Azərbaycan Premyer Liqasının XIII turunun “Qarabağ” – “Keşlə” matçı mövsümün rekordu ilə əlamətdar olub.

“Report” Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin 5:1 hesabı ilə qalib gəldiyi qarşılaşma çempionatın ən məhsuldar oyunudur. Bunadək 4 matçda 5 qol vurulsa da, ilk dəfə azarkeşlər 6 qol izləyib.

“Qarabağ” həm də cari mövsümdə bir oyunda 5 və daha çox qol vuran ilk komanda olub. Bunadək 4 top vuran olsa da, bundan artığını heç bir komanda bacarmayıb. “Keşlə”nin qapısından 3 top keçirən Mahir Mədətov isə mövsümdə ilk het-trik edən oyunçu olub.

Son ölkə çempionu mövsümün ən böyükhesablı qələbəsini də təkrarlayıb. Belə ki, çempionatda 3-cü dəfə 4 top fərqi qeydə alınıb. Bunadək “Neftçi” “Səbail”i, “Səbail” isə “Sabah”ı 4 cavabsız qolla məğlub edib.