?

Azərbaycan Milli Demokrat Partiyasının (AzMDP) sədri Tufan Kərim COVİD-19 koronavirus infeksiyasının ölkəmizdə yayılmasının sürətlənməsi ilə bağlı mövqeyini açıqlayıb.

Partiya lideri bildirib: “Son günlər yeni koronavirus infeksiyasına yoluxan soydaşlarımızın sayında artım qeyd edilməkdədir. Bu narahatedici hal hər bir soydaşımızı düşündürür və hər bir vətənpərvərdən hökumətin gördüyü tədbirləri dəstəkləməyi tələb edir. Dünyanı ağuşuna almış bu yoluxucu xəstəliyin hələ ki, çarəsi tapılmayıb, bu isə, durumun ciddiliyini bir daha vurğulamaqdadır.  

Bir neçə həftə öncə xəstəliyin göstəricilərində ümidverici işartının yaranması sərt karantin rejiminin yumşaldılması kimi düzgün addımın atılmasını tələb etdi. Dövlət strukturları öz imkanlarından maksimum istifadə edərək xəstəliyin fəsadlarını minimuma endirdi. Amma, eyni zamanda, sərt karantin rejimi bütün ölkələrdə olduğu kimi dövlətimizdə də iqtisadiyyatın inkişafına qaçılmaz səbəblərdən maneələr törətməkdə idi. Xalqın rifahını və iqtisadi durumunu nəzərə alan hökumət sərt karantin rejiminin şərtlərini yumuşaldandan sonra xəstəliyin yayılması, artıq vətəndaşlarımızın öz şəxsi sağlamlıqlarının qorunması tədbirlərinə riayət etməsindən asılı oldu.

Respublikamızda dezinfeksiya və qoruyucu vasitələrinin, o cümlədən, tibb maskalarının yetərli ehtiyatı yaradılıb. Bunun üçün Azərbaycanda qısa bir zamanda tibbi maska istehsal edən müəssisənin açılmasını, koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün son model tibbi avadanlıqlarla təchiz edilmiş müəssisələrin yaradılmasını göstərmək olar. Hətta Dövlət Başçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Tərtər rayonuna rəsmi səfəri zamanı Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən şəxsən tibbi maska taxaraq hər bir vətəndaşımıza nümunəvi davranış nümayiş etdirib.

Təəssüflər olsun ki, karantin rejimi qaydalarının yumşaldılmasından sonra bəzi vətəndaşlarımız  şəxsi və ictimai sağlamlığın qorunması qaydalarına əməl edilməsində (ictimai yerdə və qapalı məkanlarda tibbi maskanın taxılmaması, ictimai nəqliyyatda sosial məsafənin qorunmaması və s.) səhlənkarlığa yol verdilər. Nəticədə, COVİD-19 infeksiyası yenidən yüksələn xətlə artmağa başladı.

Artan təhlükənin qarşısını almaq üçün hökumətimiz karantin rejiminin bəzi qaydalarının sərtləşdirilməsinə məcbur oldu. Zərurətdən irəli gələrək həftə içi iş saatının qısaldılması, həftə sonu günlərdə ictimai və şəxsi nəqliyyatdan istifadə edilməməsi, evdə izolə rejimi kimi qaydaların tətbiqini anlaşılan və yeganə düzgün addım hesab edirik.   

Hər bir soydaşımız dərk etməlidir ki, bu infeksiya ilə üzləşmiş əksər dünya ölkələri və xalqlarından fərqli olaraq Dövlətimiz və Millətimiz gerçək və potensial düşmən əhatəsindədir. Unutmayaq ki, çox da uzaqda olmayan keçmişdə məkrli düşmənlərimiz hətta öz ərazilərindəki təbii fəlakətdən, yəni, əzəli torpaqlarımızdan biri olan Gümrü bölgəsində 1988-ci il zəlzələsindən sui-istifadə edib, qədim Azərbaycan torpaqları olan İrəvan və ətraf  bölgələrdə azərbaycanlılara qarşı etnik təmizləməni gerçəkləşdirdilər, hal-hazırda işğal altında olan Qarabağımızda terrorçu fəaliyyətlərini genişləndirdilər.

Çağdaş zamanda yağı düşmən ölkəmiz daxilində müxtəlif köklü sosial və ya təbii fəlakətin, o cümlədən də yoluxucu xəstəliyin fəsadlarının kəskinləşməsindən yeni işğallar və xalqımıza qarşı yeni soyqırım aktlarını gerçəkləşdirmək üçün fürsət gözləməkdədir. Bu yerdə qeyd etməliyik ki, Vətənimizin müdafiəsində durmuş və işğalçılardan torpaqlarımızı azad etmək əzmində olan Milli Ordumuzun istənilən səbəbdən, o cümlədən də, mülki cəmiyyətdə vüsət alan yoluxucu xəstəlikdən zəifləməsi — Millətimizin və Dövlətimizin düşmənlərinin hər an həsrətlərində olduğu mənfur arzusudur.

Beləliklə, millətpərvərlik əsas qayəsi olan bir partiya kimi hər bir soydaşımızı Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə riayətə, sanitar-higiyenik qaydalara əməl etməyə, dövlətimizin əlaqədar qurumlarının koronavirusla mübarizə çərçivəsində gördüyü tədbirləri dəstəkləməyə çağırırıq. Çünki, bu tələblərə əməl etməkdən nəinki təkcə hər birimizin həyatı, əzizlərimizin   sağlamlığı, həmçinin, düşmən əhatəsində olan Millətimizin və Dövlətimizin taleyi asılıdır!

AzMDP bildirir ki, yalnız Dövlət Başçımız İlham Əliyevin ətrafında Xalqımızın birliyi Dövlətimizin qarşılaşdığı bu çətinliyin də öhdəsindən gəlməyə imkan yaratmaqdadır”.