Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 4-də İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhrominin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“Report” xəbər verir ki, dövlət başçısı İlham Əliyev Məhəmməd Cavad Azəri Cəhrominin XXIV “Bakutel” Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində iştirakından və İranın bu tədbirdə geniş sayda şirkətlərlə təmsil olunmasından məmnunluğunu bildirib.

Sərginin ənənəvi olaraq keçirildiyini deyən Prezident İlham Əliyev burada İran şirkətlərin daim iştirak etdiyini vurğulayıb. Azərbaycanla İranın müxtəlif sahələrdə, o cümlədən rabitə və informasiya texnologiyaları sahəsində yaxşı əməkdaşlıq həyata keçirdiyini qeyd edən dövlət başçısı müntəzəm qarşılıqlı səfərlərin, eləcə də nazirlər səviyyəsində təmasların yaxşı səviyyədə olduğunu qeyd edib. Dövlət başçısı İKT sahəsində həm ikitərəfli səviyyədə, həm də regional çərçivədə əməkdaşlıq üçün yaxşı imkanlar açıldığını deyib.

Qəbula görə minnətdarlığını bildirən İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi iki ölkə arasında İKT sahəsində yaxşı əməkdaşlıq həyata keçirildiyini bildirib. O, əməkdaşlığın təkcə ikitərəfli səviyyədə deyil, eləcə də İran, Azərbaycan, Türkiyə, Rusiya səviyyəsində genişləndirilməsi üçün səmərəli müzakirələrin aparıldığını deyib. Məhəmməd Cavad Azəri Cəhromi keçən il Azərbaycan Prezidenti ilə görüşdən ötən dövr ərzində əməkdaşlığın genişləndirilməsi və layihələrin icrası ilə bağlı çoxlu işlərin görüldüyünü məmnunluqla qeyd edib.

Görüş zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.