“Əsrlər boyu xalqlarımız dostluq, mehriban qonşuluq şəraitində yaşamışlar. Bu gün iki müstəqil dövlət arasındakı əlaqələr möhkəm təməl üzərində qurulub”.

Bakıxəbər.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev avqustun 30-da Bakıda Gürcüstanın Baş naziri Mamuka Baxtadze ilə görüşdə deyib.

Dövlət başçısı bildirib ki, Gürcüstan və Azərbaycan birlikdə bir çox önəmli layihələri icra edib: “Biz dünyanın enerji xəritəsini birgə səylərlə dəyişdirdik. Nəqliyyat istiqamətində birgə həyata keçirdiyimiz layihələr Avrasiya qitəsi üçün böyük önəm daşıyır. Bütün bu layihələrin icrasında həm Gürcüstan, həm Azərbaycan, həm Türkiyə tərəfi fəal əməkdaşlıq edir. Hesab edirəm ki, indiki dövrdə biz ticarət dövriyyəsinin artırılması ilə bağlı əlavə səylər göstərməliyik. Mən bilirəm ki, Gürcüstanda çox gözəl investisiya iqlimi mövcuddur. Biz çox şadıq ki, Azərbaycan uzun illərdir Gürcüstana xarici sərmayə qoyan ölkələr arasında birinci yerdədir. Biz bu gün bir çox məsələləri müzakirə edəcəyik, o cümlədən regional əməkdaşlıq məsələlərini. Sizi bir daha ürəkdən salamlayıram, Sizə xoş və uğurlu səfər arzulayıram”.