Rəsmi Pekin həm böyük alış-veriş mərkəzlərində, həm də kiçik mağazalarda daha uzunmüddətli işi təşviq etməklə “gecə iqtisadiyyatı”nı inkişaf etdirmək niyyətindədir.

“Report” “Sinhua” agentliyinə istinadən xəbər verir ki, bu barədə şəhər meri Çen Tszinin bildirib.

Mağazalardan başqa, şəhər meriyası sutka boyu işləyən restoran və kafelərin fəaliyyət göstərməsinə çalışacaq.

Eyni zamanda şəhər administrasiyasI Pekində dünya markalarının yeni məhsullarının ortaya çıxmasını stimullaşdırmaq, eləcə də ənənəvi Çin və yerli brendləri inkişaf etdirmək niyyətindədir.

Qeyd edək ki, Pekində alış-veriş mərkəzləri və supermarketlər, adətən, axşam saat 10-dan sonra işləmir və bu cəhətinə görə paytaxt Şanxay, Hançjou, Şençjen kimi böyük şəhərlərdən ciddi fərqlənir. Meriya rəsmiləri “gecə iqtisadiyyatı”nın istehlakın artırılmasının yeni mərhələsinə təkan verəcəyinə ümid edirlər.

Ümumiyyətlə, Pekinin 2018-ci ildə ümumi regional məhsulu 6,6% artıb. 2019-cu ildə artım orientri 6%-dən 6,5%-ə qədər müəyyən edilib.