Ermənistanın baş naziri Nikol Paşinyan özünə yeni tərəfdarlar toplayır.

Belə ki, avqustun 23-də “Qurucu Parlament”in təşəbbüsü ilə növbənkənar parlament seçkilərində iştirak edəcək “Sasna Tsrer” Partiyasının yaradılması barədə qərar qəbul olunub. Bununla bağlı “Sasna Tsrer” qrupunun üzvü Varuzhan Avetisyan jurnalistlərə məlumat verib. Onun sözlərinə görə, yeni partiya “Qurucu Parlament” və “Sasna Tsrer” qrupu əsasında təsis ediləcək. V.Avetisyan tezliklə partiyanın proqramı, qeydiyyatı və digər məsələlərini həll etmək üçün təşəbbüs qrupunun yaradılacağını da açıqlayıb.

Görünür, yeni partiya “Sasna Tsrer”in hərbi və siyasi qruplaşması ilə əlaqədardır, siyasi təşkilat konstruktiv fəaliyyətlər həyata keçirəcək. Bu isə o deməkdir ki, “Sasna Tsrer” hərbi qruplaşması fəaliyyətini donduracaq.  Böyük ehtimalla Sasna Tsrer Partiyasının dəstəyi Paşinyandan yana olacaq. Belə ki, Jirayr Sefilyan yeni yaradılmış partiyanın Paşinyan hökumətinin yanında dayanacağını bildirib. Bu o deməkdir ki, “Sasna Tsrer” Partiyasının yaradılmasında məqsəd konstitusiya dəyişikliklərinin həyata keçirilməsinə və seçkilərdə Nikol Paşinyanın qalib gəlməsinə şərait yaratmaqdır.

Bu hadisələrin fonunda Ermənistan Respublikaçılar Partiyasınını keçmiş üzvü Xaçik Asryanın təşəbbüsü ilə “Erməni qartalları Birləşmiş Ermənistan Partiyası” yaradılıb və Dövlət Reyestr Agentliyində qeydiyyata alınıb. Hətta bu yeni partiyanın da Nikol Paşinyan hökumətinin yanında duracağı ehtimal olunur. Yaxın zamanlarda partiya öz proqramını açıqlamaqla bərabər, Paşinyan hökumətinə də dəstək verəcəyini elan edəcək.

Analitik-icmalçı Ehtiram Aşırlı