Bu gün “Yeni klinika” tibb müəssisəsindəki vəziyyətlə tanış oluq.

“Yeni Gündəm” xəbər verir ki, koronaviruslu ağır xəstələr bu tibb müəssisələrdə həyatla ölüm arasında savaşır.

Bir udum nəfəs üçün mübarizə aparırlar. Lakin xəstəlikdən əziyyət çəkənləri deyil, şəfa tapanları, bu mübarizədən qalib ayrılanları təqdim edəcəyik. Xəstəxanaya xüsusi geyim geyinərək daxil olduq. Xəstəxanada olduğumuz üçün çox həyəcanlı idik. Amma koronavirusa qalib gəlib bu bəladan xilas olan insanları görəcəyimizin sevinci də vardı üzərimizdə. Onlar da sevincli idilər. Həm xəstəlikdən can qurtarmışdılar, həm də günlərdir görmədikləri yaxınlarını, doğmalarını görəcəkdilər.

Virusdan əziyyət çəkən Rüfət Maçanov özündə kəskin ürək döyüntüləri, yüksək hərarət, halsızlıq simptomları hiss etdikdən sonra müayinə olunmaq üçün xəstəxanaya müraciət edib. Məlum olub ki, ağciyərində buzlu şüşə var. Koronavirusdan sağalan
Rüfət Maçanov xəstəliyə yoluxmadan öncə bütün qaydalara riayət etdiyini deyir. Virusa harada və necə yoluxduğundan isə xəbərsizdir.

Digər müsahibimiz Mübariz Həmzəliyevin isə 74 yaşı var. O da ilk növbədə həkimlərin səyi, sonra isə özünün güclü iradəsi və inamı nəticəsində dəhşətli virusa qalib gəlməyi bacarıb. Deyir, qaydaları riayət etməyənləri ciddi şəkildə cəzalandırmaq lazımdır.

Həkim-infeksionist Firdovsi Məmmədov əlavə etdi ki, xəstəxanaya daxil olan xəstələrin əksəriyyəti 35-40 yaşdan yuxarı olan xəstələrdir. Hər bir xəstədə simptomlar özünü fərqli şəkildə göstərir.

Qeyd edək ki, 2 saata yaxın çəkiliş apardığımız müddətdə xüsusi geyimdə olduq. Bu geyimdə olmağın nə qədər çətin və dözülməz olduğunu bir daha anladıq. Koronaviruslu xəstələrin müalicəsində iştirak edən fədakar həkimlər 8 saatdan da artıq bir müddətdə bu geyimdə olub, xəstələrinə yeni nəfəs vermək üçün çalışırlar.

Space Tv-nin “Xəbərlər” proqramında yayımlanan sujetini təqdim edirik.

Yenigündəm.az