İrəvandakı “Nairit” zavodunun keçmiş və indiki işçiləri Ermənistan baş nazirinin iqamətgahı önündə etirazlara başlayıb.

Bakıxəbər.az xəbər verir ki, etirazçılar zavodun yenidən işə salınmasını və ötən 4 aydan qalan maaşlarının ödənilməsini tələb edir.

“Biz istəyirik ki, hökumət ağır vəziyyətdən xəbərdar olsun”, – zavodun keçmiş direktoru Karen İsraelyan deyib.

Aksiya iştirakçıları bildirib ki, yanvarın 1-də əmək müqavilələrinin vaxtı bitsə də, işdən qovulmaq barədə əmr yoxdur. Onlar bu müddət ərzində işləyib, “Nairit”in təhlükəsizliyini təmin ediblər. Amma 4 ayda bir dəfə də maaş almayıblar.

Baş nazirin nümayəndələri 3 nəfər aksiya iştirakçısını hökumət iqamətgahına dəvət edib. Onları kimin qəbul edəcəyi ilə bağlı məlumat verilmir.

Qeyd edək ki, buna parallel olaraq İrəvanda daha geniş kütləvi aksiya keçirilir. Yolları bloklayan, meriya binasına girən aksiyaçılar merin istefasını, hazırda məhkəməsi gedən Sasna Çrer silahlı qruplaşması üzvlərinin azad olunmasını tələb edirlər.