Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyasının 5 dekabr Anım Günü münasibətilə onlayn konfrans keçirmişdir.

“Yeni Gündəm”-in məlumatına görə, konfransı açıq elan edən Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli tədbirin Azərbaycan üçün tarixi günlərdə keçirildiyini bildirərək iştirakçıları Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuzun düşmən üzərində tam qələbəsi və 30 ilə yaxın işğal altında qalan Qarabağ torpaqlarımızın düşməndən azad edilməsi münasibətilə təbrik edib.

Tədbirin açılışından sonra iştirakçılar 1988-ci il deportasiyası qurbanlarının, məzarı Qərbi Azərbaycanda qalan soydaşlarımızın və Azərbaycanın azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda həyatını itirmiş şəhidlərimizin və Vətən müharibəsinin bütün şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Konfransın gündəliyinə iki məsələ daxil edilib:
1. Vətən müharibəsinin Azərbaycanın parlaq qələbəsi ilə yekunlaşmasının əmələ gətirdiyi reallıqlar kontekstində Qərbi Azərbaycan qaçqınlarının vətənə qayıdış perspektivləri.
2. Vətənə qayıdışla bağlı Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması İdarə Heyəti Bəyanatının qəbul edilməsi.

Birinci məsələ ilə bağlı nəruzə edən AQC və QAİ sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli son iki yüzildə qərbi azərbaycanlı soydaşlarımızın 1801-ci ildən başlanan qaçqınlıq tarixi, məruz qaldığı deportasiya və soyqırımları, xüsusilə 1988-ci il sonuncu deportasiyası barədə məlumat verib, Vətən müharibəsində Azərbaycanın qəti qələbəsindən sonra Qərbi Azərbaycan qaçqınlarının vətənə qayıdış perspektivləri barədə danışıb.

Məruzə ətrafında geniş çıxış edən Milli Məclisin deputatı Məlahət İbrahimqızı Vətən müharibəsində Azərbaycanın qələbəsini möhtəşəm qələbə adlandıraraq bu qələbə sevincini xalqımıza yaşatdığı üçün müzəffər Ali Baş Komandanımız İlham Əliyevə təşəkkürünü bildirib, onun rəhbərliyi altında tarix yazan ordumuzun rəşadətindən, xalqımızın dünyanın gözü qarşısında nümayiş etdirdiyi sarsılmaz milli birlikdən bəhs edib. “Azərbaycan dövləti həmişə bütün hərəkətlərində beynəlxalq hüquqa söykənib, öz haqqı olanı tələb edib və biz Qərbi Azərbaycan qaçqınlarımızın öz ata-baba ocaqlarına qaytarılması məsələsində də ilk növbədə beynəlxalq hüquq çərçivəsində hərəkət etməliyik, bu, həmin qaçqınlarımızın həm də insani haqqıdır”, – deyə bildirib.

Daha sonra məruzə ilə bağlı müzakirələrdə Qərbi Azərbaycan İcmasının Türkiyə təmsilçisi, Türkiyənin tanınmış ictimai-siyasi xadimi Murtaza Karaçanta, Azərbaycan Respublikası Ombudsman Aparatının əməkdaşı Azadə Novruzova, Qərbi Azərbaycan İcmasının Ankara təmsilçisi, araşdırmaçı yazar Dərya Akdemir, tanınmış telejurnalist Telli Pənahqızı, Gəncə Texnologiya Universitetinin Tədris şöbəsinin müdiri Piri Axundov, Azərbaycan Dillər Universitetinin dosenti Həqiqət Hacıyeva, Türkiyənin İzmir şəhərindən Çağdaş Azərbaycan Kültür Dərnəyinin başqanı Cemal Mehemmedhanoğlu, Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev, İSBAM sədri Samir Adıgözəlli, Qərbi Azərbaycan İcmasının əməkdaşlarından və fəallarından QAİ-nin sədr müavini Fəqan Bəhrəmov, Səməndər Çaxmaqlı, Rəhilə Abdullayeva, İdrak Əliyev və başqaları çıxış etmişlər.

Çıxışlardakı təklifləri ümumiləşdirib, Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının bundan sonrakı fəaliyyətində nəzərə alınması üçün təşkilatın İdarə Heyətinə təqdim edilməsi qərara alınmış və bu məsələnin icrası AQC və QAİ Aparatına tapşırılmışdır.

Bundan sonra Qərbi Azərbaycan İcmasının ideoloji məsələlər üzrə sədr müavini Mirfaiq Mirheydərli gündəlikdəki ikinci məsələ ilə bağlı məlumat vermiş və tədbir iştirakçılarını Vətənə qayıdışla əlaqədar Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının Bəyanatı ilə tanış etmişdir. Bəyanat yekdilliklə qəbul edilmişdir.