Respublikanın daxili işlər orqanları ötən gün 122 cinayət faktı qeydə alıb. Onların 27-si “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə 13 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarılan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşib.

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.