Azərbaycanla Qara dəniz ölkələri arasında kiçik və orta biznes (KOB) sahəsində işgüzar əməkdaşlıq üçün böyük potensial var.

Trend-in məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə heyətinin sədri Orxan Məmmədov deyib.

O bildirib ki, bunun reallaşdırılması üçün Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvləri səy göstərməli, eləcə də KOB-un inkişafına yardım etməlidir.

O.Məmmədov əlavə edib ki, KOB-un dayanıqlı inkişafı Azərbaycanın iqtisadi siyasətinin prioritetidir və bu sahədə uğurlu islahatlar həyata keçirilir:

“Agentliyimizin yaradılmasından çox vaxt keçməsə də, biz çoxlu iqtisadi təşəbbüslər reallaşdırırıq. İlk növbədə, biz KOB evlərini yaradırıq, burada operativ olaraq G2B və B2B üzrə xidmətlər keçiriləcək. Bundan başqa, biz KOB inkişafı üzrə Mərkəzin yaradılması üzərində işləyirik. Bu mərkəzlərdən bəziləri İmişli, Masallı və Biləsuvarda açılıb”.

Onun sözlərinə görə, ilk gündən etibarən sahibkarlar mərkəzlərin işinə böyük maraq göstərib.