Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Antropologiya Mərkəzinin aparıcı elmi işçisi, professor, tarix elmləri doktoru, tarixçi və etnoloq Rauf Hüseynzadənin “Dəşt-i-Qıpçağın türkləri və ətraf dünya: köçəri şölün və oturaq vahənin simbiozu” (Bakı, 2019, “Afpoliqraf” mətbəəsi, 248 s.) adlı monoqrafiyası nəşr edilib. Əsərin elmi redaktoru antropologiya üzrə elmlər doktoru Əliağa Məmmədli, elmi rəyçilər t.ü.f.d. Emil Kərimov və t.ü.f.d. Yunis Nəsiblidir.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən saytımıza verilən məlumata görə, rus dilində nəşr edilmiş monoqrafiyanın mövzusu türkdilli ailəyə mənsub etnosların, həm də onlarla bağlı Avrasiyanın xalq və ölkələrinin keçmişini əhatə edir.

Əsərdə Deşt-i-Qıpçaq (Qıpçaq Çölü) türklərinin ətraf dünya ilə münasibətləri nəzərdən keçirilir. Orta əsrlərdə türklər tərəfindən yaradılmış dövlətlər içində ən uzun ömürlü, 600 illik Sir-Qıpçaq xaqanlığının tarixinə xüsusi toxunulur. Müəllifin göstərdiyi kimi qıpçaqların varisləri çağdaş dövrümüzdə Mərkəzi, Ön və Kiçik Asiyada, Qafqazda və Şərqi Avropada yaşayırlar.

Əsərdə ərazi-tarixi diapazonunda hunlardan qıpçaqlara kimi Dəşt-i-Qıpçaq arealında Köçəri Çölün Oturaq Vahə ilə münasibətlərinin qanunauyğunluqları təhlil edilib. Tədqiq edilən dövrdə ölkələrin, tayfa və xalqların hərbi-siyasi süjetləri, etnogenez və qlottogenez problemləri əsərdə xüsusi olaraq vurğulanıb.

Əsər etnoloqlar, türkoloqlar, orta əsr tarixi üzrə ixtisaslaşan tarixçilər, həmçinin, geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.