Rusiyalı politoloq Leonid Savin Qərb dövlətləri tərəfindən “Kürdüstan projesi”nin çağdaş durumu barədə maraqlı məqalə ilə çıxış edib. Onun analitik məqaləsini oxucularımızın diqqətinə çatdırırıq.

Rusiyalı politloq L.Savinə görə, kürd əhalisi kompakt şəkildə 500 min km ərazini əhatə edən arealda yaşamaqdadır. Diasporlar nəzərə alınmasa, əsas yaşayış arealı İraq, Türkiyə, Suriya və İranın ümumi sərhəd zonasını əhatə edir. Sayına görə, İranda 8,1 milyon (əhalinin10%), İraqda 5,5 milyon (17%), Suriyada 1,7 milyon (9,7 %) və Türkiyədə 14,7 milyon (əhalinin 18%) nəfərdirlər.

L.Savin bildirir ki, tarixi baxımdan kürdlər yalnız dövlət ərəfəsi səviyyəsində idilər və indi kürdlərin müstəqil dövlətə sahib olması mövzusunda çoxsaylı spekulyasiyalar aparılmaqdadır. Şərqi Kürdüstanda XII əsrdən XIX ortalarındək Ərdəlan mahalı, həmçinin, Diyarbəkrdə, Mardində, Ərəndə, Anidə, Dinavərdə, Şəhrizurda və Luristanda xırda məliklikləri, bəylikləri, sancaqları və s. idarə formaları var idi. Osmanlı və Səfəvi-Qacar imperiyalarının qarşıdurması  kürd tayfalarının bəzilərini forposta çevirmişdi və bu qarşıdurma həmçinin, kürd tayfalarının öz aralarındakı münasibətlərə sirayət etdi.

1916-cı ildə, Birinci Dünya Savaşının ən qızğın çağında ingilis və fransız siyasi çevrələrinin gizli Sayks-Piko razılaşmasına əsasən Osmanlı torpaqlarının bölüşdürülməsi nəzərdə tutulmuşdu. 1918-ci ildə bu razılaşmaya əsasən müharibəni uduzmuş Osmanlı torpaqları qalib dövlətlər tərəfindən bölüşdürüldü və kürdlər müxtəlif təsir zonaları sərhədlərinə düşdülər. 1927-ci ildə Ağrıdağda keçmiş Osmanlı ordusunun zabitləri üsyan qaldıraraq “kürd dövləti” qurduqlarını elan etdilər. Amma 1930-cu ildə bu separatçı üsyan Türk polisi tərəfindən ləğv olundu. 1946-cı ilin yanvarından İran ərazisindəki Mehabad şəhərində SSRİ-nin dəstəyi ilə “kürd dövləti” elan olundu və bu “dövlət” həmin ilin dekabrında, sovet qoşunları İrandan çıxandan ortadan qalxdı.

L.Savinə görə, xarici oyunçular kürdləri öz məqsədləri üçün istifadə edirdilər. Ben Hurionun sözlərinə görə, İsrail kürdləri özünün xroniki yetərsizlik səbəbinə görə dəstəkləyirdi, çünki İsrail ərəb ölkələri əhatəsində idi. Eyni səbəbdən İsrail fars millətçiliyinin hökm sürdüyü şah İranını da 1979-cu ilədək dəstəklədi. ABŞ-ın isə, dəstəyi sırf praqmatik idi. Belə ki, bir sıra ərəb dövlətləri SSRİ ilə münasibətləri gücləndirmişdi, kürdlərin içində də artıq Moskva yönlü PKK formalaşmışdı. Bu qüvvələrə qarşı bölgədə öz müttəfiqi kimi Türkiyə, İsrail ilə yanaşı Vaşinqton Moskvadan uzaq məsafə saxlayan kürdləri də görürdü.

SSRİ dağılandan sonra Vaşinqton kürd istiqamətində siyasətini korreksiya etdi. PKK-ya qarşı mübarizədə Vaşinqton Türkiyəni dəstəkləyirdi, artıq 90-cı illərin sonunda PKK-nın başçısı Öcalan həbs edildi. Lakin ABŞ bölgədə kürdləri Moskvaya meylli qüvvələrə – İran molla rejimi ilə bağlı şiə qruplaşmaları, Səddam və Əsəd rejiminə qarşı mübarizədə istifadə edirdi. Məsələn, 90-cı illərdə və 2000-ci illərdə Səddama qarşı hərbi əməliyyatlarda İraq Kürdüstanı ABŞ-ın hərbi plasdarmı rolunu oynadı. Elə bu gün də İraqda ABŞ qüvvələri Ərbil, Kərkük və Mosulda yerləşmişlər. Hal-hazırda Bərzani, Tələbani kürdləri İŞİD, iranyönlü qüvvələrə qarşı silahlı mübarizədə ABŞ yanlısı kimi çıxış edirlər.

Hələ XX əsrin 80-ci illərindən Qərbdə kürdlərlə bağlı siyasət pərakəndə haldan ciddi dərin strateji xəttə keçdi. SSRİ-nin dağılması planında yaranacaq yeni sərhəd bölgüsündə, 1981-ci ildə ABŞ-ın Prinston universitetinin Yaxın Şərq tədqiqatları kafedrasının professoru, ingilis-amerikalı şərqşünas, tarixçi Bernard Lüis (Bernard Lewis) belə bir proqnoz-xəritə irəli sürmüşdü ki, bölgədə İran, İraq və Suriya torpaqlarını əhatə edəcək, “ermənistan”ı öz içinə tam, Azərbaycanın isə, Naxçıvan, Kəlbəcər və Laçın bölgəsini alacaq “Kürdüstan” yaranacaqdı.

2006-cı ildə isə, ABŞ tədqiqatçısı Ralf Petersin irəli sürdüyü xəritədə “Kürdüstan” bölgədə İran, İraq və Suriya torpaqları ilə yanaşı, Türkiyənin Qara dənizə çıxan şimal-şərq torpaqlarını əhatə edəcəkdi. Onun xəritəsində “Kürdüstana birləşəcək İran torpaqları” kimi əsasən Güney Azərbaycanın az qala, Təbrizədək ərazisi göstərilir, “arsax respublikası” isə ayrıca dövlət kimi təqdim edilir.

L.Savin bildirir ki, “kürdüstan”ın yaradılması üçün iki faktor əsasdır: 1) kürdlərin özləri arasında razılıq; 2) Suriya, İraq, İran və ya Türkiyənin dünya xəritəsindən qismən və ya tamamilə silinməsi. Kürd liderləri öz xəyallarında İraq, İran, Türkiyə və Suriyadakı kompakt kürd mahallarının birləşməsi olan “dövlətdən” dəm vururlar, amma bu xəyal praktiki gerçəkləşmədən çox uzaqdır.

L.Savin İraq Kürdüstanında olarkən kürd politoloqlarına və siyasətçilərinə, sıravi hərbçilərə gələcək “kürdüstanı” necə təsəvvür etmələri barədə sualına birmənalı cavabın olmadığını bildirir. Bəziləri “gələcək Kürdüstanı” elə İraqın tərkibində böyük muxtar hüquqlara malik qurum, digərləri müstəqil dövlət kimi gördüklərini bildirirlər. Hətta başında kürd şah nəslinin durduğu “kürd şahlığının” yaradılmasını deyənlər də var idi…

1994-cü ildə İraq Kürdüstanında gələcək dövlətdə hakimiyyət uğrunda başlamış daxili toqquşma ABŞ-ın vasitəçiliyi ilə 1998-ci ildə Məsud Bərzani (Kürd Demokratik Partiyası/KDP) və Cəlal Tələbani (Kürdüstanın Vətənpərvərlər İttifaqı/KVİ) arasında sülh razılaşmasının  imzalanması ilə bitdi. Bu, kürdlərin daxilində ziddiyyətlərin nə qədər güclü olmasını göstərir. Sabitliyə baxmayaraq bu gün də KDP daha çox ABŞ-a və qismən Türkiyəyə istiqamətlidir, KVİ isə, İrana meyl edir.

L.Savin  vurğulayır ki, kürdlər arasında mədəni fərqlər də var. Kürdlər arasında ciddi ləhcə fərqi mövcuddur. İraq Kürdüstanında kurmanci və sorani ləhcəsi işlənir, son zamanlar isə, hər iki ləhcənin qarışığı olan yeni bir ləhcə yaranıb. Həmçinin, İraqda və İranda həm də cənubi-kürd və ləki ləhcələri də var.

Suriya Kürdüstanında (Rojava) muxtariyyət məsələsi son dövrdə qalxdı. 2012-dən etibarən YPG “xalq özünümüdafiə batalyonları” yarandı. Eyni zamanda İraqdakı Bərzani kürdləri ilə qarşıdurma başladı. Rusiya və İran meylli YPG-ni idarə edən Kürd Demokratik İttifaqı Partiyası (KDİP) ilə, İraqdakı kürd liderlərlə əlaqəli Kürd Milli İttifaqı (KMİ) arasında Əsədin nəzarətindən çıxmış Suriyadakı kürd vilayətlərində liderlik uğrunda savaş başladı. YPG hətta İŞİD-ə qarşı döyüşmək üçün Bərzaninin peşmərgəsini Suriyaya buraxmaq istəmirdi. KDİP açıq olaraq Bərzanini Ankara ilə əlaqədə suçlayaraq, hərbi birləşmələrini PKK əsasında formalaşdırdı.

Ölkəni idarə edə bilməyən Əsəd rejimi İŞİD-ə və Türkiyəyə qarşı mübarizədə KDİP-də müttəfiq görür və onun idarəsi altında Suriyada geniş hüquqlu kürd muxtariyyətinin yaradılmasına razılığını vermişdi. 2016-cı ilin martında Şimali Suriyanın üç rayonu (Cəzirə, Kobani və Afrin)  administrasiyası  “Şimali Suriyanın (Rojava) Kürd Federasiyasının” yarandığını elan etdi. Faktiki bu əyalətlərə KDİP nəzarət edəcəkdi.

Amma avqustda Türkiyənin keçirdiyi əməliyyatlar və Ankaranın Moksva ilə yaxınlaşması KDİP-in bütün planlarını pozdu. Digər tərəfdən, rusların himayəsi ilə əraziyə yerləşmiş əsədçi qüvvələr KDİP-in hərbi birləşmələrini, ilk növbədə YPG-ni ciddi sıxışdırmağa başladı. Əsəd isə, kürdlərə verdiyi vədi yerinə yetirməyə tələsmir; durum dəyişib artıq…

Türkiyədə 90-cı illərdən aydın oldu ki, “kürd məsələsinə” münasibət dəyişməlidir. Əgər əvvəllər Qərbin gözündə kürd separatçıları sovet, əsədçi və iranlı mollaların qüvvəsi kimi dəyərləndirilirdisə, SSRİ-nin süqutundan sonra birbaşa Türkiyəyə təzyiq aləti kimi qiymətləndirildi. AKP-nin hakimiyyəti dövründə Türkiyədə kürdlərə maksimal dərəcədə mədəni muxtar hüquqlar (dövlət və şəxsi teleradio dalğaları, KİV, məktəblərdə fakültativ əsaslı tədris və s.) verildi. Amma Ankara bildirdi ki, bundan artığına gedən deyil. Qərbdə “Türkiyədə kürdlər sıxışdırılır!” kimi vay-şivən kampaniyası əvvəlki qədər inandırıcı görünmür; yetərli dərəcədə muxtar hüquqların olması göz qarşısındadır. Hətta türk politoloqlarının bildirdiyinə görə, kürdlərin Türkiyədəki mədəni muxtar hüquqları qədər Avropa ölkələrində milli azlıqlar, Rusiyada türk və müsəlman əhalisində muxtar hüquqlar yoxdur. Türkiyə Böyük Millət Məclisində təmsilçiliyi olan yeni kürd partiyaları da “həddlərini” aşanda ciddi cəzalanırlar. 2016-cı ildə   Halkların Demokratik Partisi fəalları, partiya lideri Səlahəddin Dəmirtaş da daxil olmaqla terrorçulara dəstək verdiklərinə görə həbs edildilər. 2019-cu ilin avqustunda terrorçulara dəstəyə görə bu partiyanın üç şəhər başçısı işindən qovuldu. Türkiyənin özündə kürdlər olduqca yüksək dövlət və hərbi vəzifələrdə, elm, maliyyə və biznes strukturlarında təmsil olunublar. Onlar arasında “müstəqil Kürdüstan” ideyası, separatçılıq hərəkatına rəğbət məsələsində təmamilə biri digərinə zidd mövqelər var. Digər tərəfdən, Türkiyə daxilində kürdlər arasında mədəni, dil, din-təriqət fərqləri də güclüdür.

İranda kürdlərin durumu tam fərqlidir. Kürdlərin hər hansı bir siyasi fəaliyyəti yasaq edilib. Az sayda kürd dilində KİV ciddi surətdə İran İslam İnqilabi Keşikçiləri tərəfindən nəzarət altındadır. Kürd dilində məhdud sayda KİV-lərdə əsasən dini mövzular, farslarla kürdlərin “ari köklü” olması barədə təbliğat əsas yeri tutur. Bu siyasətin nəticəsində İranda PEJAK terror təşkilatı daim iranlı məmur, polis və hərbçilərinə hücumlar təşkil edir. Rəsmi Tehran kürd liderləri ilə ikili siyasət aparır. Əsasən keçmiş PKK, ermənipərəst kürd qüvvələrə münasibət loyaldır. Lakin ABŞ yönlü və İranda “kürd muxtariyyəti” tələb edənlərə qarşı ciddi repressiv aparat mövcuddur.

L.Savin bildirir ki, bir-birilə ziddiyyətdə olan bölgə dövlətləri yeri gələndə kürd separatizminə qarşı mövqedə birləşirlər. 2017-ci ilin sentyabrında İraq Kürdüstanında keçirilən müstəqillik referendumu nəinki rəsmi Bağdadın sərt təpkisinə, hətta Türkiyə və İranın ciddi siyasi etiraz bəyanatlarına səbəb oldu. Aydın oldu ki, əgər rəsmi Bağdad öz qüvvələri hesabına İraq Kürdüstanına qoşun yeritməsə idi, bu əraziyə qoşunları Türkiyə və İran yeridə bilərdi. Hətta ABŞ belə, iraqlı kürd müttəfiqlərinə bu referendumdan əl çəkmələrini tövsiyyə etdi və bəd ayaqda, onlara yardım etməyəcəyini bildirdi.

L.Savinə görə, SSRİ-nin dağılması və bundan sonra baş verən proseslərdən kürdlər istifadə edə bilmədilər. Buna səbəb öz aralarındakı qarşıdurmalar idi.

P.S. Maraqlıdır ki, L.Savin bölgədə Güney Azərbaycan, Suriya və İraq türkmənlərinin güc olmadığını göstərir. Rusiyalı politoloq dolayısı ilə bildirir ki, kürdlərlə müqayisədə Güney azərbaycanlılarda milli özünüdərk olduqca aşağıdır, onlar mütəşəkkil deyillər və onların bölgədə və ya Qərbdə heç bir silahlı qüvvəsi yoxdur. Digəl ki, Avropada kürdlər ermənilər kimi mütəşəkkil və özləri ilə hesablaşmağa məcbur edən silahlı döyüşçülərə-terrorçulara malik qüvvədirlər. Azərbaycanlıları, Azərbaycan türklərinin isə, dünyada ermənilər və ya kürdlərlə müqayisədə ciddi qüvvə kimi qəbul edilməsi, hələ böyük bir sual altındadır…

Hazırladı: Alptegin