş Oksigen Generator Sistemi ilə, həmçinin mərkəzləşdirilmiş havalandırma sistemi ilə təchiz olunub. Burada orta ağırlıqlı simptomları olan infeksion koronavirus xəstələrinin qəbulu və müalicəsi üçün zəruri şərait yaradılıb. Ağır simptomları olan xəstələrin qəbulu üçün əlavə avadanlıqlarla təchiz edilməklə müvafiq təkmilləşdirilmə işləri görülür.

Bu korpus zərurət olmadıqda – yəni pandemiya ilə mübarizə başa çatdıqdan sonra asanlıqla digər sahələrə köçürülə və başqa məqsədlər üçün – məsələn hərbi hissələr, sərhəd xidməti, tədris və ya fövqəladə hallar, yataq, məişət xidməti və sair üçün istifadə edilə bilər.