Yanvarın 25-də Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin təşkilatçılığı ilə tanınmış jurnalist Elxan Salahovun yeni çapdan çıxmış “Qanlı kaha” kitabının təqdimatı keçirilib.

Bakıxəbər.az xəbər verir ki, tədbirdə tanınmış ziyalılar, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri və məcburi köçkünlər iştirak ediblər.

Tədbiri giriş sö zü ilə açan “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin sədr müavini Həbib Misirov kitabın məziyyətlərindən danışıb. O, imzası ilə Azərbaycan mətbuatında məşhur olan Süleyman Qaradağlının redaktoru olduğu bu sənədli-publisistik povestin məhz Qarabağ həqiqətlərinin öyrənilməsində və dünya ictimaiyyətinə çatdırılmasında tutarlı mənbə olacağını qeyd edib. Başlıbel müsibətinin dünya ictimaiyyətinə çatdırılmasının, bu barədə tarixi salnamənin yazılmasının vacibliyini vurğulayan E.Misirov Kəlbəcər və işğal altında olan digər rayonlarımızın azad olunması uğrunda milli birliyimizin vacib şərtlərdən biri olduğunu deyib.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabın müəllifi Elxan Salahov çıxış edib və iştirakçılara əsər haqqında geniş məlumat verib. Bildirib ki, kitab 1993-cü ildə Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndinin yurd-yuvasını tərk etməyən, 4 ay müddətində kahalara sığınmış 76 dinc sakinin mühasirə həyatından bəhs edir. Sənədli-publisistik povestdə işğal zamanı dağlara çəkilərək kahalara sığınan və tez-tez mövqeyini dəyişmək məcburiyyətində qalan dinc sakinlərin ağır və dözülməz mühasirə günləri, erməni quldurlarının törətdikləri dəhşətli qətliamlar, vandalizm hərəkətləri yer alıb, həmin hadisələri gözləri ilə görmüş və məşəqqətləri yaşamış şahidlərin xatirələri toplanıb. Mühasirəyə düşənlər arasında 8 uşaq, 24 qadın, 15 qocanın olduğunu qeyd edən müəllif, onların 113 gün davam edən və hər an silahlı erməni quldurları ilə üz-üzə gəlmək təhlükəsi ilə dolu həyatını, soyuğa, aclığa qarşı apardıqları mübarizəni Qarabağ müharibəsinin ən dəhşətli səhnələrindən biri adlandırıb.

Kitabda ümumilikdə Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndinin 36 sakininin amansızcasına qətlə yetirildiyi, 19 nəfərin girov götürüldüyü, 1 nəfərin itkin düşdüyü bildirilir.

“Qanlı kaha” kitabında həmçinin 1994-cü ilin yanvar-fevral aylarında Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlər, məşhur “Murovdağ əməliyyatı” və onun nəticələri barədə də geniş məlumat verilir.