Baş Prokurorluqda “Qarabağ Azərbaycandır” adlı kitabın təqdimatı keçirilib.

“Report”un xəbərinə görə, Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə bildirib ki, kitab “Azərbaycan Prokurorluğu” elmi-praktiki jurnalının redaksiya heyəti tərəfindən hazırlanıb.

Qeyd olunub ki, kitab Ali Baş Komandan, Prezident İlham Əliyevin dahi sərkərdə qabiliyyətinin, müzəffər Azərbaycan Ordusunun rəşadətinin təzahürü olan şanlı Vətən müharibəsi və parlaq qələbəmizə, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələri, qazilərimiz, yardıma ehtiyacı olan ailələrə göstrdiyi xeyirxah və nəcib qayğıya, Azərbaycan Prokurorluğu orqanları tərəfindən Ermənistan hərbi-siyasi rəhbərliyinin göstərişi ilə törədilən sülh və insanlıq əleyhinə cinayətlərin ifşa olunması, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi, Qarabağ həqiqətlərinin dünyaya çatrılması istiqamətində görülən tədbirlərə həsr olunub.

5 bölmədən və 590 səhifədən ibarət kitab baş prokuror Kamran Əliyevin müqəddiməsi ilə başlayır.

Kitabın ilk – “Ölkədə” adlandırılan bölməsində Prezident İlham Əliyevin Vətən müharibə dövründə Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi fəaliyyəti, keçirdiyi görüşlər, imzaladığı fərman və sərəncamlar, Təhlükəsizlik Şurasının iclasları, komanda qərargah toplantıları, xalqa müraciətləri, işğaldan azad edilmiş ərazilərə səfərləri barədə məlumatlar yer alıb.

Kitabın növbəti – “Xalqa xidmət missiyası” bölməsi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələri, Qarabağ uğrunda gedən döyüşlərdə sağlamlığını itirmiş soydaşlarımızın və onların ailə üzvlərinin sosial problemlərinin həllinə yönəlmiş xeyirxah təşəbbüslərinə həsr olunub.

G.Səlimzadə qeyd edib ki, kitabın növbəti – “Müsahibələr” bölməsi ölkə başçısı İlham Əliyevin Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna dərəcədə əhəmiyyətli olan dünyanın aparıcı və ən nüfuzlu kütləvi informasiya vasitələri, televiziya kanalları, informasiya agentlikləri, qəzetlərinə verdiyi müsahibələrə həsr olunub.

Nəzərə çatdırılıb ki, kitabın “Baş Prokurorluqda” bölməsində Vətən müharibəsinin davam etdiyi 44 gündə, eləcə də sonrakı dövrdə də prokurorluq orqanlarının aidiyyəti dövlət orqanları ilə əlaqəli şəkildə erməni quldur dəstələrinin mülki əhaliyə və hərbi qulluqçularımıza qarşı törədilən cinayətlərin vaxtında aşkar edilməsi, təxirəsalınmaz istintaq hərəkətlərinin operativ qaydada və keyfiyyətlə icra edilməsi, təqsirkar şəxslərin barəsində tədbirlərin görülməsi, ən əsas da beynəlxalq təşkilatlar, diplomatik korpus nümayəndələrinin və nüfuzlu xarici kütləvi informasiya vasitələrinin xalqımıza qarşı törədilən sülh və insanlıq əleyhinə cinayətlər barədə məlumatlandırılması istiqamətində gördüyü tədbirlər barədə ətraflı məlumatlar yerləşdirilib.

Kitabın sonuncu fəslində Vətən müharibəsinə aid gündəlik xronika, faktlar və rəqəmlər, təhlillər, müzəffər ordumuzun hərbi əməliyyatları, uğurları, günbəgün işğaldan azad edilən ərazilərimiz, yaşayış məntəqələrimiz, düşmən ordusunun itkiləri, hərbi qənimətlər və digər məlumatlar öz əksini tapıb.