Bakı Apellyasiya Məhkəməsində üç nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Taleh Ağayevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Faiq Qasımovunvun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası 2019-cu ilin yanvarın 8-nə təyin edilib.

Qeyd edək ki, bu il iyunun 12-si saat 6 radələrində Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində Sumqayıt şəhər sakini T.Ağayevin idarə etdiyi “KamAZ” və Xaçmaz rayon sakini Zahid Şahmuradovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə Z.Şahmuradov, sərnişinləri – Şəmkir rayon sakinləri Gülnar İsmayılova və qadının 4 yaşlı övladı Mustafa İsmayılov hadisə yerində ölüblər.

Məlumata görə, Xaçmazda yaşan Z.Şahmuradov həmin gün minik avtomobili ilə Şəmkirdən qayıdırmış. Bir müddət əvvəl onun həyat yoldaşı vəfat edib. Hadisədən əvvəl qohumları onu yenidən evlənməyə razı salıblar və 51 yaşlı kişi Şəmkirdə yaşayan, həyat yoldaşından ayrılmış 31 yaşlı İsmayılova Gülnar Zabir qızı ilə ailə qurmağa qərar verib. Bu məqsədlə Z.Şahmuradov 3 gün əvvəl Şəmkirə gedib və G.İsmayılova ilə ailə qurub. Dəhşətli hadisə isə onlar Şəmkirdən Xaçmaza qayıdarkən baş verib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.