“Qızıl Məryəm”i öldürməkdə təqsirləndirilən bacısı oğlu Nicat Eyvazov barəsində olan məhkəmə qərarından kassasiya şikayəti verib.

Bakıxəbər.az-ın məlumatına görə, Ali Məhkəməyə müraciət edən təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Kassasiya şikayəti hakim Şahin Yusifovun icraatına verilib.

Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, 2016-cı il yanvarın 5-də hüquq-mühafizə orqanları əməkdaşları Nəsimi rayonu ərazisində 1965-ci il təvəllüdlü Namet-zadən Məryəm Tofiq qızının yaşadığı mənzilində üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə müşayiət olunan meyitini aşkar ediblər.

Polis və prokurorluq orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin mərhumun qızı 1988-ci il təvəllüdlü Günel Hüseynova, qohumu (bacısı oğlu) 1998-ci il təvəllüdlü Nicat Eyvazov və 1997-ci il təvəllüdlü Ceyhun Əsgərov tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan onlar tutularaq istintaqa cəlb olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Hüseynova 18 il, C.Əsgərov 19 il və N.Eyvazov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxslərin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb. Daha sonra G.Hüseynova ilə C.Əsgərov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət ediblər. Hər iki şəxsin şikayəti təmin edilməyib.

Xatırladaq ki, qətlə yetirilən M.Namet-zadən Bakıda qızıl alveri ilə məşğul olub, “Qızıl Məryəm” ləqəbi ilə tanınıb. Cinayəti törətməkdə təqsirləndirilən onu qızı G.Hüseynova ailəsindən boşanıb. Onun keçmiş həyat yoldaşından azyaşlı qızı var.