Bir neçə il əvvəl dünya iqtisadi və maliyyə böhranı Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməmiş, əhalinin sosial cəhətdən həssas qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə təsir göstərmiş, nəticədə, kredit təşkilatlarından borc alan vətəndaşların bank sistemi qarşısında öhdəliklərinin yerinə yetirilməsində müəyyən çətinliklər yaranmışdır. Dövlətimizin başçısı İlham Əliyev fevralın 25-də Prezident yanında keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirədəki çıxışında bu mövzuya da toxunmuş, problemli kreditlərlə əlaqədar hökumət üzvlərinə müvafiq göstərişlər verdiyini, təkliflər paketi hazırlandığını, işin son mərhələdə olduğunu diqqətə çatdırmışdır. Ölkə rəhbəri fevralın 28-də imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanla vətəndaşların kredit problemini birdəfəlik həll etdi. Dövlətimizin başçısı bununla da xalqa xidmətin ən yüksək nümunəsini göstərdi.Azərbaycan Prezidentinin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı sözügedən sənəd barədə mütəxəssislərin fikirləri də bunu təsdiqləyir.

Vüqar BAYRAMOV, iqtisad üzrə fəlsəfə doktoru:
– Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman uzun müddət müzakirə olunan və əhalini daha çox narahat edən sosial məsələlərin həlli deməkdir. Nəticə etibarilə vətəndaşların diqqət mərkəzində olan bu problem öz həllini tapdı. Həmin problemin həlli 800 min nəfərin bu güzəştdən istifadə etməsinə şərait yaradacaq.
Fərmana əsasən, xarici valyutada kredit götürmüş fiziki şəxslər bu güzəştlərdən faydalanacaq. Güzəşt 10 min dollar həcmində kredit borclarına tətbiq olunacaq. Güzəştin müəyyənləşdirilməsi zamanı iki dövr – 2012-ci il yanvarın 1-dən 2015-ci il fevralın 21-dək olan müddət nəzərdə tutulub. Bu dövrdə hər dollara 0,25 qəpik güzəşt tətbiq ediləcək. Bu isə o deməkdir ki, birinci devalvasiyayadək vətəndaş 10 min dollar kredit götürmüşdüsə, onun krediti manat ifadəsində 7 min 800 manat idi. Devalvasiyadan sonra həmin məbləğ 10 min 500 manata çatıb. Hər dollara 0,25 qəpik güzəşt tətbiq olunduğu üçün 10 min 500 manatdan 2 min 500 manat çıxılacaq və məbləğ, təxminən, devalvasiyadan əvvəlki məbləğ olacaq. 2015-ci il fevralın 21-dən dekabrın 21-dək olan kreditlərdə isə hər dollara 60 qəpik güzəşt tətbiq olunacaq. Bu, hər 10 min dollara 6 min manat güzəştin tətbiqi anlamına gəlir. Hər bir vətəndaşa tətbiq edilən güzəştin məbləği 5 min dollar olacaq. Yəni, 10 min dollar kredit götürən vətəndaş 5 min dollaradək güzəşt əldə edəcək. Qalan məbləğin ödənilməsi ilə bağlı vətəndaşlara banklardan 5 il müddətinə illik faizi 1 faiz olmaqla güzəştli kredit götürmək imkanı veriləcək. Bu da vətəndaşlara şərait yaradacaq ki, qalan hissəni 1 faizlik kredit götürməklə 5 il müddətinə ödəyə bilsinlər. Bunun üçün Mərkəzi Bank 682 milyon manatlıq krediti kommersiya banklarına ödəyəcək. Banklar tərəfindən hesablanmış artıq faizlər, cərimələr silinir, məhkəmələrdə olan işlərin geri çağırılması tövsiyə olunub.
Ümumilikdə, bu fərman problemli kreditlər məsələsinin köklü şəkildə həll edilməsinə imkan verəcək. Həmçinin bu, vətəndaşların sosial təminatının gücləndirilməsi baxımından ciddi addım kimi qiymətləndirilməlidir.

Azər VERDİYEV, Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri, politoloq:
– Son 15 ildə Prezident İlham Əliyev Azərbaycanda praqmatik və realist siyasət yürüdüb, ulu öndər Heydər Əliyevin siyasi kursuna istinad etməklə, bu dahi şəxsiyyətin ideyalarını siyasi, sosial-iqtisadi sahələrdə layiqincə reallaşdırıb. Azərbaycanda müstəqil dövlətçilik ənənələrini formalaşdırıb, respublikamızın gələcək uğurlarına əsaslı təminat yaradıb. Ölkəmiz hazırda regionda həyata keçirilən qlobal enerji və kommunikasiya layihələrinin təminatçısına çevrilib, ümumi daxili məhsulun artım tempinə görə dünyanın lider dövlətləri sırasına yüksəlib, respublikada sosial problemlərin həlli – işsizliyin, yoxsulluğun aradan qaldırılması, infrastrukturun bütün sahələrdə yeniləşdirilməsi istiqamətlərində önəmli addımlar atılıb, vətəndaşların firavan, azad yaşayışı, insan hüquq və azadlıqlarının təmini, habelə demokratikləşmə yolunda önəmli tədbirlər həyata keçirilib.
Problemli kreditlərin həlli ilə bağlı atılan addım da mühüm önəm daşımaqla bərabər, Azərbaycan Prezidentinin ciddi sosial təşəbbüsüdür. Qeyd edim ki, cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman vətəndaşların maddi rifah halını daha da yüksəltmək, onların maliyyə yükünü azaltmaq məqsədi daşıyır. Bu fikrin təsdiqi olaraq sözügedən sənəddə öz ifadəsini tapan bir məqamı xatırlatmaq istərdim. Belə ki, fərmanda nəzərdə tutulan tarixlərə fiziki şəxslərin banklara 10 min ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi müvafiq qaydada qiymətləndirilməklə, Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun şəkildə dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi qərara alınıb. Bu, kreditlə bağlı məhkəmə çəkişmələrinin vətəndaşların xeyrinə həll olunması, vətəndaşlarla bank arasında etimad mühitinin bərpa edilməsi, nəhayət, Prezident tərəfindən devalvasiyadan əziyyət çəkən insanlara misilsiz dəstəkdir.

Rəfail ALLAHVERDİYEV, iqtisad üzrə fəlsəfə doktoru:
– Prezident İlham Əliyev ­fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı imzaladığı fərmanla bir daha göstərdi ki, əhalinin sosial müdafiəsinə, layiqli həyat səviyyəsinin təmin edilməsinə mühüm önəm verir. Dövlət başçısı iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə də bu barədə ətraflı danışdı. Bildirdi ki, problemli kreditlərlə əlaqədar hökumət üzvlərinə müvafiq göstərişlər verib. Hazırda bu istiqamətdə fəal iş aparılır, təkliflər paketi hazırlanır.
Dövlət başçısı daha sonra tezliklə vaxtı keçmiş kreditlər üzrə problemin öz həllini tapacağına və Azərbaycanın bu məsələnin həlli ilə bağlı da liderliyini dünyaya göstərəcəyinə ümid etdiyini vurğuladı.
Ölkə rəhbəri imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanla bir daha təsdiq etdi ki, vədinə sadiqdir, insanların daha yaxşı yaşaması prinsipinə dönmədən əməl edir.
Yeri gəlmişkən, onu da qeyd edim ki, Azərbaycan Prezidentinin problemli kreditlərin həlli öz miqyasına, əhatə dairəsinə görə, sözün əsl mənasında, inqilabi qərardır. Dövlət başçısı belə bir fərman imzalamaqla ən çətin anlarda xalqın yanında olduğunu, vətəndaşları maliyyə çətinlikləri ilə təklikdə qoymadığını nümayiş etdirdi. Bununla da ölkədə vətəndaş məmnunluğunun səviyyəsinə görə ölkənin beynəlxalq mövqeyinin daha da möhkəmlənməsi yolunda önəmli bir addım atdı.