Müasir dövrdə əmək bazarının inkişaf xüsusiyyətlərinə uyğun olaraq onun peşə ixtisasına, peşə biliklərinə malik şəxslərlə təmin edilməsi kifayət qədər aktuallıq kəsb edir. Belə ki, ümumilikdə dövlət və iqtisadiyyatın müəyyən sahələri üçün müvafiq ali təhsilli mütəxəssislərlə yanaşı, müxtəlif peşə sahələri üzrə zəruri bilik və vərdişlərə malik mütəxəssislərin hazırlanması da vacibdir.
Müxtəlif sahələrdə çalışmaq üçün mütləq şəkildə ali təhsilə malik olmaq zəruri deyil. Bu mənada müəyyən peşə ixtisası üzrə biliklərin əldə edilməsi ilə də iqtisadi və sosial həyatın müəyyən sferalarında əmək fəaliyyəti ilə məşğul olmaq mümkündür. Peşə təhsilinin əhəmiyyəti həm də onunla bağlıdır ki,ümumilikdə əmək bazarının təlabatına uyğun olaraq orta məktəbi bitirən şəxslərin əmək bazarına ixtisassız girişinin qarşısı alınır. Eyni zamanda onların ilkin bilik və bacarıqlar ilə təmin olunması səbəbilə əmək fəaliyyətinə daha hazırlıqlı başlaması, daha sonra gələcəkdə inkişaf və karyera yönümlü istiqamətdə bu təcrübənin onlar üçün yararlı olması səbəbindən peşə təhsili mühüm əhəmiyyət kəsb edir.
Bu baxımdan yaxşı olardı ki, orta məktəblərdə şagirdlərə peşə təhsilinin istiqamətləri haqqında geniş məlumat verilsin, ilkin bilik və bacarıqlar aşılansın. Cəmiyyətimizdə elə bir fikir formalaşıb ki, orta məktəbi bitirən hər kəs ali təhsil almalıdır.
Bəzən müəyyən peşə sahəsinə marağı və istəyi olan gənc valideynlərinin təkidi ilə ali məktəblərə imtahan vermək məcburiyyətində qalır. Biz bu stereotipləri qırmalıyıq, həmin gənclərə dəstək olmaq üçün müəyyən mexanizm hazırlanmalıdır. Cəmiyyətdə peşə təhsilinin vacibliyinin, əhəmiyyətinin qəbul edilməsi üçün müəyyən işlərin daha da sürətləndirilməsi zəruridir. Xüsusilə regionlarda qızların peşə təhsilinə marağının artırılması, onların təhsilə cəlb edilməsi gələcək həyatlarını qarant altına alınması baxımından xüsusi əhəmiyyət daşıyır.
Tarixin müəyyən dövrlərində peşə təhsili sosial-iqtisadi inkişafda mühüm rol oynamışdır. İkinci dünya müharibəsindən sonra çökmüş iqtisadiyyatı yenidən dirçəltmək üçün bacarıqlı peşə təhsili mütəxəssislərinə ciddi ehtiyac yaranmışdır. Hazırkı dövrümüzdə də dəyişən, modernləşən dünyada bu cür mütəxəssislərə olan təlabat danılmazdır. Bu bizim üçün də keçərlidir. Hazırda ölkədə iqtisadiyyatın ,sənayenin ,kənd təsərrüfatının hərtərəfli inkişaf etdirilməsində kadrlara böyük ehtiyac var. Qeyd etməliyik ki, ölkəmizdə kənd təsərrüfatının əksər sahələrinin inkişafı üçün hər cür şərait var. Bağçılıq, meyvəçilik, barama istehsalı, pambıqçılıq və s. sahələrə marağın artırılması və bu sahələr üzrə peşə təhsilli mütəxəssislərin hazırlanması ölkəmizin aqrar inkişafına böyük töhfə verə bilər. Paytaxt Bakıda da , regionlarımızda mərkəzləşdirilmiş peşə təhsili müəssisələri fəaliyyət göstərir. Ölkə başçısının 2016-ci il 20 aprel tarixli Fərmanı ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması da bu sahənin ölkəmizin inkişafı üçün əhəmiyyətindən xəbər verir.
Cənab Prezident İlham Əliyev yeni təhsil nazirini videoformatda qəbul edərkən peşə təhsilinin önəminə diqqət çəkmiş və bunları söyləmişdir ki, peşə təhsili xüsusi əhəmiyyət daşıyan məsələdir, xüsusilə indiki şəraitdə. Bu gün Azərbaycanda yaradılan yeni peşə məktəbləri əlbəttə ki, sovet vaxtında mövcud olan peşə məktəblərindən böyük dərəcədə fərqlənir. Sovet vaxtında daha çox orta məktəbdə böyük nəticələr əldə edə bilməyən uşaqlar 8-ci sinifdən peşə məktəblərinə üz tuturdular və bu, adi bir praktika idi. Bu gün isə peşə məktəbləri çox böyük hörmətə layiq məktəblər olmalıdır. Son illərdə bəzi xarici tərəfdaşlarla Azərbaycanda bir neçə peşə məktəbi açılıbdır və bu peşə məktəblərinə orta məktəbdə yaxşı oxuyan uşaqlar da üz tuturlar. Bunu həvəsləndirmək vacibdir, çünki bizə peşəkar kadrlar lazımdır.
Ölkəmizdə son dövrlərdə bu istiqamətdə qanunvericilikdə də dəyişiklik olmuşdur. 12 may 2020-ci il tarixdə Nazirlər Kabinetinin Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin həyata keçirilməsi Qaydası təsdiq olunmuşdur. Burada təhsilalanların peşə seçiminə və əmək fəaliyyətinə hazırlanması məqsədilə ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili və həyata keçirilməsinin qaydaları müəyyən edilmişdir. Ümid edirik ki, qəbul edilən bu qaydalar gələcəkdə peşəyönümlü təhsil istiqamətinin inkişaf etdirilməsinə istiqamət verəcək.

Ceyhun Məmmədov

Milli Məclisin deputatı