Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın beynəlxalq hüquq normaları çərçivəsində təsbit olunmuş, hazırda işğal altında olan tarixi ərazilərinə qeyri-qanuni səyahət edərək, orada ölkəmizin ərazi bütövlüyünü təhdid edən saxta bəyanatlar verməsi Azərbaycan ictimaiyyətinin ən müxtəlif təbəqələrinin nümayəndələrinin dərin hiddət və qəzəbinə səbəb olmuşdur. Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri, politoloq Azər Verdiyev işğalçı ölkənin hökumət başçısının bu təhrikçi, avantürist fikir və hərəkətlərinə münasibət bildirərkən demişdir: 
– Hesab edirəm ki, Ermənistanın baş nazirinin Qarabağ münaqişəsinin yenidən alovlanmasına hesablanan addımı, əslində gözlənilən idi. Belə ki, regionda siyasi, iqtisadi, mədəni cəhətdən təcrid olunmuş, əhalisi səfil halına düşmüş Ermənistanın küçə və meydanlarında kütləni saxta, yalançı vədlərlə aldadaraq, hakimiyyətə gəlmiş Paşinyan öz ölkəsində, eləcə də bütün sivil dünyada yalançı, səriştəsiz rəhbər kimi tanınmağa başlanıb. Hər kəsə  bəllidir ki, qonşu ölkə vətəndaşlarının yeni baş nazirə etimad limiti çoxdan tükənib.
Bəli, bu gün Ermənistanda Paşinyanın məntiq və reallıqdan uzaq olan “plan” və “təşəbbüs”ləri gülünc səslənir. Onlar çoxdan iztehza hədəfinə çevrilib. Daha dəqiq desək, Paşinyanın avantürist bəyanatları siyasi blefdən başqa bir şey deyil. Reallıq budur ki, o, hakimiyyəti itirmək təhlükəsi ilə üzləşib və bu təhlükədən qurtulmaq üçün ən məsuliyyətsiz hərəkətlərə belə yol verir.
Paşinyan unudur ki, 2016-cı ildə Aprel döyüşləri zamanı Ermənistan ordusu və dövləti olduqca miskin bir vəziyyətə düşmüşdü. Heç kəsdə şübhə yoxdur ki, Azərbaycanın igid əsgər və zabitləri ən yaxın gələcəkdə işğalçıları tarixi torpaqlarımızdan qovacaqlar.
Bir məqamı da vurğulamaq lazımdır. Ermənistan rəhbərinin Xankəndidə “Qarabağ Ermənistanındır” və başqa bu kimi saxta sözləri rəsmi İrəvanın danışıqlar prosesində riyakar mövqe tutmasını nümayiş etdirir. Dünya birliyi bunu nəzərə almalıdır. Reallıq budur ki, Ermənistan iqtidarı danışıqlarda təxribatçı və destruktiv yol tutmaqda davam edir.

 

Söhbəti qələmə aldı:
M.HACIXANLI, “Xalq qəzeti”