Jurnalist-polis münasibətlərində ən gözəl nümunə kimi “102-ci qəzet” ilə hüquq-mühafizə orqanlarının əməkdaşlığını göstərmək olar desək, yanılmarıq.” Bu sözləri tanınmış jurnalist,  “102-ci qəzet” in baş redaktoru Tural Kəlbəcərli LEQAL.AZ-a müsahibəsində bildirib.

Hətta demokratiyanın beşiyi sayılan ölkələrdə belə polis-media münasibətlərinin mübahisəli bir prosses olduğu etiraf olunur. Azərbaycanda isə fərqli olaraq, polis jurnalistlərin normal və təhlükəsiz mühitdə işləmələri üçün şərait yaradır, qanun çərçivəsində peşə fəaliyyətlərini həyata keçirmələrinə maneə olmur.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi jurnalistlərlə polis əməkdaşları arasında əlaqələrin və münasibətlərin keyfiyyət baxımından formalaşmasına və bu münasibətlərin tənzimlənməsinə yardımçı olur.

“102 qəzeti”nin əməkdaşları “Polis və jurnalist münasibətləri” mövzusunda seminar-müşavirələrdə iştirak etmiş, hüquq – mühafizə orqanları və kütləvi informasiya vasitələri nümayəndələrinin müştərək tədbirlərinə qatılmış, həmin tədbirlərdə qarşılıqlı münasibətlərin tənzimlənməsi ilə bağlı təkliflərini bildirmişlər. Qəzetdə çalışan işçilərin, jurnalistlərin polislə əməkdaşlığı özünü ən bariz formada yeni növ koronavirus (Covid-19) pandemiyasının birinci dalğası dövründə göstərib. Epidemiyaya qarşı mübarizə tədbirlərinə gərəkən informasiya dəstəyi verən, əhalinin bu müstəvidə səhiyyə maarifləndirilməsi işinə köməklik göstərən qəzetimiz, fədakar həkimlərimizlə yanaşı mübariz polisimizin də gərgin işini işıqlandırdı. Bəzən birgə keçirdiyimiz reydlərdə gördük ki, polisin bazarı, bayramı olmur. Nəinki kiçik rəis heyəti, hətta yüksək rütbəli polis zabitləri, idarə rəisləri bəzən günlərlə evə gedə bilmir, iş stolunun arxasında gecələyir. Və bunu təmənnasız, hər hansı şəxsi marağı olmadan edir. Sadəcə olaraq, polisin xidməti belədir, çətin və şərəfli peşədir.

Düşmən üzərində möhtəşəm qələbənin qazanılması, torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin gedişində də polislə çiyin-çiyinə duran redaksiyamızın kollektivi düşmənin törədə biləcəyi təxribat, terror cəhdlərinin qarşısını almaq üçün polisin gördüyü çətin işin şahidi oldular və bu işə informasiya dəstəyi verdi.

İndi qapımızın ağzını pandemiyanın ikinci dalğası kəsdirib. Sərtləşdirilmiş karantin rejiminə vətəndaşların əməl etməsinə nəzarət etmək vəzifəsi yenə əlbəttə ki, polisin üzərinə düşüb. “102-ci qəzet”in kollektivi adından bəyan edirik ki, Azərbaycan xalqının sağlamlığı, bu ümumbəşəri bəlanın bizim üçün az ziyanla ötüşməsi naminə biz jurnalistlər yenə də polislə səmərəli əməkdaşlığımızı davam etdirəcəyik.

ƏMİNƏ Elaydın