Oktyabrın 2-də qədim Qəbələ şəhərində yerləşən Qəbələ Arxeoloji Mərkəzində Azərbaycanda erkən hominid Azıxantropun tapılmasının 50 illiyinə həsr olunmuş “Azərbaycanda Azıx mağarası və miqrasiya axınları” mövzusunda beynəlxalq elmi konfrans işini davam etdirmişdir.

         AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən saytımıza verilən məlumata görə, konfrans iştirakçıları iclas öncəsi Qəbələ Arxeoloji Mərkəzinin foyesində sərgilənmiş Azərbaycanın və bölgənin tarixinin müxtəlif dövrlərinə aid nadir maddi mədəniyyət nümunələri ilə tanış oldular. Daha sonra beynəlxalq konfransın təşkilatçılarından biri olan SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının nümayəndəsi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru İradə M. Nəcəfova SEBA adından konfrans iştirakçılarını salamladı və Qəbələ Arxeoloji Mərkəzinin yaranmsı və fəaliyyəti barədə məlumat verdi. Konfrans iştirakçılarına Qəbələdə aparılan arxeoloji tədqiqatlara həsr olunmuş sənədli film təqdim olundu.

         Proqram çərçivəsində paleolit dövrü arxeologiyası üzrə Azərbaycan alimləri ilə yanaşı İngiltərə, Rusiya, Gürcüstan və Ukraynadan olan mütəxəssislər 1968-ci ildə Azərbaycanın Azıx mağarasındakı paleolit dövrü məskəninin tədqiqatları zamanı görkəmli arxeoloq Məmmədəli Hüseynov tərəfindən azıxantropun kəşf edilməsinin tarixi və dünya elmi üçün mühüm əhəmiyyəti, Avrasiyanın paleolit dövrü abidələrində aparılmış tədqiqatlara həsr olunmuş mövzular üzrə elmi məruzələrlə çıxış etdilər.

                Konfransın işində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova, AMEA-nın həqiqi üzvü, Azərbaycan Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, AMEA İctimai Elmlər bölməsinin akademik katibi, akademik Nərgiz Axundova  və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri Ruhəngiz Heydərova iştirak edirdilər.

Konfrans oktyabrın 5-ə qədər davam edəcəkdir.