Dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti , Qalib Ordumuzun
Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında olublar.
Yolboyu dağıdılmış kəndlər, tarixi abidələrimiz, dini abidələrimiz, üzüm
bağları,yaşayış məntəqələri qarşımızda olan düşmənin necə bir vəhşi xislətli
olduğunu sübut edir. Hər iki rayonun demək olar ki, bütün kəndləri düşmən
tərəfindən yerlə yeksan edilib. Bir dənə də olsun salamat bina saxlanmayıb. Hətta
qəbirsanlıqlar da erməni faşistləri tərəfindən təmamilə dağıdılıb. Bu cür vəhşilik
heç İkinci Dünya müharibəsi zamanı faşistlər tərəfindən də törədilməyib. Bizim
qadir ordumuz, Ali Baş Komandanımız təkcə bizim torpaqları deyil, həm də
Qafqazı və bu bölgəni erməni kimi faşist bir düşməndən azad edib.
Ali Baş Komandanımız Qubadlı və Zəngilanda Vətənin keşiyində dayanan Qalib
Ordumuzun əsgərləri ilə də görüşüb. Görüş zamanı Möhtərəm Prezidentimiz İlham
Əliyev böyük sevgi və qürurla qeyd etmişdir ki,
“Bu gün səhərdən yağış yağırdı, biz Qubadlıya çatanda gün çıxdı. Təbiət də bizi
salamlayır, bizi alqışlayır. Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan
azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi
bizim qələbəmizi yaxınlaşdırdı. Qubadlı uğrunda şiddətli döyüşlər gedirdi, şəhidlər
vermişik. Onların arasında Qubadlı rayonundan olan Milli Qəhrəman Şükür
Həmidov öz doğma diyarı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak
olmuşdur. Şükür Həmidova mən Milli Qəhrəman adını Aprel döyüşlərindən sonra
verdim, göstərdiyi qəhrəmanlığa görə. Allah ona rəhmət eləsin! Allah bütün
şəhidlərimizə rəhmət eləsin! Azərbaycan hərbçiləri, o cümlədən Şükür Həmidov
dövlət tərəfindən yüksək döyüş ordenləri ilə təltif edilmişdir.”
Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkib. Zəngilan şəhəri
oktyabrın 20-də azad olunandan sonra ordumuzun istiqaməti Qubadlı rayonuna
idi. Lakin şəhərdə ermənilər güclü istehkam qurmuşdular. Şəhərin girəcəyində
düşmən hərbi baza yaratmışdı. Qubadlının yüksəkliklərində düşmənin hərbi
birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, ordumuz bu
yüksəklikləri götürməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq
hərbçilərimizə atəş açırdı. Qubadlı şəhərindən Ermənistan sərhədinə 5 kilometr
məsafədir. Həm oradan ağır artilleriya ilə, həm də yüksəkliklərdən müxtəlif növ
silahlardan istifadə edərək bizim əsgərlərimizi, hərbçilərimizi atəşə tuturdular. Ona
görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan
Ordusu da bu peşəkarlığı və fədakarlığı göstərdi. İlk növbədə, şəhərə hakim olan
yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi,
Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər ələ
keçirildi. Ondan sonra Azərbaycan Silahlı Qüvvələri şəhərə girib, buranı da
düşməndən təmizlədilər.
Nə qədər çətin olsa da Müzəffər Ordumuzun gücü və qüdrəti sayəsində düşmən
məhv edildi. Qubadlı rayonunun və Qubadlı şəhərinin azad edilməsi bizə böyük
strateji üstünlük təmin edirdi. Çünki Qubadlıdan sonra növbəti istiqamət Laçın

rayonu idi. Hər gün döyüş əməliyyatı planları Ali Baş Komandanımız tərəfindən
təsdiq edilirdi.
Qubadlıdan Laçın rayonunun cənub hissəsinə gedən yol daim atəş altında olurdu,
çünki Laçın rayonuna gedən yol düz Ermənistanın dövlət sərhədinin yanı ilə keçir,
orada məsafə bəlkə də 10-20 metrdir və Ermənistan daim o tərəfdən atəş açırdı.
Ona görə bizim hərbi birləşmələrimiz digər müxtəlif yollarla, cığırlarla dağları
aşaraq Laçın rayonunun strateji yüksəkliklərində yerləşmişdir. Beləliklə, Laçın
rayonunun cənub hissəsində yerləşən Güləbird kəndi, Səfiyan kəndi, Türklər kəndi
azad edilib və eyni zamanda, strateji yüksəkliklər ələ keçiriləndən sonra Laçın
dəhlizinə də nəzarət etmək olurdu.
Düşmən bizi Laçın tərəfdən gözləyirdi. Düzgün döyüş planı əsasında ordumuz
Şuşaya başqa yolla, onların gözləmədiyi yoldan irəliləyərək daxil oldu. Bu günə
qədər də düşmən inana bilmir ki, bizim qəhrəman əsgər və zabitlərimiz o
dağlardan, dərələrdən, meşələrdən necə keçərək Şuşaya yaxınlaşıb və Şuşanı
işğaldan azad ediblər. Qubadlı əməliyyatının çox böyük əhəmiyyəti var idi. Çünki
Qubadlıdan sonra qəhrəman ordumuz Şuşa şəhərini işğaldan azad etdi. Oktyabrın
25-də Qubadlı azad olundu və noyabrın 8-də Şuşa şəhəri azad edildi. Beləliklə,
düşmən təslim olmağa məcbur oldu.
Bu gün dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində müharibə zamanı
gördüyümüz işlər, ordumuzun döyüş taktikası öyrənilir. Bu müasir döyüş
taktikasıdır. Burada ən vacib amillərdən biri də, az itkilərlə düşmənə sarsıdıcı
zərbələr vuraraq, düşmənin ordusunu faktiki olaraq məhv edərək hədəfə çatmaq
olmuşdur. 44 gün ərzində bu əraziləri işğaldan azad etmək və düşməni məhv
etmək, düşmən ordusunu məhv etmək, düşməni təslim olmağa məcbur etmək
böyük qəhrəmanlıqdır.
Peşəkarlıq, qəhrəmanlıq, planlaşdırma, güclü iradə, milli ruh, texniki təchizat –
bütün bu amillər birlikdə və xalq və dövlətimizin birliyi bizim Qələbəmizin əsas
şərtlərindəndir. Biz bunun nəticəsində qısa müddət ərzində böyük Qələbə qazana
bilmişik, öz doğma torpaqlarımızı düşməndən azad edə bilmişik. Düşmənə
sarsıdıcı zərbələr endirmişik.
Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat faktiki olaraq Ermənistan dövlətinin
kapitulyasiyası idi. Ondan sonra Ağdam, Laçın, Kəlbəcər rayonları bir güllə
atmadan belə bizə qaytarıldı. Bu gün Azərbaycan əsgəri bu rayonlarda xidmət
göstərir.
Öz çıxışında noyabrın 10-da imzalanmış Bəyanatın çox böyük əhəmiyyəti
olduğunu nəzərə çatdıran Ali Baş Komandanımız xüsusilə qeyd etmişdir: “Əgər
biz o günə qədər böyük ərazini işğalçılardan azad etməsəydik, düşmənin belini
qırmasaydıq, düşmən ordusunun məhv edilməsində istədiyimizə nail olmasaydıq,
əlbəttə, düşmən onun üçün bu alçaldıcı sənədə qol qoymazdı. Biz onu məcbur
etdik, torpaqlarımızdan qovduq və mən verdiyim sözə həmişə olduğu kimi sadiq
qaldım. Müharibənin ilk günlərindən demişdim, Ermənistan rəhbərliyi açıq-aşkar

bəyan etməlidir ki, nə vaxt, hansı tarixdə bizim torpaqlarımızdan çıxır. Tarix
verməlidir bizə. Əgər bu olarsa, biz müharibəni dayandırarıq. Amma bizə tarix
verilmədi. Çalışırdılar ki, müxtəlif yollarla xarici ölkələri bu işlərə qoşaraq öz
çirkin əməllərini davam etdirsinlər, işğalı davam etdirsinlər. Əgər Ermənistan
rəhbərliyi o vaxt mənim sözümə baxıb düzgün addım atsaydı, belə alçaldıcı
vəziyyətə düşməzdi. Mən demişdim ki, axıra qədər gedəcəyik və axıra qədər də
getdik, lazım olan anda dayandıq, üç rayonu bir güllə atmadan, bir itki vermədən
qaytardıq, ərazi bütövlüyümüzü bərpa etdik.”
Bu gün Ali Baş Komandanımızın, Müzəffər Ordumuzun qəhrəmanlığı sayəsində
vaxtilə işğal edilmiş torpaqlarda Azərbaycan Bayrağı dalğalanır. Bu gün Ali Baş
Komandanımız azad edilmiş bu torpaqlarda qəhrəman əsgərlərimizlə görüşür.
Artıq Qarabağımızın bərpası ilə bağlı konkret addımlar atılır, kontraktlar imzalanır.
Qalib Ordumuzun dekabrın 10-da Zəfər paradı keçirildi. Bu bir vətəndaş olaraq
bizim üçün də çox qürurverici bir hadisədir.
Biz öz prezidentimizə inanır və ona güvənirik. İnanırıq ki, Möhtərəm
Prezidentimiz Qarabağımızı, işğal altından azad olan torpaqlarımızı gülüstana
çevirəcək. Qarabağ deyəndə gözlərimiz önündə dağıdılmış kəndlər, viranə qalmış
şəhərlər deyil,
Cənnətim Qarabağ,
Zinnətim Qarabağ,
Nəğmələr gülüstanısan,
Sevgi dastanısan.- canlanacaq.

Nəsimi Rayon sakini, Demokratik İnkişafın Təşviqi İctimai Birliyinin
sədr müavini Leyla Həşimova